Filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiqin ideyası və təşəbbüsü ilə Hədəf Nəşrlərinin təsis etdiyi, “Kitabevim.az” saytının və Dövlət Gənc Tamaşaçılar Teatrının təşkilatçılığı ilə keçirilən “Anamın kitabı” pyes müsabiqəsinə yekun vurulub.

Layihənin rəhbəri, yazıçı Müşfiq Xanın bildirdiyinə görə, milli ədəbiyyatın və teatrın inkişafına dəstək məqsədilə təsis olunan müsabiqəyə fevral ayında start verilib.
Müsabiqəyə 50-dən çox pyes qəbul olunub. İyulun 1-dən 20-dək münsiflər heyəti əsərləri qiymətləndirib, həmçinin onlayn səsvermə keçirilib. Onlayn səsvermənin nəticəsi münsiflərin qərarına təsir etməyib. Onlayn səsvermə əsasında Zöhrə İsmayılova (“Tükənməz sərvət” pyesi) birinci yeri qazanaraq “Anamın kitabı” ədəbi mükafatının diplomuna layiq görülüb.
AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin sədrliyi ilə münsiflər heyəti isə birinci yeri Sevinc El Sevərə (“Ürəyində arzu tut” pyesi) verib. 2-ci yeri Şəbnəm Xeyrulla (“Qırmızıpapağa yalan danışmaq olmaz”), 3-cü yeri Qanun Ümman Qahablı (“Adaxlı”), 4-cü yeri Günel Kərimli (“İşıq pulu”) tutub. Münsiflərin qərarı ilə yazıçı-dramaturq Elçin Hüseynbəyli gənclərə dəstək məqsədilə müsabiqəyə təqdim etdiyi “Sezar” əsərinə görə "Anamın kitabı" fəxri mükafatına layiq görülüb.
Mükafatlandırma mərasimi sentyabr ayında keçiriləcək, ilk dörd yerin sahibinə pul mükafatları veriləcək. Müsabiqənin birincisi olan Sevinc El Sevərin “Ürəyində arzu tut” pyesi Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə tamaşaya qoyulacaq. Onluğa düşən əsərlər toplu şəklində nəşr ediləcək.