Deməli, hamılıqca: “sözü sözlər, səsi səslər içində seçilən Fikrət Qoca...”

Fikir-zikrətən dərin, bədii çəki-vəzncə uca Fikrət Qoca. Tanrının “səs tribun”luğundan aldığını söz “urra”larına, məna qıyyalarına əta etdiyi “əsatir” bəndə. Cavanlığından bəri “təqib” edildiyi təxəllüs ismi, sadədən-sadə bəni-insan cismi, ayrıca bir dünya qapsamlı qafası çevrəsində baş verənlərə üzdə sakit-samitcə, içdə isə barıt-dinamitcə baxan vətandaş...

Elə cavanlığından “Sən dönsən də, mən dönmərəm, Günəş sönər, mən sönmərəm” deyib, “Döydü yağış məni, döydü qar məni, Minsəm qarışqanı - aparar məni” demiş klassiklər sırasına qoşulmuş poetik aşiq. “Güzgünü neyləyirsən, ay gözəl, Üzümdə gör özünü, ay gözəl” kimi kəlam-portretlər yaradıb, “Və gər güzgudən umdum sidq, - əks-müddəa gördüm” kimi hikmətlər sarayı yaratmış ustadlar Ustadımıza şəyirdlik şərəfində buluna-buluna özünə ayrıca poeziya odası yapmış şair...
O, elə gəncliyindən bu dünyaya qoca-qoca baxıb, xoca-xoca davranıb. Yaradıcı “yavru”larçün yeganə “donor” olan qonorarı şahı-şahı qazanıb, xanı-xanı dolanıb. Başını aşağı - təvazölüyə, könül baxışını göylərə - vahid Ucaya tuta-tuta namuslu bir ömür butalayıb. Adı - özgür düşüncələrinə görə - rəsmi kağızlara az düşsə də, sözü xəlqi dil-ağızdan düşməyib. Həyat-söhbət ləngərində ağır-batman azmanlara arba, tuti poeziyanı basmaqəlib tutuquşuluğa döndərənlərin səngərində bomba, fizikən “təpə”cə, lirikən dağca Fikrət Qoca olub...
...Bu “gəlimli-gedimli, son ucu ölümlü dünya”da aylar-illər, sellər-sular kimi - insanların da əvvəli-axırı, mənbə-mənsəbi olur. Görək, ömrü daha da uzun olmuş bu şairin mənbəyində -

Nə var(mış), nə yox(muş)...

Bu Vətən təbiətli şairin doğulduğu rayonun tər-təbiəti oçerkistlərin, sentimental publisistlərin “təbiət şairliyin ilkin rəhnidir” kimi “tarixi-müqəddəm” qənimətlərini məşhur və məlum “şair sözü, əlbəttə, yalandır” deyiminə çəkir.
Bu şairin şəcərə, doğum-toponim kompleksinin təbii koloriti isə başqa məsələ! Onunla bağlı adlardan doğal bir ab-hava, folklor ilğımı dalğalanır: babası Qoca, atası Göyüş, özü Fikrət, bölgəsi Şirvan, rayonu Ağdaş, kəndi Kotanarx. Anadan olanda isə (1935) repressiya “qardaş”ının Stalin atadan “doğulmasına” iki il qalırmış. Onların da ev-eşiyinə (bütün SSRİ evlərinə, həyətlərinə, könüllərinə, qırım-durumlarına olduğu kimi) oyuncaqlar əvəzinə, löyün-löyün oyunlar ayaq açırmış. Anasının laylalarından bir əməlli doymamış, atasının qoyun-quzusunu haylayırmış. Nənəsi ona noğul əvəzinə nağıl yedirirmiş. Məktəbdə ona sırınan siyasi “baba” haqda dil-dil ötdüyünə görə evdəki babasının ağız büzməsindən gah küsüb-inciyər, gah da süsəncə-sünbülcə gülümsünərmiş. Könlündən, hələ qələmə gəlməyən “bu atəşlər nə vaxtacan “toy” çalacaq, bir gün səni oynatmağa bığ-saqqal mane olacaq, oyuncaq!” kimi misralar keçirmiş. Ürəyində “Güllələr demədi qayıdın geri, hələ uşaqsınız - nə yaşınız var?!” ladında düşünən hələ “naməlum” yaşıdları ilə rastlaşıb dostlaşmaq arzusu alovlanarmış.
Hamıdan seçilmək istəsə də, hələ yalnız qonşu uşaqlardan fərqlənən Fikrət doğulduğu evdə, bir az quru, çox yeri yalın kənd-kəsəkdə, təbsiz təbiət qoynunda ayrıca bir canlı təbiət, cəmiyyət hadisəsi kimi göyərib-gəlişirmiş. O çağlaracan yığıb-yığışdırdığı qəlb yükünü boşaltmağa - yəni, yazıb-yaratmağa isə çox az qalırmış. Canında-qanında “olan”lıqdan çox “olabilən”lik olan ədəbiyyat elementlərinə susayan qələmi o günə qədər başqalarının qələminə boy verməmiş bədii olayları üzə çıxarmağa can atırmış. Dördəm həvəsli bu köhlən qələmin çapışı üçünsə bölgə meydanı dar, suvarışı üçünsə irili-xırdalı arxlar yetərli deyilmiş. Ağdaşdan daşlanmaq, Kotanarxdan üzüyuxarı axarlanmaq gərəkmiş. Təsəvvüründəki dəryada onu seçkin bir şairlik baxtı, poeziyamızın ayrıca pay taxtı gözləyirmiş.
Və beləliklə, yuxarıdakı mənbədən -

Mənsəbə...

