Zeynal Xəlil - 100


XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri də sevilən şair, dramaturq, Əməkdar incəsənət xadimi Zeynal Xəlildir. Tanrının qismət payı - 59 illik ömrünə o qədər nəğmə dolu misralar yazılıb ki, şairi həm də nəğməli dillərdə axtarmalı oluruq...

Zeynal Rza oğlu Xəlil 1914-cü ildə Gəncədə anadan olub. Yeddi yaşında ikən atasını itirib, qardaşlarının himayəsində böyüyüb. Gəncədəki yeddiillik məktəbi bitirdikdən sonra, pedaqoji fəhlə fakültəsində, daha sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Şair öz xatirələrində yazır: “Atam papaqçı idi. Varı-yoxu bir qəlib idi, bir də iynə. Atamız bizi öz halal zəhmətinin hesabına böyüdürdü”.
Gəncədə doğulsa da, şairin həyatındakı uğurları Bakı ilə bağlıdır. Paytaxtda onu bir-birindən fərqli, məsuliyyətli vəzifələr gözləyirdi. Özünə və işinə qarşı tələbkarlığı, prinsipiallığı gənc yaşlarından onun üçün yeni-yeni üfüqlər açırdı. 1938-1939-cu illərdə İncəsənət Muzeyinin direktoru, 1939-1945-ci illərdə Azərbaycan Yazıçılar Birliyi rəyasət heyətinin məsul katibi, Dövlət Filarmoniyasının direktoru (1945-1948), 1947-1950-ci illərdə isə Azərbaycanın xarici ölkələrlə mədəni əlaqələr cəmiyyətində sədr müavini vəzifələrində çalışmışdı.
Ancaq bu məsul vəzifələr, gərgin iş qrafikləri onu bədii yaradıcılıqdan uzaq sala bilməmişdi. Əksinə, ədəbi aləmdə öz mövqeyi, öz sözü ilə seçilən qələm sahibi kimi tanınırdı. Şairin lirik və dramatik qəhrəmanları da cəmiyyət həyatının müxtəlif problemlərinin carçısı missiyasını təcəssüm etdirirdi.
Sözə, sənətə həvəs tələbəlik illərindən özünü büruzə verməyə başlamışdı. İlk şeirləri “Gənc işçi”, “Ədəbiyyat” və “Hücum” jurnallarında dərc edilir. “İstək” adlı ilk şeirlər kitabı isə 1936-cı ildə işıq üzü görür. Bu kitab onun yaradıcılıq yolunda sanki bir mayak olur. Kitab haqqında neçə-neçə resenziyalar yazılır. İlk uğuru alqışlanır, ədəbiyyata öz nəfəsi, öz sözü olan bir gəncin gəldiyi qeyd edilir. Şairin 1936-cı ildə “Tarac” adlı daha bir kitabı çap olunur. Sonra kitablar bir-birini əvəz edir - “Poemalar”, “Qılınc”...
1941-ci ildə müəllifin “Uşaqgəncnəşr”də “Qatır Məmməd” mənzum dramı çapdan çıxır. Əsər Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində oynanılır. Pyes haqqında tənqidi fikirlər söylənilir. Bütün bunlara baxmayaraq, səhnə həyatı uğurlu olur. Müəllifin ölümündən sonra, 1974-cü ildə isə əsərin motivləri əsasında bədii film çəkilir. Film uzun illər ekranların bəzəyinə çevrilir.
Zeynal Xəlilin yaradıcılığı tarixi keçmişimizdən müəllifin yaşadığı dövrədək bir çox mövzuları özündə əks etdirir. Şair qəlbinin döyüntülərini, yaşadığı hisləri misralara köçürür, cəmiyyətə münasibətini ifadə edir. Onun poeziyası dövrünün səsidir. O həm müasirlərindən öyrənir, həm də klassik Azərbaycan və rus poeziyasından bəhrələnərək yaradıcılıq axtarışlarını zənginləşdirirdi.
Nikbin ruhlu şairin şeirləri geniş oxucu rəğbəti qazanır. Onun Böyük Vətən müharibəsi mövzusunda əsərləri arasında azərbaycanlılardan ibarət 416-cı Taqanroq diviziyasının döyüş yoluna, göstərdiyi şücaətlərə həsr etdiyi şeiri isə dillər əzbərinə çevrilir:

Qızlar məktub göndərdi, nəğmə qoşdu bəstəkar,
Zülfü segah oxudu, Qurban kişi çaldı tar.
Dastanlara sığmadı sizdəki mərdlik, vüqar,
Dedi: - Dörd yüz on altı!


Şairin ictimai-siyasi motivli şeirlərində belə istilik, ürəyəyatımlılıq və lirik ovqat aparıcı yer tutur. Tərənnüm obyektləri kimi, istifadə etdiyi poetik vasitələr də rəngarəngdir. Buna görə də qələmə aldığı əsərlər oxucuların qəlbinə rahatlıqla yol tapa bilir.

Nəğməli sətirlər

Zeynal Xəlilin qələmi insan gözəlliyinə, təbiətə biganə deyil. O səbəbdən də şairin lirikası dildən-dilə düşür, bəstəkarların sevimli bəstələrinə çevrilir. Çünki şair vətənin taleyindən yazanda da, təbiəti vəsf edəndə də insan və gözəllik, səmimiyyət və humanizm onun misralarının əsas koloritini təşkil edir. Şairin poeziyasında məhəbbət motivi güclü təsir bağışlayır. Zeynal Xəlil məhəbbəti bölünməzdir, o hər bir şeirində öz sevgisindən söz açır, məhəbbətə olan sonsuz hörmətini bəyan edir.

Fikrimdə aylı, ulduzlu asiman var bu gecə,
Könlümdə körpə quzu tək bir ümman var bu gecə.
Bircə sən yoxsan, əzizim, bilir aləm bu gecə,
De, neçün olmadın, ey yar, mənə həmdəm bu gecə?


Şairin məhəbbət şeirləri məzmun dolğunluğu, üslub əlvanlığı ilə insanı çəkib ülvi bir dünyaya aparır. Nəğməli misralar göyərçin qanadlıdır. Bəzən güclü bədii ifadə vasitələrinin olmadığı misraların yaratdığı dərin güclü hislər və duyğular oxucunu ovsunlaya bilir. Bu səbəbdən də şairin şeirləri bəstəkarların qəlbinin ahəngində ecazkar bir melodiyaya çevrilir. Bu şeirlərin hər biri həzin nəğmə, ürəyəyatan musiqi çələngi, sevən şair qəlbinin ritmləridir. Zeynal Xəlilin nəğmə dolu misralarında Azərbaycanın məğrur səsi, Gəncə çinarlarının xışıltısı, zərif qadın ürəyi və saf məhəbbət var.
“...Lakin dostlar, mənim də yetişəcək zamanım, dayanacaq karvanım”, - deyən şair 59 il ömür yaşadı. 1973-cü ilin avqust ayında şairin karvanı bu dünyadan köç etdi.
Bu il şairin anadan olmasının 100 ili tamam olur. Zeynal Xəlil ədəbiyyatımızın görkəmli simalarından biri kimi xatırlanır. O təkcə misralarda deyil, həm də nəğmələrdə yaşamaq haqqına sahib oldu. Sözlərinə bəstələnmiş mahnılar bu gün də sevilərək dinlənilir, nəsildən-nəslə ötürülür. Bu cəhətdən heç vaxt dillərdən düşməyən, musiqisi Emin Sabitoğluna məxsus “Kimlər gəldi, kimlər getdi”, “Bu gecə” mahnıları, “Ay işığında” (Qənbər Hüseynli) və s. nəğmələr yaşadıqca, dinlənildikcə Zeynal Xəlil ruhu da yaşayır.

Ədibin irsi tədqiqatlarda

Zeynal Xəlilin bədii yaradıcılığı, yazdığı elmi məqalələri, vaxtilə dərc edilən kitabları haqqında yüzlərlə məqalələr, resenziyalar yazılıb. Müasir dövrümüzdə isə şairin yaradıcılığına ilk olaraq nəzər yetirən ədəbiyyatşünas Sona Xəyal olmuşdur. O, şairin yaradıcılığını araşdıraraq “Zeynal Xəlil” adlı kitabı ərsəyə gətirib. 2010-cu ildə işıq üzü görən monoqrafiya arxiv materiallarına əsaslanan ciddi tədqiqat əsəridir. Sona Xəyal monoqrafiyanın ərsəyə gəlməsini Tanrının qisməti adlandırır. Azərbaycan Yazıçılar Birliyinin “İrs” komissiyasının sədri olan Sona xanım bildirir ki, monoqrafiyanı hazırlayarkən onun kitabları haqqında çoxlu məqalələrin yazıldığının şahidi olub: “Kitabı hazırlayarkən şair haqqında elmi əsər yazmaq fikrində deyildim. Amma kitabda şairin yaradıcılığına bütöv nəzər salmağı qarşıma məqsəd qoymuşdum. Əgər bu kitabla Zeynal Xəlilin ömrünü və yaradıcılığını, az da olsa, işıqlandıra bilmişəmsə buna şadam”.

L.Azəri