TÜRKSOY ölkələrinin UNESCO üzrə milli komissiya və komitələrinin toplantısı keçirilib

İyulun 9-da İstanbulda TÜRKSOY üzvü olan ölkələrin UNESCO üzrə milli komissiya və komitələrinin 6-cı toplantısı keçirilib. Yığıncaqda Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, türkdilli ölkələrin milli komissiya və komitələrinin baş katib və nümayəndələri, TÜRKSOY, Türk Şurası, TÜRKPA və UNESCO-nun təmsilçiləri iştirak edib.

Qeyd edək ki, ilk dəfə 2010-cu ildə Ankarada təməli qoyulan bu toplantıların məqsədi TÜRKSOY ölkələri və qohum topluluqların işbirliyi imkanlarının araşdırılması, müxtəlif layihələrin həyata keçirilməsi, UNESCO-nun irs siyahılarına təqdimat üçün ortaq namizəd faylların hazırlanması, türk dünyası xalqları arasında əlaqələrin daha da genişləndirilməsidir. Budəfəki toplantı çərçivəsində TÜRKSOY ölkələrinin 3-cü təhsil seminarı, 9-cu qeyri-maddi mədəni irs, 4-cü maddi-mədəni və dünya yaddaşı seminarları gerçəkləşib.
Yığıncaqda çıxış edən Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı Türkiyə, Azərbaycan, Bosniya və Herseqovina, Qırğızıstan, Qazaxıstan, Moldova, Türkmənistan və Şimali Kiprdən türk dünyasına könül vermiş dostların bir araya gəlməsindən məmnunluğunu vurğulayıb. Nazir UNESCO-nun baş direktoru İrina Bokovanın “TÜRKSOY UNESCO ideallarına xidmət edir, əməkdaşlığa əhəmiyyət verir, dəyərli fəaliyyət göstərir” sözlərini xatırladaraq toplantıya uğurlar arzulayıb.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov isə çıxışında türk dünyasının mədəni zənginliyindən söz açıb. Bildirib ki, şifahi xalq yaradıcılığı, qeyri-maddi mədəni irs ümumtürk mədəniyyətinin ən güclü istiqamətləridir. Dastanlardan nağıllara, laylalarda ağılara, əl sənətlərindən mətbəxə qədər bütün bu mədəniyyət sahələrində çox zəngin mirasa sahibik. TÜRKSOY təşkilatı türk dünyasının ortaq səsi olaraq bu zənginliyi dünyaya tanıtmağa çalışır.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında rəhbərlik etdiyi qurumun türk dünyasının tarixi-mədəni dəyərlərinin qorunması və türkdilli xalqlar arasında mədəni əlaqələrin gücləndirilməsində rolundan bəhs edib. Qeyd edib ki, Fond gələcəkdə TÜRKSOY və UNESCO kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, TÜRKSOY üzvü olan ölkələrin UNESCO milli komissiya və komitələrinin toplantıları indiyədək Ankarada, Kazanda, Astanada, Əskişəhərdə və 2014-cü ildə Bakıda keçirilib.
VI toplantıya ev sahibliyi edən Türkiyə keçirilən bu formatda dönəm sədrliyini Qırğızıstana təhvil verib.

Mehparə Sultanova
Ankara







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar