Azərbaycan Yazıçılar Birliyində (AYB) böyük türk şairi Fazil Hüsnü Dağlarcanın 100 illik yubileyi ilə əlaqədar mərasim keçirilib. AYB-nin sədri, Xalq yazıçısı Anar şairlə bağlı xatirələrindən, görüşlərindən söz açıb: “Dünyanın böyük şairlərindən biri, türk ədəbiyyatında çox böyük, önəmli yer tutan Fazil Hüsnü Dağlarca ilə tanışlığımdan qürur duyuram. Onun xatirəsi bizim üçün həmişə əzizdir”.
“Fazil Hüsnü Dağlarca - Dahinin tənhalığı” kitabının müəllifi Tofik Məlikli isə şairin müasir Türkiyənin ədəbi dilinin formalaşmasındakı rolundan danışıb.
Millət vəkili Qənirə Paşayeva şairin 100 illik yubileyinin keçirilməsinə görə Yazıçılar Birliyinə təşəkkür edib: “Dağlarca şair kimi böyüklüyü ilə bərabər, həm də bir aydın, ziyalı, dünya poeziyasına xidmət etmiş bir şəxsiyyətdir”.
Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi Abdullah Tüylü, səfirliyin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, yazıçı-dramaturq Aqşin Babayev, şair Abbas Abdulla, tənqidçi Bəsti Əlibəyli və başqaları şair haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər. Şair Səlim Babullaoğlu Fazil Hüsnü Dağlarcanın “Sonsuz Mustafa Kamal” şeirini oxuyub.