Azərbaycan xalqının və onun müasir dövlətçiliyinin tarixində Heydər Əliyevin müstəsna yeri var. Tam məsuliyyətlə deyə bilərik ki, H.Əliyev bütün şərəfli ömrünü Azərbaycan xalqının tərəqqisinə, onun mədəniyyətinin çiçəklənməsinə həsr etmişdir.
Qədirbilən xalqımız, o cümlədən mədəniyyət və incəsənət xadimləri ulu öndərin Azərbaycanın tərəqqisi naminə zaman-zaman göstərdiyi xidmətləri həmişə yüksək qiymətləndirmişlər.
Azərbaycan mədəniyyətinin böyük hamisi olmuş H.Əliyevin qayğı və diqqətini görmüş sənət adamları ulu öndəri bu gün də dərin hörmət və ehtiramla anırlar.
Sərdar Fərəcov - Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru, əməkdar incəsənət xadimi:
- Mən bu dəqiqələrdə ötən əsrin 70-ci illərini xatırlayıram. O dövr Heydər Əliyevin ən coşqun fəaliyyət dövrü idi. Həmin vaxt biz tələbə idik. Ölkəmizdə baş verən dəyişikliklərin, həyata keçirilən uğurlu layihələrin şahidi olurduq. Məhz o dövrdə H.Əliyevin xüsusi səyləri nəticəsində Azərbaycan mədəni həyatında ciddi dönüş yarandı. Onun şəxsən böyük sənətkarlarımıza - Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi bəstəkarlara birbaşa qayğısı biz gəncləri də ruhlandırırdı. H.Əliyevin Moskvaya - SSRİ rəhbərliyinə aparılandan sonra mədəniyyətə qayğı ənənəsi sanki unuduldu. Ölkədəki siyasi böhran daha çox mədəniyyət sahəsinə zərbə vurdu. Sənət adamları unuduldu, hətta dahi Üzeyir Hacıbəyovun yubiley tədbiri belə keçirilmirdi. Məhz H.Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışından sonra hər şey kökündən dəyişdi. Ölkəni siyasi böhrandan çıxaran milli lider mədəniyyətimizin də yenidən dirçəldilməsini təmin etdi. Həmin dövrdə mən onun çoxsahəli fəaliyyətinə və yenilməz iradəsinə «Böyük vətəndaş haqqında oda» əsərini bəstələdim. Böyük simfonik orkestr, bariton və xor üçün nəzərdə tutulan bu əsərin sözləri şair Tahir Taisoğluna məxsusdur. Biz bu əsəri sevgiylə, fəxrlə, böyük insanın əməllərini sevərək yazdıq. H.Əliyevlə bir dövrdə yaşamaq, onun fəaliyyətini izləmək özü belə böyük tarixi anlardır. Biz bu tarixi görmüşük. Bu gün bütün mədəniyyət və incəsənət işçiləri H.Əliyevi ən həzin xatirələrlə yad edirlər. Onun təkcə sənət adamlarına göstərdiyi qayğılardan saatlarla danışmaq olar.
Rauf Abdullayev - Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrin bədii rəhbəri və dirijoru, xalq artisti, Dövlət Mükafatı laureatı, professor:
- Heydər Əliyev mənim xatirəmdə bütün fəaliyyəti boyu mədəniyyətə xüsusi qayğı göstərən böyük insan, güclü lider kimi əbədi olaraq iz qoyub. O, incəsənət xadimlərinə qayğısını əsirgəməzdi. Böyük sənətkarlarımızın fəaliyyətini isə lap yaxından izləyər, onları diqqətdə saxlayardı. Ölkədə siyasi böhran yaşandığı, mədəniyyətin də durğunluğa düşdüyü vaxtlar mən fəaliyyətimi Türkiyə Opera Balet Teatrında davam etdirirdim. Az keçmədi ki, H.Əliyev ikinci dəfə xalqın istəyi ilə hakimiyyətə qayıtdı. 1993-cü ildə onunla Türkiyədəki tədbirdə görüşdük. Mənə dedi ki, qayıtmağın, fəaliyyətini vətəndə davam etdirməyin lazımdır. Çox keçmədi ki, mən birbaşa Heydər Əliyevin məsləhəti ilə vətənə qayıtdım.
O, mənim rəhbəri olduğum Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinə hər zaman qayğı göstərib və ilk olaraq mədəniyyət sahəsi üzrə bizim orkestrin əməkhaqqını qaldırıb. Tədbirlərimizdə iştirak edər, sonra isə fikirlərini bizimlə bölüşərdi. Mən onun incəsənət barədə yürütdüyü fikirlərə həmişə heyran qalırdım. Onun fenomenal yaddaşının özü belə qibtəedici idi. Onun böyüklüyü həm də özünü çox sadə və sərbəst aparmasında idi. Biz onunla söhbətdən çox şey öyrənmişik.
Elxan Qasımov - əməkdar artist, kinorejissor, aktyor:
- Bu gün dahi rəhbər, ulu öndərimiz Heydər Əliyevin anım günüdür. Onun haqqında ürək sözlərini bölüşmək hər bir azərbaycanlı üçün fəxrdir. Təkrarçılıq olmasın, belə bir məsəl var: «Dağın zirvəsi uzaqdan görünür”. Həqiqətən də ötən illər onu öz xalqına daha da yaxınlaşdırır. O, Azərbaycan mədəniyyəti üçün böyük bir irs qoyub.
Cəmil Əlibəyovun “Addım-addım irəli” filmində Şamaxıda Heydər Əliyevlə bağlı bir kadrı çəkə bilmirdik. Köməkçisindən xahiş etdik ki, bizə yardım etsin. Zəhmli, ciddi baxışlarla bizim nə istədiyimizi soruşdu. Gölün kənarında dayanarkən onu iri planda çəkməli idik. Əslində isə bu kadrı gölü seyr edərkən çəkməli idik, ancaq gecikmişdik. Ciddi baxışların altında böyük bir mərhəmət dayanırdı. Nəhayət, Heydər Əliyev bizim bu kadrı kinolentin yaddaşına köçürməyimizə şərait yaratdı. Bu gün ondan zəngin irsin miras qalması onun diqqətinin nəticəsidir. İstənilən sahənin adı çəkilərsə, orada Heydər Əliyev mənəviyyatı, dühası görünür. Kinematoqrafiya İttifaqının İdarə Heyəti təsdiq olunandan sonra bizi qəbul etdi. “Ad günü” filmindən Şəfiqə Axundova, Hacı İsmayılov daxil olmaqla, on səkkiz nəfər idik. Görüşdə ciddi söhbət əsnasında ustalıqla kiçik bir zarafat etdi. Sakitlik dolu otaqda gülüş sədaları əks olundu. O, özünəməxsus şəkildə deməklə yenidən sakitliyi bərpa etdi. Əzəmət, vüqarlılıq, kamillik və bir şəxsiyyət üçün vacib olan keyfiyyətlər ona Tanrı tərəfindən bəxş edilmiş vergi idi. Cismən bu dünyanı tərk etsə də, Heydər Əliyev dühası yaşayır. Nə yaxşı ki, Azərbaycan tarixində belə bir şəxsiyyət var. O, artıq öz xalqının qan yaddaşına həkk olunub. İllər, əsrlər keçsə də, xalq öz liderinin, xilaskarının anım tarixini qeyd edəcək. Bu gün biz kino işçiləri də ümummilli liderimizin xatirə günündə onun məzarını ziyarət edib, ruhuna dualar oxuduq.