Dünən N.Nərimanovun xatirə muzeyində ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş «Heydər Əliyev və muzeylərimiz» mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan muzeyin əməkdaşı Ramiz Əliyev ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, onun hakimiyyəti dövründə geniş muzey şəbəkəsinin yaradılmasından, xalqımızın mənəvi dəyərlərinin qorunub saxlanmasında bir ölkə başçısı və vətəndaş kimi gördüyü genişmiqyaslı işləri və bu sahəyə göstərdiyi qayğını dinləyicilərin nəzərinə çatdırdı. Sonra Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muzeyşünaslıq kafedrasının müdiri, professor Ramiz Ağayev Heydər Əliyevin Azərbaycanda ayrı-ayrı elm, incəsənət, ədəbiyyat və siyasi xadimlərin xatirə muzeylərinin yaradılmasındakı rolundan danışaraq qeyd etdi ki, görkəmli siyasətçinin bu sahəyə diqqət yetirməsi böyük bir uzaqgörənlik idi. Bu xatirə muzeyləri öz xalqının dəyərli insanlarını gələcək nəslə tanıtmaq üçün əvəzsiz bir mənbədir. Tədbirdə iştirak edən ADMİU-nun professoru, əməkdar incəsənət xadimi, tədqiqatçı-jurnalist Musa Bağırov Heydər Əliyev haqqında dinləyicilərin marağına səbəb olan bir çox məsələlərdən danışdı. Natiq qeyd etdi ki, Heydər Əliyev şəxsiyyətinə təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da böyük maraq göstərilir, bu fenomen şəxsiyyətin həyat və fəaliyyəti etiraf edilir: «Məsələn, mən bir dəfə İranda olarkən bir iranlı mənə söhbət etdi ki, Finlandiyada bir nəfər Heydər Əliyevdən maraqlı məlumatlar toplayıb. Mən Finlandiyaya gedib həmin adamı tapdım. O, Heydər Əliyevin Moskvadakı fəaliyyəti haqqında maraqlı faktlarla məni tanış etdi. Finlandiyalı həmkarımın öz kitabında yazdığı bir cümlə mənim üçün çox dəyərli idi. O yazmışdı: “Moskvada işlədiyi müddətdə Siyasi Büronun bütün üzvləri bu şəxsin qarşısında qorxu hissi keçirirdilər. Onlar sürətlə qocalırdılar”. Bu, başqa bir xalqın nümayəndəsinin xalqımızın oğluna verdiyi qiymət idi. Düşünürəm ki, biz hələ onun haqqında az demişik». Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyatşünaslıq üzrə elmi-metodiki mərkəzinin muzey bölməsinin müdiri Pakizə Almazova, A.Şaiqin xatirə muzeyinin müdiri, sənətşünaslıq namizədi Minəxanım Əsədli ulu öndərin respublikada muzey yaradılması işindəki əvəzsiz rolundan danışdılar. Tədbirin sonunda N.Nərimanovun xatirə muzeyinin direktoru Kamilə Hüseynova tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi. F.Şükürov






Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar