“Azərbaycanı dünyaya müasirliyi, tolerant mühiti ilə təqdim edən jurnalistin imzası həm də Azərbaycan xalqının imzasıdır”
İyulun 22-də Azərbaycan milli mətbuatının yaranmasının 141-ci ildönümünə həsr olunan mərasim keçirilib.
Mərasim Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli tədbiri açaraq əlamətdar gün münasibətilə jurnalistləri təbrik edib. Son illərdə ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən, bu sahəyə dövlət qayğısından danışan icraçı direktor Azərbaycan milli mətbuatının yaranmasının 141-ci ildönümü münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri barədə məlumat verib. Qeyd olunub ki, müsabiqəyə 19 istiqamət üzrə 70 kütləvi informasiya vasitəsindən 167 yazı təqdim olunub. Hər istiqamət üzrə 6 mükafatçı (ümumilikdə 114 nəfər) var.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mərasimdə çıxış edərək milli mətbuatımızın 141 yaşının tamam olması münasibətilə media nümayəndələrinə təbriklərini çatdırıb. Bildirib ki, milli mətbuatımızın xalqımızın maariflənməsində, milli dəyərlərin təbliğində oynadığı mühüm rol, cəmiyyətimizin, milli dövlətçiliyimizin inkişafına verdiyi töhfələr bu gün onun şanlı tarixi haqqında fəxrlə danışmağa tam əsas yaradır. Bu gün Azərbaycanı dünyaya müasirliyi, tolerant mühiti ilə təqdim edən jurnalistin imzası həm də Azərbaycan xalqının imzasıdır.
Professor Əli Həsənov tarixə qısa ekskurs edərək 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas-alim, maarifçi və publisist Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə başlanan Azərbaycan milli mətbuatının zəngin inkişaf yolundan danışıb, bu yolda fədakarlıq göstərmiş ədib və publisistlərin, maarifpərvər ziyalıların fəaliyyətini minnətdarlıqla yad edib.
Prezident Administrasiyası rəsmisi müstəqillik dövründə medianın keçdiyi yoldan, dövlətin bu sahəyə diqqət və qayğısından ətraflı bəhs edib. Bildirib ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə - Azərbaycanın ən taleyüklü dövründə hakimiyyətə qayıtdıqdan sonra mətbuatın inkişafı məsələlərini digər mühüm problemlərin həllindən ayırmadı, 22 iyulu Azərbaycanda Milli Mətbuat Günü elan etdi və 70 illik sovet idarəçiliyi dövründə kölgədə qalmış ənənələr, mətbuatımızın şanlı tarixi özünə qaytarıldı. Heydər Əliyev söz və məlumat azadlığını, fikir plüralizmini Azərbaycanda Konstitusiya normasına çevirdi, milli mətbuatın inkişafı yolunda ciddi maneə olan senzuranı 1998-ci ildə aradan qaldırdı. Sonrakı illərdə dövlət tərəfindən mətbuatın inkişafına dəstək məqsədilə fərman və sərəncamlar imzalandı, qəzet redaksiyaları əlavə dəyər vergisindən azad edildi, KİV sahəsində layihələrin maliyyələşdirilməsi üçün büdcədən vəsait ayrıldı, qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları dövlət büdcəsi hesabına ödənildi.
Heydər Əliyevin əsasını qoyduğu media siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən Əli Həsənov 2008-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın bu siyasətin sistemliliyini və ardıcıllığını təmin etdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanda milli mətbuatın yubileylərinin dövlət səviyyəsində keçirilməsi, milli mətbuatın inkişafında xidmətləri olan KİV nümayəndələrinin dövlət mükafatları və fəxri adlarla təltif edilməsi, jurnalistlərin sosial təminatının gücləndirilməsi və digər çoxsaylı tədbirlər ardıcıl xarakter alıb: “Azərbaycan jurnalistikası cənab Prezidentin xidmətlərini yüksək qiymətləndirməklə yanaşı, onun çağırışlarına əməli şəkildə dəstək verir. Təsadüfi deyil ki, ölkə jurnalistləri 2010-cu və 2013-cü illərdə cənab İlham Əliyevi “Jurnalistlərin dostu” seçmişlər”.
Azərbaycan Prezidentinin köməkçisi çıxışını bu sözlərlə bitirib: “Mən bütün jurnalistlərimizə uğurlar, yeni yaradıcılıq nailiyyətləri arzu edirəm. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti də həmişə sizin yanınızda olacaq, sizin qayğılarınızı qarşılayacaqdır”.
Sonra 22 iyul - Milli Mətbuat Günü münasibətilə KİVDF-nin keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinə (I yer) mükafatlar təqdim edilib. Təltif olunanlar arasında “Mədəniyyət” qəzetinin redaktoru Vüqar Əliyev də var.
Mərasimdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov milli mətbuatımızın keçdiyi tarixi yola nəzər salıb. Qeyd edib ki, “Əkinçi” qəzeti ölkəmizdə maarifçiliyin, milli oyanış hərəkatının inkişafında mühüm rol oynayıb.
Daha sonra Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatı laureatlara təqdim olunub.
Qeyd edilib ki, 2010-cu ildə təsis olunan mükafatın üç dərəcəsi var. Birinci dərəcə üzrə bir, ikinci dərəcə üzrə iki, üçüncü dərəcə üzrə beş laureat müəyyənləşdirilib. Ali Media Mükafatının birinci dərəcəsi üzrə yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva laureat elan olunub. O, Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin yaradıcılığından bəhs edən “İşığa gedən yol” romanına görə təltif edilib.
Mükafatın ikinci dərəcəsi üzrə laureatlar - Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu Azərbaycan həqiqətlərinin təbliğində xidmətlərinə, Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunublar. Daha beş nəfər mükafatın üçüncü dərəcəsi üzrə təltif ediliblər.
Tədbirdə bir sıra dövlət qurumlarının 2016-cı il ərzində fəallığına görə fərqlənən mətbuat xidmətlərinin, həmçinin KİV-lərin rəhbərlərinə “Bakcell” şirkətinin mükafatları təqdim edilib. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov da mükafata layiq görülüb. Mərasim konsert proqramı ilə davam edib.