Kəlağayı, sadəcə, baş örtüyü deyil, həm də müdriklik və gözəllik simvoludur

 

İçərişəhərdə yerləşən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində kəlağayının UNESCO-nun Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi və Azərbaycan kəlağayısı gününə (26 noyabr) həsr olunmuş tədbir keçirilib.

“İnkişaf” elmi mərkəzi və Basqal “Kəlağayı” İpək Mərkəzinin birgə təşkil etdikləri tədbiri giriş sözü ilə açan yaradıcılıq mərkəzinin direktoru Anna İbrahimbəyova bildirib ki, mədəni irsin qorunması və yaşadılması xalqın gələcəyinə olan töhfədir.

Tədbirdə çıxış edən Xalq yazıçısı Maqsud İbrahimbəyovun ailəsinin üzvü Rəna İbrahimbəyova kəlağayının tarixi və mədəni əhəmiyyətindən bəhs edib, həmçinin bu nadir milli atributun fəlsəfi cəhətlərinə toxunub. Onun sözlərinə görə, kəlağayı, sadəcə, qadın baş örtüyü deyil, həmçinin rəmzi və dərin məna daşıyıcısı kimi qiymətləndirilməlidir. O, zərif cinsin nümayəndələrinin müdafiəsi, müdriklik, gözəllik simvolu olmaqla mədəniyyətimizin dərinliklərinə nüfuz edir.

R.İbrahimbəyova deyib ki, kəlağayı sənətinin bərpası və populyarlaşması ölkə rəhbərliyinin mədəni irsə diqqət və qayğısının nəticəsidir: “Bu gün kəlağayı yeni məzmunla zənginləşib, daha rəngarəng olub və gözəlləşib. Bütün bunlar bu prosesdə əməyi danılmaz və əvəzsiz olan birinci xanım Mehriban Əliyevanın səyləri nəticəsində mümkün olmuşdur. Onun təşəbbüsləri sayəsində kəlağayı dünya mədəniyyət məkanında layiqli yerini tutub”.

O, həmçinin jurnalistlərlə söhbətində kəlağayının UNESCO-nun siyahısına salınmasının tarixi nailiyyət olduğunu qeyd edib: “On il əvvəl, 2014-cü il noyabrın 26-da əlamətdar hadisə baş verdi – kəlağayı bəşəriyyətin qeyri-maddi mədəni irsinin obyekti kimi tanındı. Bu addım mədəniyyətimizin unikallığını vurğulamaqla yanaşı, onun beynəlxalq səviyyədə əhəmiyyətini diqqətə çatdırdı. Biz fəxr edirik ki, milli rəmzimiz dünya irsi xəzinəsində öz layiqli yerini tutub”.

Kəlağayının təkcə praktiki deyil, həm də dərin fəlsəfi funksiyanı yerinə yetirən universallığına diqqət çəkən R.İbrahimbəyova deyib: “Kəlağayı vasitəsilə insanlar öz duyğularını ifadə edir, düşüncələrini, dəyərlərini çatdırır. Bu, sadəcə, geyim elementi deyil, nəsilləri və mədəniyyətləri birləşdirən ünsiyyət vasitəsidir. Məhz bu anlayış UNESCO-nun mütəxəssisləri üçün həlledici oldu və onlar yekdilliklə onun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsinə səs verdilər”.

Yubiley tədbirində iştirak edən İsmayıllı rayonunun Basqal qəsəbəsindən tanınmış kəlağayı ustası Abbasəli Talıbov bu baş örtüyü haqqında geniş məlumat verib. O, eyni zamanda kəlağayının hazırlanması prosesini əyani şəkildə nümayiş etdirib.