İxtiraçı-alim Nəbi Həmidov zəlzələnin qarşısını almaq gücündə olduğunu deyir

Zəlzələ bütün dövrlərdə olduğu kimi, bu gün də alimlərin, ixtiraçıların tədqiqat obyektidir. Bu istiqamətdə aparılan araşdırmaların  nəticələri, mütəxəssis fikirləri, rəyləri bəzən mübahisələrə səbəb olur. Gündəmdə öz aktuallığı ilə seçilən zəlzələnin qarşısının alınmasında  ehtimallar irəli sürənlər əminliklə çıxış edənlərdən daha çoxdur.

Kiçik yaşlarından sərbəst şəkildə təbiət hadisələrini öyrənməklə məşğul olan mühəndis - hidrotexnik, ixtiraçı Nəbi Həmidov isə məqsədyönlü təcrübələri zamanı əldə etdiyi nəticələrə əsaslanaraq bildirir ki, təbiət hadisələrini dəqiqliklə dərk edib, ondan bəşəriyyətin nəinki xilasına, hətta xeyrinə istifadə etmək mümkündür. “Mən bir ixtiraçı kimi bütün bu proseslərin qarşısını almağa qadirəm”- deyən ixtiraçı sübutlarla çıxış edir.


Onun dediyinə görə, əslində təbiət özü bizə bu hadisələri açmaq imkanı yaradır. Lakin Azərbaycanda “Kəşflər haqqında” qanun qəbul edilmədiyinə görə, onun bu addımına qeyri-ciddi yanaşılır: “Dünyanı lərzəyə salan təbiət hadisələrini kəşflərimlə ram etmək iqtidarındayam. Birmənalı şəkildə zəlzələ təbiətin ən qorxunc və dəhşətli hadisəsi kimi qəbul olunur. Yer qabığında baş verən titrəyişlər bir sıra hallarda yeraltı uğultular yaradır. Yerin üst hissəsində dalğavari hərəkətlərin yayılmasına, o cümlədən çatların əmələ gəlməsinə gətirib çıxarır. Mənim kəşfimin köməyi ilə seysmik zonalarda ekspedisiya təşkil edərək, həmin ərazilərdə baş verəcək zəlzələnin qarşısını almaq mümkündür. Çoxlarına fantaziya kimi görünə biləcək uğurlu nəticələr əldə etməyə arxayınlıqla söz verirəm”.


Tədqiqatçılar 2000-ci il noyabrın 25-də Bakıda baş verən zəlzələnin yüz ildə bir dəfə baş verə biləcəyini qeyd edirlər. Özü də bu zəlzələnin episentri dənizdə olduğundan elə bir dəhşətli dağıntı müşahidə edilmədiyi də bildirildi. N.Həmidov hazırladığı qurğu vasitəsilə həmin ərazilərdə tədqiqat aparılacağı təqdirdə uğurlu nəticə alınacağı ilə yanaşı, təkcə bir kəşfi istehsalatda tətbiq etməklə, əldə edilən gəlirlə 80 milyon insanı yaşatmağın mümkünlüyünü qeyd edir: “Bir faktı deyim, təkcə Fransada 57 atom elektrik stansiyası var. Atlantik okeanda uzunmüddətli sunamilər baş verir. Həmin mənbələrin fəaliyyəti pozulub. Bu da gec-tez Hind okeanında baş verən dəhşətli sunami kimi hadisələrə gətirib çıxaracaq. Sahilboyu atom elektrik stansiyalarının düzüldüyünü nəzərə alsaq, qəflət qabarma nəticəsində ən azı 5-10 atom stansiyasının dağılması suda və quruda radiasiya yaradacaq. Mənim bu kəşfimlə də məmləkətimizə xeyir gətirmək olar. Hind okeanında baş vermiş hadisə IV  təbiət prosesinin çox nadir hallarda törətdiyi “Qəflət dəniz qabarması” təbiət hadisəsidir ki, insanlar onu əfsanə adlandırırlar. Bu, “Dünya üzünü su basması”,”Nuhun tufanı”, “Atlantidanın məhvi” kimi hadisələrin baş verməsinə səbəb olmuşdu”.


İxtiraçı yaxın gələcəkdə “Qəflət okean qabarması” təbiət hadisəsinin Atlantik okeanda başvermə ehtimalının çox böyük olduğunu qeyd edir (artıq IV prosesin özünəməxsus əlamətləri özünü büruzə verir) və bunun, - yaxın gələcəkdə lazımi tədbirlər görülməzsə, okeanda və okean hövzəsi ərazisində canlı aləmin əzablı məhvi ilə nəticələnəcəyini vurğulayır.

Zəlzələni öncə heyvanlar hiss edir 

 
Əksər hallarda IV prosesin baş verməsi ərazidə təbii şəraitə uyğun olaraq, relyef dəyişmələri və yer tərpənməsi yaradır. Sunami dalğalarından fərqli olaraq “Qəfil qabarma” zamanı böyük dalğa mənbədən (episentr) onun parametri boyunca ani olaraq itələnir və hadisədən sonra sualtı relyefdə kəskin dəyişikliklər yaranır. “Zəlzələnin başlıca səbəbi daim gərginlik altında olan Yer qabığının ayrı-ayrı hissələrində tarazlığın pozulmasıdır” kimi söz yığınını qəbul etməyən ixtiraçı deyir: “Heç də təsadüfi deyil ki, seysmoloqlar zəlzələdən sonra zəlzələnin “gücünü”, ”hiposentr” və “episentr”ini, koordinatlarını təyin etmək, baş vermiş fəlakətlər haqqında statistik məlumatlar toplamaqla “seysmologiyanı” “zənginləşdirir”, daim gərginlik altında olan Yer qabığını daha da oyadırlar. Halbuki zəlzələ ən adi təbiət hadisələrindən biri olub, heyvanların hiss edə biləcəyi əlamətlərdən sonra baş verir”. Bu fikri əsas gətirən ixtiraçı IV prosesin törətdiyi təbiət hadisəsinin yetişməsi üçün uzunmüddətli zaman - “hazırlıq dövrü” keçdiyini bir daha xatırladır: «İlkin mənbənin yarandığı, yaxud əsas mənbələrin ayıldığı ilk andan başlayaraq qeyri-stabil III təbii proseslə müşayiət olunan “hazırlıq dövrü”nün özünəməxsus əlamətləri baş verir ki, bu da təbiət hadisələrini, xüsusən də zəlzələni (yerin quru səthi) çox asanlıqla idarə etmək imkanı yaradır. Yəni zəlzələnin labüdlüyünü göstərən təbii əlamətlər ilk andan dəqiqliklə müşahidə edilir, mənbənin və həmləötürücü sinirlərin koordinatları təyin olunmaqla, lazımi texniki tədbirlər əsasında mənbə neytrallaşdırılır”. 

Palçıq vulkanı xilaskarımızdır

Xəzər yarandıqdan sonra “Qəfil dəniz qabarması hadisəsinin Xəzərdə iki dəfə baş verməsi Xəzərdibi relyefdə açıq-açığına özünü göstərir. Xəzərsahili ərazilərdə də hadisənin özünəməxsus əlamətlərinə təsadüf olunur. Bu mənşəli relyef dəyişmələri Yerin quru səthində göllərin, şəlalələrin, vadilərin, çökəkliklərin (Qazaxıstanda Manqışlaq çökəkliyi) yaranmasına da səbəb olur. Təbiət hadisəsi fəlakətlə bərabər, təbiət gözəlliyi yaratsa da, bu, həmişə belə olmur.


Bakını zəlzələnin qarşısıalınmaz nəticələrindən palçıq vulkanlarının xilas etdiyini deyən müsahibimiz bəzi faktları da açıqlayır. O, müşahidələrinə əsaslanaraq Ceyranbatan gölü sahilində baş vermiş palçıq vulkanının karteri uçduğundan təbii sistemə hava dolduğunu qeyd edir: ”Yəni yeraltı kanal əmələ gəlib. Ona görə də başqa bir mənbədə yayılma baş verib. Bu mənbə 49 dərəcə 32 meridianla 40 dərəcə 27-ci paralelin kəsişdiyi ərazinin altında yerləşir. Buradan ayrılan qollar Mərəzə, Şamaxı istiqamətində hərəkət etməlidir. Həmin ərazidə otlayan qoyunların vaxtaşırı hürkməsi, gecələr isə kütləvi öskürməsi müşahidə olunmaqdadır. Zəlzələ yarandığı andan nə qədər gec baş verərsə, bir o qədər də gücü artır, baş verəsi təkanların sayı çoxalır”.


İxtiraçı həmin əlamətləri yerindəcə təyin etməklə, mənbənin koordinatlarını dəqiqləşdirib, yaratdığı qurğu sayəsində süni zəlzələ yaratmaqla bu dəhşətdən yaxa qurtarmağın reallığından dönə-dönə bəhs edir. Bu məsələdə ən azı heyvanların hissiyyatına güvənmək lazımdır. Ümumiyyətlə, ani olaraq baş verən zəlzələ və sunami dalğaları qəflətən dəniz qabarması ilə nəticələnir. O, bu kəşfi ilə belə dəhşətlərin qarşısını almaqda  iddialıdır. 

  
Şəmsi VÜSAL







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar