O, səhər yuxudan oyanıb, paltarlarını geyinib, əl-üzünü yuyub çay süfrəsinə yaxınlaşdı. Süzülmüş çayın yanında məktub var idi. O, məktubu əlinə götürdü, mətbəxdə səhər yeməyi hazırlayan həyat yoldaşının səsi eşidildi:


“Məktubu səhər sən oyanmamışdan az əvvəl poçtalyon gətirdi, çayının yanına qoydum ki, yadından çıxmasın, oxuyasan”.


O, məktubu oxumaq istəmirdi. Çünki son zamanlar aldığı bəd xəbərlər silsiləsindən ola bilərdi. Amma qismətdən qaçmağın qeyri-mümkün olduğunu da, yaxşı dərk edirdi.  Konverti açıb kağızı oxumaq istəyirdi. Bir neçə dəqiqə məktubu əlində saxladıqdan sonra açdı. Məktubu beş il əvvəl Moskvada öldürülən qardaşı yollamışdı. Axı neçə ola bilər? Onu öz əlləri ilə qəbrə qoymuş, üstünü də torpaqlamışdı, ehsan da vermişdilər onun üçün. Yox, bu ola bilməz, kimsə mənimlə oyun oynayır, məzələnir, kayf tutur, yəqin. Onun dizləri əsir, rəngi də avazımışdı. Məktubun kim tərəfindən göndərilməsindən qeyri heç nə oxuya bilməmişdi, qəfildən özündə güc taparaq məktubu oxumağa başladı: “Salam Əhməd, yaxud çoxunun dili ilə desək, Əhməd müəllim. Xatırladın, yəqin.  Əhvalınızı soruşmuram, bilirəm yaxşısınız. Mən gedəndən vəziyyətin dəyişib, əla ev, təzə maşın almısan. Oğlun da xaricdə təhsil alır.

Siz yaman çox dəyişmisiniz,  şəhərsə həmin şəhərdi, insanların gözlərində uçurum  var. Yenə hər şey gələcəyə, boş inamlara gömülüb. Televiziyada inkişafdan, tərəqqidən dəm vururlar, amma kasıblar heç kəsin vecinə  deyil. Hər şeydən xəbərim var, qocaların təqaüdləri dərman pullarına yetmir, oxuyanlar iş tapa bilmir, qadın alveri qoyun alverini üstələyib. Öz aramızdı, dost arvadı zorlamaq yaman dəb alıb ha oralarda, nə vaxt televiziyada kriminal xəbərlərə baxıramsa, belə mövzularla rastlaşıram. Söz aramızda, sən də eşitdiyimə görə ağ alveri ilə məşğulsan. Lap əcəb eləyirsən, əvvəllər sənə deyəndə ki, yaxşı yaşamaq üçün oğraş olmalısan, mənə atalar sözü deyirdin: “Ac ol, kişi ol»-ə heç acdan da kişi olar? Ataların hər basıb-bağladığına inanmaq olmaz,  hələ o vaxt demişdim sənə. Vaxtında mənə qulaq assaydın, hər şey indikindən də yaxşı olardı.

Tikinti  firmandan da xəbərim var, reklamlardan göründüyü qədər ömrü, dözümü çox olmasa da, görkəmi superdir. Fasiləsiz olaraq tikib sırıyırsız millətə. Hərdən yadıma düşür, bütün günü yazı yazırdın, kitab oxuyurdun, alim, yazıçı olmaq istəyirdin. Ağzını açanda xalqdan, millətdən dəm vururdun, nə bilim, milli mənəviyyat belə gəldi, soy-kökü belə getdi və s. Yaxşı ki, anladın hamısı boş şeydi, ən yaxşı halda çürük qozdan ötə deyil. Kimin nə vecinə vətən, xalq, üç ay, dörd ay bir qızın dalınca düşürsən ki, bir dəfə onu yatağına, ağuşuna ala biləsən. Deməli, hər şeyin tərkibində anlaşılan və anlaşılmaz qəribə bir təmənna mövcuddur, ürəkdən gələn hiss-zad boş şeylərdir hamısı. Barı gec də olsa, zamanı qəbul eləməyi bacardın, hər şeyi anladın. O, gün bilirsən nə yadıma düşüb? Rayonda yaşayanda muzeyin qarşısında keçirilən tədbirdə demişdin:  «Bu muzeydəki hər eksponant xalqın milli, tarixi sərvətidir. Biz babalarımızdan qalan həmin mədəniyyət incilərini göz bəbəyimiz kimi qorumalı və bizdən sonrakı nəsillərə sağ-salamat ötürməliyik”. İndi isə muzey müdiri ilə əlbir olub, muzeydəki antik əşyaları xaricə satırsan. Nə isə, məndən evdəkilərə salam de. Özün yaxşı bax, mümkün olduqca məktub yazacağam. Hələlik ”...