Bakı onun gəlişinə bənd imiş. Bu “yek şəhər” milyonlardan biri olan bu ismi əlbəəl beş-onlara məxsus bir imzaya çevirir. İyirmi bir yaşı tamam olmamış şeirləri dillərə düşür. Professional tənqidçilərdən bir qədər sonra sadə oxucular, hətta “təzə nırx” əleyhdarı olan qatı konservatorlar da hiss edirlər ki, Fikrət Qoca imzası “köhnə yazar-bazara təzə dux” gətirməkdədir. Oxuyub-eşidirlər ki, bu təzə şair, məsələn, “Aşıq eldən yuxarı” kimi kəlmələrdən sonra qafiyə (və siyasiyyə) xatirinə “dizi beldən yuxarı” yox, tutalım, “sözü güldən yuxarı” deyir. Görürlər ki, o, nəinki fikir-zikri, hətta hər sözü belə filoloji rentgendən keçirib, “epiqriz”anə epitetləşdirir. Fəhm-zəhmlənirlər ki, başdan-başa novator Rəsul Rza təptəzə nəfəsli bu yeni şairə havayıdan “Uğurlu yol” yazmayıb. Hansı ki həmin “uğur”u yazan - “Aydındır şeirin dili; istəyirsən sevincdən, istəyirsən qəmdən yaz. O qədər aydındır ki bu dil, - nadan yüz il oxusa, yenə bir şey anlamaz!” kimi şedevrlər müəllifi idi. Heç - haqqında yazılan bu capcavan Qoca özü də “boyuna görə” deyilmiş - hələ o vaxtlar “İçində mətləb olmayanda Adam özü görünmür” kimi fəlsəfələr deyirmiş...
Nəhayət, o müasir oxucular, alagöz-qaragöz qarelər görürlər ki, bu yepyeni şair köhnə, ya təzə mövzulara yanaşma məsələsində nimdaşlıqdan, şablon metaforaçılıqdan marafon qaçışı ilə qaçır:

Elə bil, heç kəsin
Öz sözü-söhbəti yoxdu,
Sifəti yoxdu.
Şəffaf şüşə qab kimidi -
Arxası-üzü bilinmir.
Bu adamlara nə olub belə,
Çoxunun rəngi qaçıb.
Hansı heyrətdən
Ağızlar açıq qalıb?..


Məşhur, gurultulu “qurultaydan-qurultaya” dövrlərində, “Anjela Devisə azadlıq!” etaplarında Fikrətin də sovet ladına düşdüyü, yadgetmə-ladtutma misraları az olmayıb. Amma o heç vaxt adi yazmayıb, babalı öz boynuna düşəsi mövzulara, fikir-zikrə əl verməyən kəlmələrə qol qoymayıb. Onun misraları daim yoxuşa, dağ-qaya yüksəkliyinə dırmandığından, hamısı poetik tər qoxuyur. O, heç vaxt oxucunun bir oturuma qəbul edə biləcəyi fikir “istehsal”ı ilə məşğul olmayıb; onların sabah-birisigününə, hətta “lap yekələndə”liklərinə belə sətiraltı, mənaüstü “ehtiyat”lar görüb.
Fikrətin fikirləri nə qədər “mürəkkəb” olsa da, mayası sadəlikdən, rahətlukum “omac-umac”lıqdan yoğrulan nəğmələrə, mahnılara tamamilə əlverəndir. Hələ bunu demirəm ki, onun bəzi sözləri bir mahnıda az qala yüzbir “mahna” verir. Bəzi mübaliğələrindən baş gicəllənsə də, könüllər dalğa-dalğa cücərlənir, saytal-saytal hisslər uşaq-uşaq dəcəllənir. Təxəllüsü ilə özünü çox tez qocaltmış şair o mahnıların biri ilə - “Dostum evlənir”lə əlli ildən çoxdur gənclərə elçilik edir. Bu mahnı hər dəfə efir-ekranda səsləndikcə, ata-analar qayğılanır. Özlərini müqəyyəd hədəf hesab edən qızlar uyğu-duyğulanır. Əsərin baş qəhrəmanı olan cavan-comrullar isə öz umu-yumulu gözlərilə xəyal tutur, Ruhəngiz xanım Qasımovanın şıdırğı taktları üstündə xitablanan: “Ay ana, ay ana, dostum evlənir, Qonşudan, qonşudan bir çiçək dərir!” ərz-ərizəsi altına imza atırlar...
...Və bütün bu lirik, poetik, romantik ovqatların canlı bulağı kimi qaynayan şair hərdən bizi oyanışa da səsləyir: “Dünyanın harasındasa, ağında-qarasındasa - Yata bilməyirsə bir körpə aclıqdan, Mən necə həzz alım toxluqdan?!” Hərdən bizi kütləvi dayanışa çağırır: “Yol verin, hamilə qadın gəlir...” Hərdən də, yolunu caydıranlara Dədə kimi üz tutub, Qorqudanə aydırır:

Gəlin, bölünməyək doğmaya, yada, -
Hamı - bir ağacın yarpağıyıq biz.
Axı hər birimiz başdan-ayağa
Doğma Azərbaycan torpağıyıq biz.


Hə, bu qədər, əziz həmişəcavan Qoca şair! “Və sair” artımlı çox söz yazmaq, çox fikir söyləmək marağım və imkanım olsa da, hələlik bu qədər...

Tahir Abbaslı