Tvinninq layihəsi çərçivəsində dəyirmi masa keçirilib
“Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı tvinninq layihəsi çərçivəsində iyunun 29-da Azərbaycan Milli Kitabxanasında dəyirmi masa keçirilib.
Nazirliyin dəstəyi ilə gerçəkləşən tədbirin məqsədi ölkənin mədəniyyət sisteminə dair faydalı məlumatları toplamaq, mədəniyyət sektoru iştirakçılarının rol və fəaliyyətləri ilə tanış olmaq, onlar arasında münasibətlərə dair fikir-mübadiləsi aparmaq, Azərbaycan Respublikasının mədəniyyət sektorunda həllə ehtiyacı olan mövcud çətinlikləri müəyyənləşdirmək idi.
Dəyirmi masa layihənin yerli müşaviri Alessandro Biankinin və nazirliyin əməkdaşı Ramil Abbəkirovun çıxışları ilə başlayıb. İnteraktiv iclasın moderatorları isə italyan mütəxəssisləri Mikela Diadato və Eliza Petruççi idi.
Görüşə ölkəmizdə mədəniyyət sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatların və qurumların nümayəndələri qatılmışdı. Görüşdən əldə olunan məlumatlar layihənin təhlil mərhələsinin yekunlaşdırılması üçün istifadə olunacaq.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Avropa İttifaqı ilə birgə yeni tvinninq layihəsinin rəsmi təqdimatı bu ilin martında olub. Layihənin məqsədi Azərbaycanın mədəniyyət sektorunda hüquqi baza və idarəetmə sisteminin müasirləşdirilməsinə töhfə verməkdir. Layihə iki əsas komponentdən ibarətdir: mədəniyyət sektorunun idarə olunması üzrə islahatlar (ümumi strukturun, qanunvericilik bazasının və işçi potensialının yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi) və qeyri-maddi və maddi mədəni irsin idarə olunmasının institusional inkişafı (qeyri-maddi və maddi irsin, muzeylər və kitabxanaların, eləcə də mədəniyyət evləri və mədəniyyət mərkəzlərinin müasirləşdirilməsi, bir-biri ilə sıx əlaqə şəraitində fəaliyyət imkanının yaradılması). 24 ay müddətində İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə bu iki istiqamətdə işləyəcək.