Ehtimala görə, Lənkərandakı Bəlləbur qalasının tarixi eramızdan əvvəl XII-IX əsrlərə aiddir. Lənkərançayın sahilində, dəniz səviyyəsindən 1300-1400 metr hündürlükdə inşa edilmiş bu qalanın bünövrəsi çay daşından, özülü isə bişmiş kvadratşəkilli kərpicdəndir. Qalanın qapı yeri, kərpicdən hörülmüş quyu və divarının qalıqları indi də durur.
Qalanın tarixi haqqında çox rəvayətlər var. Onların birində deyilir ki, eramızın IX əsrində Sasani şahı II Şahpur (309-379) İrana tez-tez basqınlar edən romalılardan, xəzərlərdən, köçəri hun tayfalarından qorunmaq üçün çoxlu qalalar tikdirir. Talışdakı İran canişini Hilal Babur da şahın əmri ilə indiki Lüvəsər kəndinin yaxınlığında əzəmətli bir qala inşa etdirir. Deyilənə görə, orada böyük bir qarnizon yerləşirmiş. Düşmən hücumlarının qarşısını alınması və bu yerlərdən keçən ticarət yollarının təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan qalanın daxili və ətrafı atəşpərəstlik elementləri ilə dolu olub.
1922-ci ildə Azərbaycan Arxeologiya Komitəsinin ekspediyası qala divarları üzərində günəş, ulduz, od təsvirlərini müəyyən etmişdir. Qalada ölümə məhkum edilmişlər xüsusi qapıdan keçirilib, əvvəlcədən hazırlanmış dərin quyu yanına gətirirlər və kəsilmiş başlar oraya düzülərmiş. Bu səbəbdən də həmin yer “Goronba” yəni “gorlara qəbir, qəbirlərə qapı” adlandırılmışdır. Ərəb istilası dövründə qala ərəblərin əlinə keçmiş və burada xilafətin qarnizonu yerləşdirilmişdir. Bəlləbur sözünün mənası, talışça “palıd tikanlığı” deməkdir. Çünki hündür palıd ağacları və tikanlıq qala üçün təbii hasar olmuşdur. Həmçinin ehtimal var ki, qala adı ilk sahibi Baburun adının ərəb əlifbasının ilk hissəciklərinin birləşməsi variantında: «Bə» «əl» «Babur» sözündən yaranmışdır. Bəlləbur qalası haqqında fransız arxeoloqu Jak de Morqan XIX əsrin axrında tədqiqat işləri aparmışdır. Morqan özü qeyd etmişdir ki, Lənkəran ərazisində eramızdan əvvəl XII- IX əsrlərə aid qazıntı materialları çoxdur. O, tədqiqat zamanı daş qutu qəbirlər, tunc əşyalar və bəzək şeyləri əldə edib, Fransadakı Sen-Zermen muzeyinə satmışdır. XIX əsrin axırlarında və XX- əsrin əvvəllərində Talışın tarixinə, o cümlədən Bəlləbur qalasının öyrənilməsinə maraq artır. Bu axtarışlar da qazanc əldə etmək məqsədi daşıyır. 1910-cu ildə Bəlləbur qalasında böyük xəzinə tapılır.
Bu vaxt qalanın bir çox yerləri dağıdılır, daşlar üzərində və divarlarda olan relyef işarə təsvirlərinin çoxu ləğv edilir. 1924-cü ildə Azərbaycan Arxeoloji Komitəsi yenidən Lənkəran ərazisində, o cümlədən Bəlləbur qalasında qazıntı işləri aparır. Arxeoloji tədqiqatların nəticələrinə görə vaxtilə qalanın divarlarında çoxlu miqdarda yay, ox, nizə, qılınc, qalxan, tunc, çıraq, döyüş baltası, mirzaq, habelə gipsdən düzəldilmiş quş və gül təsvirləri, o cümlədən günəş, ulduz və od relyefləri də olmuşdur. Qaladakı qoç heykəli heykəltəraşlıq cəhətdən mükəmməl əsərdir. Lakin təəssüf ki, qalada xəzinə tapmaq məqsədi ilə törədilən dağıntılar bu təsvirlərin çoxunun dağılmasına səbəb olmuşdur.
Bəlləbur qalasından tapılmış eksponatlar hazırda Lənkəran Dövlət Tarix-Diyarşünaslıq, bəzi eksponatlar isə Fransanın Sen-Zermen muzeylərində qorunur. Bəlləbur qalası qrafik təsvir və heykəltəraşlıq nümunələri ilə zəngin Talış diyarının əzəmətini göstərən qədim tarixi abidədir. Onun tarixi hələ də tam və hərtərəfli öyrənilməmişdir.
Tarixçilərin yolunu gözləyən qalanın şəklini əldə edə bilmədik. Daha dəqiq desək, bu qala elə dağıdılıb ki, ondan nəyisə fotoya götürmək çox çətindir. Hətta belə şayələr gəzir ki, rayonun keçmiş rəhbərlərindən biri bu qalanın Babəklə bağlı olduğunu bilib və onun izlərini ləğv etmək üçün həmin ərazini traktorla dağıtdırıb. Unutmaq olmaz ki, hər tarixi abidə bizim mədəni sərvətimizdir. Yazımı bu əzəmətli qalaya şair Mirhafiz Bahadırın şerinin bu misrası ilə tamamlayıram.
Bəlləburun, babəklərin
Şöhrətinə bələnərək
Qüdrətinə bürünərkən
Tarixlərdə dağtək durur.
Bəlləburun
Bu şöhrəti Vətənimə
Olub qürur
Azad Zülaloğlu
Qeyd: Yazı “Mədəniyyət» qəzeti redaksiyasının keçirdiyi «Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi” müsabiqəsinə təqdim olunur.