O, məktubu oxuduqdan sonra gözünə qaranlıq çökdü, nəfəsi daralmağa başladı. Məktubdakı bəzi məqamları yalnız qardaşı bilirdi. Məktubu bu formada yalnız o yaza bilərdi. Əgər məktubu qardaşı yazmışdısa, bəs beş il öncə öz əli ilə qəbrə qoyduğu, üstünü torpaqladığı adam kim idi? Onun ürəyini anlaşılmaz, qəribə hisslər bürümüşdü. Əcaib bir vahimə varlığını ağuşuna alıb onu cinləndirir, özündən çıxarırdı. O, alışqanını çıxarıb məktubu yandırıb külqabıya tökdü. Çayı soyumuşdu, gözləri baxdığı heç bir əşyaya qarşı diqqət yetirmirdi. Dərhal ayağa qalxıb asılqandakı pencəyini götürüb evdən çıxdı. Maşınını tələsik işə salıb, tozlaya-tozlaya küçədən uzaqlaşdı.  Ofisinə gəldi. İş otağına girməzdən əvvəl onu görən katibə ayağa qalxıb dedi: “Salam. Sizə məktub gəlib masanızın üzərinə qoymuşam”. O, cəld içəri girərək məktubu açıb oxumağa başladı: “Salam qardaş! Mən Esmira, kiçik bacın üç il öncə «ölən, yəqin, unutmamısan hələ. Mən yaxşıyam, hər şey lap ürəyimcədi burda. Eşitdiyimə görə, siz də yaxşısınız.

 Göz dəyməsin qılıncının dalı da kəsir, qabağı da. Puldan-zaddan heç ehtiyacın yoxdur. Vəziyyətin əla olsa da, yaşadığın həyatın çirkinliyindən, tərbiyəsizliyindən xəbərdaram. Unutmamısansa, bir vaxtlar məni açıq-saçıq geyinməyə qoymazdın. İndi qadın ixrac eləyirsən, Ərəb ölkələrinə, Avropaya. Şəhərdə üç-dörd yerdə məşuqələrin var, hərəsini də bir evdə saxlayırsan. Qızın da, deyirlər, narkaman olub, adın yamana çıxmasın deyə, evinin zirzəmisində həbs eləmisən. Başqa işlərindən də xəbərsiz deyiləm. Vaxt vardı ki, milli mənəviyyatdan məqalələr yazırdın, adət-ənənələrimizi tədqiq eləyirdin. İndi hər şeyi unudub ancaq sərvət arxasınca yüyürürsən, daha qəbrimizi də ziyarət eləmirsən. Qardaşın da çox inciyib səndən.  Hələlik”...


O, məktubu oxuyub qurtaran kimi əvvəl evə zəng edib arvadına, sonra otağından bayıra çıxıb katibəsinə - məşuqəsinə qəti tapşırıq verdi ki, daha ona gələn məktubları ona göstərmədən çırıb tullasınlar. Bir müdət sonrasa onun dəli olduğu və xəstəxanaya yerləşdirildiyi xəbəri qəzetləri bəzədi, şəhərdə hamının söhbətinin mövzusuna çevrildi. Deyilənlərə inansaq, xəstəxanada daim qışqıra-qışqıra bu sözləri deyərmiş: “ Onlar ölüblər, ölüblər, ölüblər!..”


Amma heç vaxt  heç kəsin ağlına gəlmədi ki, məktubları ona yazan qocalar evində yaşayan xəstə atası idi...







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar