Pirallahı adasına səhər-səhər gəldik. Hay-küylü Bakıdan sakit bir güşəyə düşdük. Bu sakitlikdən rahatlanan iş yoldaşım Vəli hətta ada sakinlərinə olan qibtəsini də gizlətmədi: - Vallah, burda yaşamaq xoşbəxtlikdir. Sakitlik, dəniz, təmiz hava. Kaş adamın evi də, iş yeri də burda olaydı. Havada qışın soyuğu hiss olunsa da, yaxşı Gün çıxmışdı. Belə havada, belə ovqatda gəlib çatdıq Pirallahı adasındakı Uşaq Yaradıcılıq Mərkəzinə. Arayış: Pirallahı adasında 13200 nəfər yaşayır. Abşeron arxipelaqının bu ən böyük adası içməli suyuna görə qədimdən insan məskəni olub. Pirallahının adı Ərəb Xilafəti dövründə yaranan xəritələrdə çəkilib. “Pir” sözü V əsr mənbələrinə görə “Pirayət” sözündəndir “ocaq”, “müqəddəs yer” anlamındadır. “Pirallahı”, yəni Allahın piri, məbədi deməkdir. Ehtimal ki, VII-VIII yüzilliklərdən sonra “Pir” sözünə “Allah” da əlavə edilərək “Pirallahı” olub. “Pirallahı» adına ilk dəfə XIV əsr mənbələrində rast gəlinir. “Pirallahı” sözünün rus dilinə edilmiş tərcüməsinə 1723-cü ildə I Pyotrun səfərlərində iştirak etmiş “Avtronil” yelkənli rus gəmisinin növbə jurnalındakı qeydlərində rast gəlirik. Rus dənizçiləri Abşeron yarımadasına yaxınlaşanda digər adalar kimi Pirallahını da görmüş, dəniz xəritələrində onun adını rusca “Svyatoy” yazmışlar. Bu isə “Pir” və ya “Pirallahı” adlarının sadə, lakin düzgün tərcüməsidir. İnzibati addəyişmə epidemiyası tariximizin bu təkrarolunmaz izini də müvəqqəti silə bilib. 1925-ci ildə Pirallahıya inqilabçı Artyom-F.A.Sergeyevin adı verilib. Tarixi qaynaqlarda göstərilir ki, Abşeron yarımadasının qurtaracağında, Pirallahı adası ilə üzbəüz müdafiə bürcləri olub. Təəssüf ki, adanın ərazisində, həmcinin, yarımada ilə üzbəüz abidələr dağıdılıb. İndi onlardan bir nişanə də yoxdur. XVIII əsr alman səyyahı İ.Lerxin (1703-1780) “Onun həyatı və səyahətləri” əsərindəki qrafik rəsmdə Pirallahı abidələri öz təsvirini tapıb. Onun təsvirlərindən bəlli olur ki, yarımadanın qurtaracağında yerləşən hər iki məqbərənin üzərində kitabə olmuş və türbələrin birində, giriş qapısı üzərində ərəb dilində Əbu Bəkr adlı ustanın adı həkk olunub. Bu tikililərin inşa olunmasına dair İ.Lerxin yazdığı 3070 rəqəmi anlaşılmazlıq yaradıb. Sənətşünaslıq doktoru, akademik Ə.V.Salamzadə bu tarixi dəqiqləşdirərək yazıb: ”Bu yəqin ki, hicri tarixi ilə 730-cu il deməkdir, çünki ərəb dilinin normalarına əsasən, rəqəmlər təklikdən yüzlüyə doğru yazılıb. Hicri tarixi ilə 730-cu il miladi 1329-1330-cu illərə müvafiq gəlir ki, bu da abidənin memarlıq xarakteristikasına uyğundur. Pirallahı məbədgahı XIX əsrdə dağıdılıb. Mərkəzin yerləşdiyi ikimərtəbəli binaya qədəm basanda, təbii ki, birinci diqqətimizi cəlb edən burdakı təmizlik, səliqə-sahman oldu. Bu, istər-istəməz, gəldiyimiz mədəniyyət ocağı haqqında bizdə xoş təəssürat yaratdı. Mərkəzin direktoru Şəfiqə xanım Yusifova ilə söhbətimizə müəllimlər də qoşuldu. Uşaqların əl işləri ilə tanış olduq. Öyrəndik ki, Uşaq Yaradıcılıq Mərkəzi 1939-ci ildə fəaliyyətə başlayıb. Sovetlər birliyi dağılana kimi bura pionerlər evi olub. Zəngin tərcümeyi-halı olan bu mədəniyyət müəssisəsi respublikamız müstəqilik qazanandan sonra Uşaq Yaradıcılıq Mərkəzi kimi fəaliyyətini davam etdirib. Rəsm, musiqi, milli və Avropa rəqsləri, dekorativ-tətbiqi sənətlər də daxil olmaqla, burda 22 adda dərnək var. Mərkəzdə 1576 uşaq məşğuldur. Uşaqların yaradıcılıq potensialının üzə çıxarılması üçün müəllim kollektivi maksimum əmək sərf edir. Bu da nəticəsiz ötüşmür. Şəfiqə xanım dedi ki, müxtəlif müsabiqə və festivallarda fəxri yer tutan, mükafat alan uşaqların adlarını sadalasam, böyük bir siyahı alınar. Direktor fəaliyyətlərinin bu əsas məqamını, necə deyərlər, zilə çəkmək istəməsə də, mən hər halda bəzi faktları açıqlamasını israr etdim. UYM 1997-ci ildə Kalininqradda “Dünya müəllimləri və uşaqları zorakılığa qarşı» beynəlxalq forumda iştirak edib. Pirallahıdan olan uşaqların əl işləri 46 ölkənin təmsil olunduğu bu forumda birinci yerə layiq görülüb. YUNESKO-nun HİV-ə qarşı mübarizəyə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgidə UYM -nin uşaqları 11 nominasiya üzrə diplom alıblar. Baykonurda-kosmodromda keçirilən festivaldan mərkəzin uşaqları mükafatla qayıdıblar. Şəfiqə xanımdan onu da öyrəndik ki, Pirallahıdakı yaşlı nəslin, demək olar ki, əksəriyyətinin ömür yolu bu ünvandan keçib. Onların hər birinin ürəyində Pirallahının ilk mədəniyyət ocaqlarından olan bu ikimərtəbəli bina ilə bağlı necə-necə xatirə yaşayır. Arayış: Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yol (damba-körpü) 1941-1944-cü illərdə tikilib başa çatdırılıb. Adanın şəhər mərkəzindən 60 km uzaqda olduğunu nəzərə alaraq burda yeni yaşayış massivlərinin salınmasına başlanılıb. Onu da deyək ki, 1937-ci ildə adada ilk mədəniyyət sarayı tikilib. Onun nəzdində kitabxana açılıb. Pirallahının inkişafı neft ilə bağlı olub. Adanın yeraltı sərvətləri haqqında ilk geoloji məlumatı 1861-ci ildə akademik Q.Abix verib. O sübut edib ki, Pirallahı adasında - quruda və dənizdə artıq 1870-ci ildə dərinliyi 100 metrdən yuxarı olan quyulardan neft çıxarırdılar. 1897-ci ildə Nobel qardaşları da adada kəşfiyyat quyuları qazmağa başlayıblar. 1992-ci ildə adanın qədim adı - Pirallahı özünə qaytarılıb. Son illər Pirallahı sosial-iqtisadi cəhətdən daha da inkişaf edib. Adadakı yaşıllıqlar park və xiyabanlar da daxil olmaqla 35 hektara yaxındır. Qəsəbənin ayrı-ayrı yerlərində istirahət guşələri, uşaqların əylənməsi üçün xüsusi yerlər ayrılıb. Burdakı gənclər parkı, uşaq parkı və digər istirahət ocaqları ada sakinlərinin sevimli ünvanlarıdır. 1998-ci ildə qəsəbənin Əzizbəyov kücəsində - magistral yolun yaxınlığında Qarabağ müharibəsində həlak olanların xatirəsinə “Şəhidlərin Abidə Kompleksi» tikilib. 2001-ci ildə V. Mustafazadə adına Mədəniyyət Sarayının ön tərəfində şəhidlərimizin adına “Yanar Məşəl” abidəsi ucaldılıb. Pirallahı qəsəbəsində mədəniyyət evi, musiqi məktəbi, iki kitabxana fəaliyyət göstərir. Təbii ki, hər hansı müəssisə və yaxud təşkilatın qazandığı uğurların arxasında zəhmət, kollektivə rəhbərlik edən şəxsin sağlam iş prinsipləri dayanır. Bu mənada mərkəzdə olduğumuz 4 saatlıq müddətdə Şəfiqə xanımın işə və işçilərə münasibəti ilə az-çox hali ola bildik. Mərkəzin direktoru ən əvvəl hərbçilərə məxsus hökmlü səsi ilə yadda qaldı. Bu məqamı ona xatırladanda, hətta məmnun oldu: ”Gizlətmirəm, xaraktercə hərbçiyəm”. Sonra əlavə etdi ki, tələbə oğlanlar ona universitetdə “qız qardaşımız” deyirdi. Özü hərbçi ola bilməsə də, oğlu Vüqar onun arzusunu gerçəkləşdirib - o, hərbçi zabitdir. Məlum oldu ki, Qarabağda və sərhəd bölgələrində elə bir döyüş nöqtəsi yoxdur ki, Şəfiqə xanım orda olmasın. Bircə fakt: 1993-ci ildə Novruz bayramı ərəfəsində Pirallahıda 50 kilo düyü süzüb, aş bişirib, min cüt corab toxutdurub (UYM-nin müəllim və uşaqları toxuyub) Qubadlıya- əsgərlərimizə aparıb. Qara-covğuna düşüb. Düşmən güllələri keçib başının üstündən. Ancaq vətən, torpaq məhəbbəti ölüm qorxusuna qalib gəlib həmişə. Şəfiqə xanımın cəbhə xatirələrini dinlədikcə, o, gözümüzdə ucalırdı. Bu da, istər-istəməz onun tərcümeyi-halını öyrənmək marağı oyatdı bizdə. Şəfiqə xanımın dediklərindən: - Gürcüstanın Faxralı kəndində doğulmuşam. O vaxt Gürcüstandan Bakıya təhsil almağa gələnlərin əksəriyyəti oğlanlar idi. Orta məktəbi bitirib elə həmin il də BDU -nun tarix fakültəsinə qəbul olundum. 1965-ci ildə oranı fərqiləmə ilə bitirdim. Həmin il də Pirallahıya gəldim. Çünki artıq sonuncu kursda ailə qurmuşdum. 168 saylı orta məktəbdə tarix müəllimi kimi işə başladım. Həyat yoldaşım Nizami Pirallahıda Neft Texnikumunun direktoru idi. Cavan olmasına baxmayaraq, böyük hörmət və nüfuzu vardı. Elmlər namizədi idi, gözəl şeirlər yazırdı. İndi də Pirallahıda 50 yaşdan yuxarı kimdən Nizamini soruşsan, gözləri dolar. ARDNŞ-nin yaşlı nəsil işçilərinin bir çoxu o texnikumun məzunlarıdır. 1968-ci ildə Soçidən - istirahətdən qayıdırdıq. Öz maşınımızda. Tiflisin mərkəzində qəzaya düşdük. Yoldaşım və iki yaş yarımlıq qızım həlak oldu. Beş aylıq oğlum bələkdə olduğu üçün sağ qaldı. Mən isə düz on il Moskvada - Neyrocərrayyə xəstəxanasında çarpayı dustağı oldum. 34 yaşımda qayıtdım Bakıya. Həkimlər dərs deməyə icazə vermədilər. Buzovnadakı 134 saylı internat məktəbində dərs hissə müdiri işlədim. Ancaq ürəyim Pirallahıda idi. 1981-ci ildə bura direktor gəldim. İki oğul nəvəm var. Yəqin onlar da hərbçi olacaqlar. Şəfiqə xanım susur. Axırıncı sözləri ilə sanki səsindəki kədəri silmək istəyir. Sonra stolun üstündəki dəvətnamələri mənə uzatmaqla söhbətin axarını dəyişir. - Elə bir bayram yoxdur ki, bizim mərkəz qeyd etməsin. Hər tədbirlə bağlı xüsusi dəvətnamələr hazırlayırıq. Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 90, Heydər Əliyevin anadan olmasının 85 illiyi, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə böyük tədbirlər keçirmişik. “Gənclər sağlam həyat tərzinə səs verirlər”, “Mən və mənim hüquqlarım”, “Məktəbdənkənar müəssisə-xidmət sahəsi kimi” dəyirmi masalarımız olub. Bir çox məşhur şair və yazıçıların yaradıcılıq gecələrini təşkil etmişik. Mən işimdən zövq alıram. Elə məni saxlayan da işdir. Öyrənirik ki, Şəfiqə Yusifova “Qabaqcıl təhsil işçisi” adına layiq görülüb. “Tərəqqi” medalı ilə təltif olunub. Mərkəzin direktoru sözünə davam edir. - Gələn il UYM-nin 70 illik yubileyi olacaq. Bura YUNESKO və xarici səfirliklərin nümayəndələrini dəvət edəcəyik. Böyük tədbirlər planı hazırlamışıq. Sağlıq olsun, siz də gələrsiniz. Şəfiqə xanımla sağollaşırıq. O bizi qapıya kimi yola salır. Maşınımız adanı sahilə birləşdirən damba-körpünü keçib üzü yuxarı qalxır. Uzaqdan adaya baxırıq. Hər ikimiz belə bir vətənpərvər, iradəli, işinə ürəkdən bağlı, ziyalı qadınla tanış olduğumuza görə sevinirik. İş yoldaşım Vəli qulağıma pıçıldayır: yadından cıxmasın, Yeni ildə Şəfiqə xanıma zəng vurub bayramını təbrik edərik. Qorxmaz Şıxalıoğlu






News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar