M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür” mövzusunda tədbir keçirilib. Tədbirdə kitabxananın direktor müavini Ədibə İsmayılova çıxış edərək Azərbaycan əlifbasının və Azərbaycan dilinin tarixindən bəhs edib, dilimizin zənginliyindən söz açıb.
Sonra qonaqlar Milli Kitabxanada açılmış “1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür” adlı sərgi ilə tanış olublar.
* * *
Qazax rayon Mərkəzi kitabxanası rayon Mədəniyyət mərkəzində Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş “Dilimiz, mənəviyyatımız” adlı dəyirmi masa keçirib.
Tədbiri MKS-nin direktoru Solmaz Babanlı, direktor müavini Münəvvər Süleymanlı, Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi Pəri Məmmədova, Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova, şəhər 1 saylı orta məktəbin müəlliməsi Səyalı Süleymanova çıxış ediblər. Qeyd olunub ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini, ədəbiyyatını yaşadan, inkişaf etdirən onun dilidir. Millətin dilinin dövlət dili statusuna yüksəldilməsi böyük bir tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı kitab sərgilərinə baxıblar.