Habil Əliyevin qəbirüstü abidəsinin açılış mərasimi keçirildi
Mayın 27-də Fəxri xiyabanda görkəmli kamança ifaçısı, Xalq artisti Habil Əliyevin qəbirüstü abidəsinin açılış mərasimi keçirildi. Mərasimdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri, sənətkarın ailə üzvləri iştirak edirdi.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxış edərək Habil Əliyevlə bağlı xatirələrini bölüşdü. Sənətkarın əlamətdar bir gündə - mayın 28-də anadan olduğunu və ömrü boyu ölkəmizin istiqlal dəyərlərinə xidmət etdiyini vurğuladı: “Habil Əliyev 60 ildən artıq bir müddətdə bu xalqın zövqünün yüksəlməsi üçün çalışıb. Dünyanın ən uzaq məmləkətlərində Azərbaycan dilindən, məişətindən, düşüncə tərzindən xəbərsiz olan insanlar Habilin ifasını dinləyəndən sonra Şərqi, Azərbaycanı, muğamımızı, musiqimizi tanıdılar və sevdilər”.
Qeyd olundu ki, Habil Əliyevin sənətə gəldiyi dövrdə kamança sənətimiz məkrli qüvvələrin əsarəti altında idi: “Nankor ermənilər insanların şüurunda sanki bir inhisar yaratmışdılar ki, kamançaya azərbaycanlılar yaxın düşməsinlər. Habil Əliyev təkbaşına illərdən bəri görülməyən işi gördü və bir örnək yaratdı. O, kamançamızı xilas edərək Azərbaycanın olduğunu isbat etdi. Habil Əliyev adının qarşısında “kaman” sözü deyilən yeganə sənətkardır. Onun özü və ifaları xalqın ruhunda, düşüncəsində həmişə yaşayacaq”.
Millət vəkili diqqətə çatdırdı ki, ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, həm də gözəl mahnıların müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.
Sonra sənətkarın oğlu Rəvan Habiloğlu və nəticəsi Habil tərəfindən abidənin üzərindəki örtük götürüldü. Qəbirüstü abidənin müəllifi tanınmış heykəltəraş Natiq Əliyevdir.
Xalq şairi Nəriman Həsənzadə bu abidədə kamançanın da yer almasını yüksək qiymətləndirdi. Qeyd etdi ki, Habili kamançasız, kamançanı da Habilsiz təsəvvür etmək çətindir. Xalq şairi vaxtilə sənətkarın ifasından təsirlənərək yazdığı şeirlərdən bir neçəsini oxudu.
Kamança ustadının ailəsi adından çıxış edən nəvəsi Əli Əmirəliyev Habil Əliyevin yoxluğunun sənət, musiqi dünyamız üçün böyük itki olduğunu söylədi. Sənətkarın şəxsiyyətinə və sənətinə diqqət və qayğısını əsirgəməyən Prezident İlham Əliyevə, abidənin layihəsinin hazırlandığı ilk günlərdən bütün prosesi öz nəzarətində saxladığına görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirdi.
Qeyd edək ki, Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. 50-ci illərin sonunda böyük sənət aləminə qədəm qoyan Habil Əliyev qısa müddət ərzində qədim Azərbaycan musiqi aləti kamançada xalq mahnılarının, muğam və təsniflərin mahir ifaçısı kimi şöhrət tapıb. Sənətkarın nadir istedadı ölkəmizdə həm kamança məktəbinin püxtələşməsinə, həm də kamança üçün yeni əsərlərin yaradılmasına təkan verib. Daim yaradıcılıq axtarışları aparan sənətkar “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olub.
Milli mədəniyyətimizin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb. 2015-ci il sentyabrın 8-də vəfat edib.
Fariz Hüseynov