İyulun 14-də Ankarada, TÜRKSOY-un binasında Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın təqdimat mərasimi keçirildi.

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu açılış nitqi ilə çıxış edərək bildirdi ki, “Bengü” nəşriyyatında çap olunan ikicildlikdə Azərbaycanın XX əsrdə və bu gün yazıb-yaradan yazıçı və şairlərinin əsərləri yer alıb. Qeyd olundu ki, Azərbaycan ədəbiyyatı bu formatda Türkiyə oxucusuna ilk dəfə təqdim olunur. Əsərləri Türkiyə türkcəsinə Qəmər Alxanova və Kəmalə Ələkbərova tərcümə edib.
Yaqub Öməroğlu bu sahədə Azərbaycan Tərcümə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi.
Sonra Azərbaycan Tərcümə Mərkəzi haqqında tanıtım filmi nümayiş etdirildi.
Tərcümə Mərkəzinin direktoru Afaq Məsud çıxış edərək qurumun fəaliyyətindən söz açdı, təqdim olunan antologiya haqqında məlumat verdi.
Bildirdi ki, bir neçə ay öncə antologiya rus dilində Moskvada təqdim olunub, bu gün də türk dilində nəşrin təqdimat mərasiminin keçirilməsindən məmnunuq. Payızda isə Misirdə antologiyanın ərəb dilində nəşri təqdim olunacaq.
Nəşrin əhəmiyyəti ondan ibarətdir ki, bu günə qədər Azərbaycanda belə bir formatda antologiya yox idi: “Düşünürəm ki, bu layihə Azərbaycan ədəbiyyatının təbliği baxımından da çox əhəmiyyətlidir. Türkiyədə Azərbaycan ədəbiyyatına maraq var. Bu toplunu müasir Azərbaycan ədəbiyyatının şəxsiyyət vəsiqəsi də adlandırmaq olar”.
Mərkəzin direktoru Avrasiya Yazarlar Birliyi ilə Türkiyə ədəbiyyatının antologiyası layihəsinin də həyata keçirildiyini diqqətə çatdırdı.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov çağdaş Azərbaycan şeir və hekayələrinin antologiyasının türk dünyası üçün faydalı bir nəşr olduğunu bildirdi: “TÜRKSOY türk dünyasının mədəniyyətinin inkişafına töhfələrini verməkdədir. Əminəm ki, bu kitabın da türk dünyası üçün böyük əhəmiyyəti olacaq”.
Tərcüməçi Aysun Demirez Günel çıxışında ötən əsrin 20-ci illərindən sonrakı Azərbaycan ədəbiyyatından bəhs etdi və antologiyaya 60-cı illərdən sonrakı ədəbiyyat nümunələrinin daxil edilməsinin səbəblərindən danışdı. Bildirdi ki, 30-50-ci illər ədəbiyyatında dövrün siyasi, ideoloji yükü daha çox ağırlıq təşkil edib və bu, görkəmli ədiblərin yaradıcılığında özünü göstərib. Stalin dönəmi başa çatıqdan sonra isə yeni-yeni mövzular ortaya çıxıb, yeniləşmə dövrü başlayıb.
Azərbaycan ədəbiyyatının getdikcə dünya ədəbiyyatına çevrildiyini deyən Aysun xanım bu sahədə Azərbaycan Tərcümə Mərkəzinin fəaliyyətinə də toxundu və qurumun son işinin dəyərli bir layihə olduğunu vurğuladı: “Bu antologiya Azərbaycan ədəbiyyatının tanıdılması baxımından böyük töhfədir”.
Sonra Aysun Demirez Günel Bəxtiyar Vahabzadənin “Şəhidlər”, Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeirlərini türk dilində oxudu.
Tədbirin sonunda kitabların imzalanma mərasimi oldu.

Mehparə Sultanova
Ankara