Avqustun 16-da Müdafiə Nazirliyi, Şəmkir Ordu Birliyi və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun 60 illik yubileyi münasibətilə tədbir keçirilib.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Milli Qəhrəmanın həyat və döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Qeyd olunub ki, İsgəndər Aznaurov Axıska türklərindəndir. Onun ata-babaları vaxtilə indiki Gürcüstan ərazisindən Orta Asiyaya sürgün olunub. İsgəndər Aznaurov 1956-cı il avqustun 16-da Özbəkistanın Buxara vilayətində anadan olub. 80-ci illərin sonunda Fərqanə vadisində baş verən hadisələrdən sonra ailəsi Azərbaycana pənah gətirərək, Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıb. 1992-ci ilin baharında İsgəndər Aznaurov Azərbaycan Milli Ordusu sıralarına zabit kimi daxil olaraq qısa müddətdə “topçu İsgəndər” kimi tanınıb. O, Gədəbəy rayonunda Başkəndin erməni quldurlarından azad olunmasında, Mutu dərədə, Şınıxda, Ər dağı və Ləzgi daşında, eləcə də rayonun digər strateji əhəmiyyətli ərazilərində düşmən texnikasını və canlı qüvvəsini məhv edərək böyük qəhrəmanlıq göstərib.
İsgəndər Aznaurov 1993-cü ilin yazında qəhrəmanlıqla şəhid olub, 1995-ci ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Şəmkirin Kür qəsəbəsində orta məktəb və qəsəbə onun adını daşıyır. Xidmət etdiyi hərbi hissədə xatirəsinə abidə ucaldılıb, Gədəbəyin Şınıx kəndində isə Mormor yüksəkliyi onun şərəfinə “İsgəndər qalası” adlandırılıb.
Tədbirdə general-mayor Gəray Bağırov, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov, Milli Qəhrəman Məzahir Rüstəmovun atası İzzət Rüstəmov, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı və Milli Qəhrəmanın döyüş yoldaşları çıxış ediblər.
İsgəndər Aznaurovun ailə üzvlərinin tədbir iştirakçılarına ünvanladıqları məktub oxunub.
Tədbirdən sonra hərbçilər və qonaqlar “İsgəndər qalası”na qalxaraq, oradakı əsgərlərlə görüşüblər. Sonda bir qrup hərbi qulluqçu mükafatlandırılıb, əsgərlərə gədəbəylilər adından sovqat paylanılıb.