Türkiyəli iş adamları Azərbaycanın turizm sənayesinə investisiya qoymaqda maraqlıdır
İyunun 23-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) üzvləri ilə görüşdü.
Görüşdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, TÜSİAB-ın idarə heyətinin sədri Cəlil Polat, təşkilatın katibi Ufuk Aydın, idarə heyətinin üzvləri Mehmet Əli Uğur və Mehmet Akbıyık iştirak edirdi.
Nümayəndə heyətini salamlayan Əbülfəs Qarayev ölkəmizin qardaş Türkiyə Cümhuriyyəti ilə bütün sahələrdə əməkdaşlığının yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırdı, turizm sahəsində əlaqələrin daha da genişləndirilməsinin vacibliyi haqqında danışdı: “Türkiyə dünya ölkələri arasında inkişaf etmiş turizm sahəsi ilə öz yerini tutmuşdur. Bu sahədə qarşılıqlı əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi bizim üçün də faydalı olub. Ötən illər ərzində Türkiyənin təcrübəsindən geniş yararlanaraq ölkəmizdə turizm infrastrukturunu daha da inkişaf etdirmişik”.
Əbülfəs Qarayev turizm sənayesinin Azərbaycan iqtisadiyyatında prioritet istiqamətlərdən olduğunu qeyd etdi, son illər bu sahədə böyük irəliləyişə nail olunduğunu bildirdi: “Ölkəmizin zəngin mədəniyyəti, tarixi, əsrarəngiz təbiəti və xalqımızın yüksək qonaqpərvərliyi Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar açır. Bu istiqamətdə işləri davam etdiririk. Azərbaycan xaricdən daha çox turistin qəbul edilməsi üçün vacib addımlar atır”.
Nazir iki ölkə arasında qarşılıqlı turist səfərlərinin artırılması üçün bir sıra vacib addımlardan söz açdı, bu əlaqələrin bundan sonra da yüksələn xətlə davam edəcəyinə əminliyini ifadə etdi.
TÜSİAB-ın idarə heyətinin sədri Cəlil Polat təşkilatın Azərbaycanda fəaliyyəti haqqında ətraflı məlumat verdi. Bildirdi ki, TÜSİAB Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının inkişafına öz töhfəsini layiqincə verib və bu sahədə işlər uğurla davam etdirilir. Qeyd olundu ki, 1994-cü ildən fəaliyyət göstərən qurumun üzvü olan şirkətlər tərəfindən Azərbaycan iqtisadiyyatına 10 milyard dollardan artıq sərmayə qoyulub.
C.Polat həmçinin Türkiyə iş adamlarının Azərbaycanın turizm sənayesinə də investisiya qoymaqda maraqlı olduğunu dedi.
Bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsini yüksək qiymətləndirən Əbülfəs Qarayev qarşılıqlı görüşlərin keçirilməsi və investisiya yatırılacaq turizm növlərinin müəyyənləşdirilməsinin vacibliyini vurğuladı. Qeyd etdi ki, hazırda Azərbaycan turizm sənayesinin daha da inkişafı üçün 2 və 3 ulduzlu hotellərin tikilməsi kimi məsələlər gündəmdədir.
Sonra görüş turizm sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi ilə davam etdi.
Görüşün sonunda xatirə hədiyyələri təqdim edildi.
Fariz Hüseynov