Dünya İrs Siyahısına təqdim olunan nominasiya faylları arasında türk dünyasına məxsus maddi və təbii irs nümunələri də var

İyulun 10-da Türkiyənin İstanbul şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin (World Heritage Committee) 40-cı sessiyası işə başlayıb.

Sessiyada Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Tarixi-mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin baş məsləhətçisi Təranə Qəmbərova, milli ekspert, memar Rizvan Bayramov, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının birinci katibi Gülnarə Ağalarova iştirak edir.
Sessiyanın açılış mərasimi Türkiyənin Baş naziri Binəli Yıldırımın videomesajı ilə başlayıb. Müraciətdə dünyadakı tarixi-mədəni miras nümunələrinin məhv olma təhlükəsi ilə üzləşdiyi bir zamanda UNESCO-nun üzərinə məsuliyyətli vəzifənin düşdüyü vurğulanır.
Mərasimdə Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş, UNESCO-nun baş direktoru İrina Bokova, Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı və digər çıxış edənlər mədəni irsin və tarixi abidələrin bəşəriyyətin ən vacib dəyərlərindən olduğunu və onları birlikdə qorumağın əhəmiyyətini vurğulayıblar.
Xatırladaq ki, Azərbaycan Respublikası 2015-ci ilin 18 noyabrında Dünya İrs Komitəsinə üzv seçilib və sessiyada qəbul ediləcək qərarlara və müzakirə olunacaq məsələlərə münasibət bildirilərkən əsas söz sahibi ölkələrdən biridir.
İyulun 20-dək davam edəcək sessiya çərçivəsində Dünya İrs Siyahısında qeydiyyata alınan dünya üzrə 1031 bölgədən 156-sının qorunma vəziyyəti ilə bağlı hesabatlar nəzərdən keçiriləcək.
Təhlükə altında olan Dünya İrs Siyahısına daxil olan bölgələrin mövcud vəziyyəti də müzakirə olunacaq və Tentativ Siyahıya baxılacaq. Qeyd edək ki, UNESCO yanında Dünya İrs Siyahısına 29 yeni nominasiya faylı təqdim edilib.
Sessiyada quruma üzv dövlətlərin nümayəndələri, UNESCO-nun məşvərətçi orqanlarının rəsmiləri, mədəni və təbii irs üzrə ekspert və alimlər də daxil olmaqla 2 minədək iştirakçı var.
Komitənin sessiyasının ən vacib çağırışlarından biri son illərdə münaqişə regionlarında mədəni irsə qarşı dağıdıcı fəaliyyətlərin pislənilməsi və üzv ölkələrin bu kimi təcavüzkar və vandalizm fəaliyyətlərinin qarşısının alınmasında sıx əməkdaşlıq etməsidir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva jurnalistlərə müsahibəsində bildirib ki, sessiyada türk dünyasına məxsus maddi və təbii irsin qorunması ilə əlaqədar yaxın günlərdə mühüm qərarların qəbul ediləcəyi nəzərdə tutulub. Onu da qeyd edək ki, tədbir zamanı türk ney sənətçisi Kutsi Ergünerə UNESCO-nun “Sülh naminə incəsənət xadimi” fəxri adı təqdim olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar