Bakı şəhəri Sabunçu rayonu E.Məhərrəmov adına 137 saylı tam orta məktəbdə “Azərbaycan ədəbiyyatı və incəsənəti günləri” adlı silsilə tədbirlər keçirilib.
Bu silsilədən ilk tədbir kimi Respublika Günü münasibətilə “Səni tərənnüm edirəm, doğma Azərbaycanım” adlı ədəbi-bədii məclis təşkil edilib.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Mətanət Abdullayeva açaraq qonaqları və iştirakçıları salamlayıb. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Ədəbi-bədii məclisin aparıcıları - şagirdlər Azərbaycanı, doğma yurdu tərənnüm edən, ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər söyləyiblər.
AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Şahin Fazil tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti və ölkəmizin keçdiyi müstəqillik yolundan söz açıb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, bədii qiraət ustası, Əməkdar artist Ağalar Bayramovun ifa etdiyi şeirlər dərin rəğbətlə dinlənilib. Müğənni Rüfət Axundov Azərbaycana həsr edilmiş mahnılar oxuyub.
Məktəbə dəvət olunmuş Bülbül adına musiqi məktəbi şagirdlərinin ifasında “Qarabağ şikəstəsi”, “Qaçaq Nəbi” və s. mahnılar səslənib.
Tədbirdə məktəbin “Səni tərənnüm edirəm, doğma Azərbaycanım” adlı mahnı və rəqs müsabiqələrinin qalibləri də çıxış ediblər.
“Azərbaycan ədəbiyyatı və incəsənəti günləri” çərçivəsində təşkil edilən konfransda əmək təqaüdünə gedən müəllimlər, məktəbdaxili mahnı və şeir müsabiqəsinin qalibləri, idman yarışlarında yer tutan şagirdlər, dərs əlaçıları fəxri fərman və diplomlarla təltif olunublar.
Tədbirlər müğənni Bahar Lətifqızının təqdimatında geniş proqramlı konsertlə başa çatıb. Onun ifasında səslənən şux mahnılar alqışlarla qarşılanıb. Müğənni mahnı müsabiqəsinin qalibləri ilə söhbət aparıb və onların suallarına cavab verib.