Raghad Al Safi: “Yemək yalnız qida deyil, həm də nəsillər və millətlər arasında körpüdür”

Xəbər verdiyimiz kimi, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə üzrə Azərbaycan-İraq mədəni dəyərlər sərgisi keçirilib. Sərgidə Azərbaycan və İraq xalqlarının folklor, incəsənət, geyim, musiqi, mətbəx nümunələrini əks etdirən fotoşəkillər nümayiş olunub. Tədbirdə iraqlı xanım Raghad Al Safinin “The İraqi Table” (“İraq süfrəsi”) kitabı da maraqla qarşılanıb.
Azərbaycanın Milli Kulinariya Mərkəzinin prezidenti, Əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanov kitabla bağlı fikirlərini bölüşüb. O, mütəxəssis kimi kitabın böyük maraq doğurduğunu vurğulayıb: “Böyük alimimiz Qəzənfər Paşayevin “İraq bizə iraq deyil” deyə-deyə bizə sevdirdiyi bir ölkə ilə bağlı olduğu üçün bu xörək reseptlərindən iraqlı bir ziyalı xanımın öz mətbəxindən dünyaya necə baxdığını bu kitabda gördüm. Raghad xanım İraq mətbəxindən çıxış edərək öz ölkəsinin mədəniyyətini çox uğurla dünyaya nümayiş etdirir. Yeməyin, süfrənin birləşdirici faktlar olduğunu göstərir. “Yemək yalnız qida deyil, həm də nəsillər və millətlər arasında körpüdür” deyə müəllif çox doğru nəticələr çıxarır. Bir sıra elmi tədqiqatlar aparmış müəllif İraq mətbəxinin türk, fars və ərəb mətbəxinin sintezindən yaradıldığını anladır”.
Tahir Əmiraslanov qeyd edir ki, bu ölkə əhalisinin bir hissəsini bizimlə bir soydan olan İraq türkmənləri təşkil etdiyindən kitabda türk mətbəxinin böyük təsiri görünməkdədir. Müəllif haqlı olaraq dolma, imam bayıldı, boraq və s. yeməkləri türk mətbəxinə aid edir. Kitabda bizə yaxın olan xörəklərdən və şirniyyatlardan iraqlıların da burma, tatlı, zərda, baqlava, qaymaq, fisincan, şəkərləmə, quzi (quzu), yoqurt, nabat, halva və s. yeməkləri İraqın, xüsusilə də kərküklülərin mətbəxinin bizə yad olmadığını görürük.
“Kitab bizi İraqla daha da doğmalaşdırır, yaxınlaşdırır. Hesab edirəm ki, kitab mütəxəssislər, etnoqraflar, dilçilər və s. elm adamları üçün maraqlı mənbə olmaqla həm də evdar xanımlar tərəfindən istifadə edilə bilər”, - deyə T.Əmiraslanov bildirir.