Konfransda turizm mövzusunda jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı

İyulun 11-də “Holiday İnn” hotelində Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfrans keçirildi. Tədbirdə nazirliklə Mətbuat Şurasının birgə keçirdiyi “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda yazı müsabiqəsinin nəticələri də elan edildi.

Konfransda medianın turizm mövzusunu işıqlandırması xüsusiyyətləri, bu sahədə tendensiya və çatışmazlıqlar, məsələlərə birgə baxış yolları müzakirə olundu.
Əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda müsabiqə haqqında məlumat verdi. Bildirdi ki, mayın 20-dən iyunun 20-dək keçirilən müsabiqəyə 28 kütləvi informasiya vasitəsi təmsilçilərindən 56 yazı daxil olub. Yazılar Azərbaycan Mətbuat Şurasının müəyyən etdiyi qaydalarla ekspertlər tərəfindən qiymətləndirilib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mövzunun aktuallığına diqqət çəkərək medianın bu sahədə rolunun böyük olduğunu vurğuladı. Bildirdi ki, məhz KİV vasitəsilə turizm sahəsində mövcud hüquqi aktlar, ölkədə və dünyada turizmin vəziyyəti barədə informasiyalar ictimaiyyətə çatdırılır. Ə.Amaşov Azərbaycanın turizm potensialının təbliği və ölkəyə turist axınının gücləndirilməsində medianının rolunu xüsusi qeyd etdi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Milli Mətbuat Günü ərəfəsində jurnalistləri təbrik edərək mədəniyyət və turizm sahəsini daim diqqət mərkəzində saxladıqları üçün onlara öz təşəkkürünü bildirdi. Nazir son illərdə hər iki sahənin ölkə mediasının əsas mövzularından biri olduğunu vurğuladı, KİV arasında aparılan monitorinqlərin nəticələrini diqqətə çatdırdı.
Bildirdi ki, nazirliyin internet saytında 2015-ci ildə 802 informasiya yerləşdirilmişdisə, bu rəqəm 2016-cı ilin birinci yarısında 1642 olub. İnformasiya agentlikləri və saytlarda mədəniyyətlə bağlı 2015-ci ildə 76 min, 2016-cı ilin ilk altı ayında 99 min, turizmlə bağlı ötən il 34 min 700, bu il isə 56 min 280 informasiya verilib. Televiziya kanallarında turizmlə bağlı veriliş və süjetlərin sayında artım müşahidə olunub, qəzetlərdə isə mədəniyyət və turizmlə bağlı xəbərlərdə azalma özünü göstərir. Bu da ondan irəli gəlir ki, operativlik baxımından qəzetlər xəbərlərin elektron versiyalarında - saytlarında yerləşdirməyə daha çox önəm verir və həmin xəbərlərin bir qisminin çap versiyasında yenidən yayımlanmasına ehtiyac qalmır.
Əbülfəs Qarayev ölkə turizminin bugünkü inkişaf səviyyəsindən danışaraq bildirdi ki, bu sahə Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Turizmin ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən biri olduğunu qeyd edən nazir diqqətə çatdırdı ki, sahənin inkişafı istiqamətində həyata keçirilən işlər bu il də davam etdirilir: “Son illər ərzində ölkəmizdə böyük turizm infrastrukturu qurulub, müxtəlif istiqamətli turizm marşrutları yaradılıb, viza sistemi sadələşdirilib. Bu ildən ölkəmizdə “tax free” sistemi (turistlərin aldığı malların əlavə dəyər vergisindən azad olunması) tətbiq olunub. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər turizmin inkişafına öz müsbət təsirini göstərir.
2015-ci ildə ölkə üzrə ÜDM-in 4,1 faizi turizm sənayesindən gələn gəlirlərin payına düşüb: “İnanıram ki, bu sahədə inkişaf sürətini daha da artırmağa nail olacağıq. Bunun üçün ölkəmizin böyük potensialı var”.
Nazir ölkəmizdə fəaliyyət göstərən turizm müəssisələrində qiymət siyasətinə də toxundu. Bildirdi ki, dövlət hotellərdə qiymət siyasətini müəyyənləşdirmir və qiymətlər fərdi sahibkarlar tərəfindən müəyyən olunur: “Dövlət olaraq biz sahibkarları maarifləndirə, onlara treninqlər keçə və qiymətlərin formalaşdırılmasında onlara tövsiyələr verə bilərik. Hər kəs bu sahə ilə məşğul ola bilər. Bu sahədə hər şey çox şəffafdır və dövlət bura müdaxilə etmir. Azərbaycanda turizmin inkişafı prioritet istiqamətlərdən biridir. Həm daxili turizm, həm də xarici turizm inkişaf etdirilməlidir. Daxili turizm ona görə inkişaf etməlidir ki, Azərbaycan vətəndaşları kənara getməsin, ölkədən kənara valyuta axını olmasın.
Qeyd olundu ki, hazırda Azərbaycanda 535 mehmanxana var, 30-dan artıq obyektin tikintisi davam etdirilir. Ölkənin 13 rayon və şəhərində 11 mehmanxana, 3 motel, 10 istirahət mərkəzində inşaat işləri aparılır.
Nazir turistlərin həm asudə vaxtlarının daha səmərəli keçirilməsi, həm də ölkəmizin mədəniyyətinin təbliğ edilməsi üçün paytaxt Bakıda və bir sıra bölgələrimizdə həftəsonu açıq havada mədəni tədbirlərin təşkil olunduğunu diqqətə çatdırdı. Bildirildi ki, Azərbaycan turizm sənayesinin daha da inkişaf etdirilməsi üçün klasterlərin yaradılması diqqət mərkəzindədir. Yaxın günlərdə Mədəniyyət və Turizm Nazirliyinin layihəsi əsasında Xəzər dənizinin Novxanı qəsəbəsi hissəsində çimərliyin açılışı keçiriləcək. Bu da ölkəmizdə yeni turizm istiqamətlərinin inkişafına təkan verəcək.
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli jurnalistlər arasında yazı müsabiqələrinin əhəmiyyətindən danışdı, fondun bu il Mədəniyyət və Turizm Nazirliyi ilə birgə ikinci yazı müsabiqəsini keçirdiyini dedi. O, ölkəmizdə turizmin inkişaf etdiyini qeyd edərək medianın bu sahəni daim diqqətdə saxlamasının vacibliyini vurğuladı.
Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də ölkədə turizm sahəsində görülən işləri yüksək qiymətləndirərək bu sahənin təbliğində medianın böyük rolu olduğunu diqqətə çatdırdı, mövcud turizm məkanlarına media nümayəndələrinin səfərlərinin təşkil olunmasını yaxşı ənənə kimi dəyərləndirdi.
Çıxışlardan sonra “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi oldu.
Bildirildi ki, müsabiqənin nəticələrinə əsasən bir nəfər (Şirməmməd Nəzərli) 1-ci yerə, iki nəfər (Cavid Zeynallı, Pərvin Nurəliyeva) 2-ci yerə, üç nəfər (Fariz Hüseynov, Fəxriyyə Abdullayeva, Rüfət Sultanov) 3-cü yerə layiq görülüb.
Birinci, ikinci və üçüncü yerlərin qaliblərinə müvafiq olaraq 1000, 800 və 600 manat pul mükafatı və diplomlar təqdim edildi. Daha 5 nəfərə isə həvəsləndirici mükafat (300 manat) və fəxri fərmanlar verildi.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar