İyulun 30-da Azərbaycan Xalça Muzeyinin Uşaq muzeyi şöbəsinin təşəbbüsü və “Azərsun Holdinq”in dəstəyi ilə “Ailə günü” adlı tədbir keçirilir.
Muzeyin “Açıq qapı” günü çərçivəsində gerçəkləşən tədbirin məqsədi valideyn və uşaqlar arasında ümumi maraqları birləşdirmək zəminində mədəniyyət və incəsənətimizi tanıtmaqdır.
Tədbirin proqramında müxtəlif yaş hədləri nəzərə alınıb. İştirakçılar Azərbaycan xalçaçılığı, dekorativ-tətbiqi sənətinin tarixi ilə yaxından tanış olub, ustad dərslərində iştirak edib, öz yaradıcı bacarıqlarından istifadə edərək incəsənət nümunələri hazırlayıblar.
Layihəyə qatılanlar muzeyin əməkdaşlarının köməyi ilə kompüter proqramında virtual xalçanın yaradılması, saxsı qablar üzərində xalça rəsmlərinin və akril boyalarla dibçəklərin üzərində rəngarəng təsvirlərin çəkilməsi, dekorativ bəzək əşyaları, qolbaqların hazırlanması və digər bir-birindən əyləncəli oyunlar və masaüstü tapşırıqları da həvəslə yerinə yetiriblər. Məşhur xalçaçı rəssam Eldar Mikayılzadənin “Xalçanın yaranışı” adlı xalçasının rəsm pazllarını yığmaq iştirakçılara zövq verib.
Muzeyin əməkdaşı Püstə Ağayevanın “Klassik və müasir süjetli xalçalar” mövzusunda mühazirəsi dinlənilib və muzeyə mini ekskursiya təşkil olunub. Bundan əlavə, dəvət olunmuş aktyorlar tərəfindən uşaqlar üçün nağıllardan ibarət səhnəciklər təqdim edilib.
Qeyd edək ki, muzeydə hər ayın son şənbəsi “Ailə günü” tədbirinin keçirilməsi nəzərdə tutulub. Tədbirə giriş biletlədir. Muzeydən verilən məlumata görə, hemofiliya və talassemiyalı uşaqlar tədbirdə ödənişsiz iştirak edə bilər.