Qədim mətbəx mədəniyyətimizin təbliğinə xidmət edən tədbir böyük maraq doğurub

Avqustun 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Naxçıvan çörəkləri” adlı festival keçirilib.

Tədbirin aparıcıları qeyd ediblər ki, Azərbaycanda çörək hər zaman bolluq, bərəkət rəmzi sayılıb. Tarix boyu çörək andımız, alqışımız olub. Diqqətə çatdırılıb ki, muxtar respublikada mədəni irslə bağlı müxtəlif festivallar təşkil olunur. “Naxçıvan çörəkləri” festivalı da bölgələrimizə xas müxtəlif çeşidli çörək növlərinin, onların hazırlanması qaydalarının nümayişi baxımından əhəmiyyətlidir.
Festivalda AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Pərviz Fətullayev çıxış edərək deyib ki, dünyada çörəkbişirmə mədəniyyətinin 15 min ilə yaxın tarixi var. Xalqımız qədim zamanlardan çörəyə xüsusi münasibət bəsləyib, çörəklə bağlı atalar sözü və məsəllər yaradıb. Bəşəriyyətin beşiyi olan Naxçıvanda aparılan arxeoloji qazıntılar zamanı isə kömürləşmiş buğda və arpa, eləcə də müxtəlif formalı təndirlər tapılıb. Bu da Naxçıvanda buğda bitkisinin becərilməsinin və çörək hazırlanmasının qədim tarixə malik olduğunu göstərir.
Bildirilib ki, Naxçıvanda çörək bir qayda olaraq təndirdə, çuğun və gil saclarda, həmçinin, xüsusi soba və kürələrdə bişirilir. Lavaş, tapı, darı, cadı, dəstana, bozdamac, sac lavaşı, nazik, qalın, çıppa, bombu, kömbə, fətir, bəysumat, xamralı tarixən Naxçıvan mətbəxinə aid olan çörək növləridir. Muxtar respublikada 124 çörək istehsalı müəssisəsi fəaliyyət göstərir, bu müəssisələrdə 25 çeşiddə çörək hazırlanır. Culfa rayonunun Camaldın, Kırna və Saltaq kəndlərində qədim su dəyirmanlarının bərpa olunması da bu sahədə görülən işlərin tərkib hissəsidir.
Vurğulanıb ki, muxtar respublikanın rəhbərliyi tərəfindən milli dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması və yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. “Naxçıvan çörəkləri” festivalının keçirilməsi də əsrlər boyu formalaşmış kulinariya mədəniyyətimizin öyrənilməsi və təbliği ilə yanaşı, həm də bu mədəniyyətin gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Sonra tədbir iştirakçıları Naxçıvan çörəklərinin sərgi-satışı və bişirilməsi ilə tanış olublar.
Məlumat verilib ki, festivala Naxçıvan mətbəxinin ayrılmaz parçası olan çörək nümunələri çıxarılıb. Muxtar respublikanın hər bölgəsinin özünəməxsus mətbəxi olduğu kimi, həm də müxtəlif formalarda bişirilən çörək nümunələri var.
Festivalda “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin, o cümlədən çörək istehsalı ilə məşğul olan 25 fiziki və hüquqi şəxsin hazırladığı müxtəlif çörək çeşidlərinin sərgi-satışı və bişirilməsi təşkil edilib. Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və rəqs ansamblının çıxışı iştirakçılara xoş ovqat yaşadıb. Festival çərçivəsində “Ən dadlı çörək” nominasiyası üzrə müsabiqə keçirilib, qaliblərə diplom, “Naxçıvan mətbəxi” kitabı və hədiyyələr təqdim olunub. Tədbir Naxçıvan mətbəxinin zənginliyini nümayiş etdirməklə yanaşı, muxtar respublikaya gələn turistlərin də marağına səbəb olub.