Görkəmli xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin vəfatının 92-ci ildönümü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin bir qrup əməkdaşı və Tağıyev nəslinin nümayəndələri mərhumun Mərdəkandakı məzarını ziyarət ediblər.
Muzeydən bildiriblər ki, mərasimdə tanınmış xeyriyyəçinin fəaliyyəti ilə bağlı mühüm məqamlardan söhbət açılıb.
Milli Azərbaycan Tarixi Muzeyi H.Z.Tağıyevin 1895-1897-ci illərdə tikdirdiyi mülkdə yerləşir. Tağıyev XIX əsrin sonu - XX əsrin əvvəllərində neft dalğası ilə yüksələn Bakının tanınmış və hörmətli neft maqnatlarından biri olub. O, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə ümumxalq sevgisi qazanıb. Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tarixdə iz qoyub.
Bakıda ilk teatr binası, Cənubi Qafqazda müsəlman qızlar üçün ilk məktəb və s. onun adı ilə bağlıdır. XX əsrin əvvəlində Bakıda bir sıra xeyriyyə təşkilatları («Müsəlman xeyriyyə cəmiyyəti», «Nəşr və maarif», «Nicat» və s.) Tağıyevin dəstəyi sayəsində fəaliyyət göstərib. Dövrün tanınmış ziyalıları onun köməyi ilə Rusiyada, Avropada təhsil alıblar. Tağıyev sağlığında inqilabdan əvvəlki Bakının işgüzar həyatında mühüm yer tutan bütün etnik qruplar arasında inkaredilməz nüfuza malik olub. Təsadüfi deyil ki, o zaman Bakıda fəaliyyət göstərən müsəlman, rus, yəhudi və digər xeyriyyə cəmiyyətləri onu özlərinin fəxri sədri seçiblər.
1924-cü il sentyabrın 1-də Mərdəkanda vəfat edən H.Z.Tağıyev Axund Əbuturab məqbərəsində dəfn olunub.