20-ci yüzilliyin sonlarında Azərbaycan xalqı özünün Milli Azadlıq hərəkatı tarixinə fərəhli və kədərli, nikbin və faciəli hadisələrlə zəngin olan şanlı səhifələr yazdı. Bu, əsrlər boyu əsarətdə qalmış bir millətin milli dirçəliş tarixi, oyanış tarixi, milli özünəqayıdış tarixidir. Bu mənada 1989-cu ilin 31 dekabr günü fərəhli bir gündür. Bu gün - yüz illərlə arzusunda olduğumuz milli birlik, Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Milli tariximizin keşməkeşli, təlatümlü və həm də qanlı dövrünün qeyrət, ləyaqət günü, şərəf və şöhrət günüdür. Milli istiqlal hərəkatımızın inkişafının ən yüksək, fəxr və qürura layiq mərhələsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi: "31 Dekabr bütün dünyada yaşayan soydaşlarımız tərəfindən hər il ümumimilli bayram kimi təntənə ilə qeyd edilir. Onun əsas məzmununu xalqımızın milli mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq, azərbaycançılıq duyğuları və ideyaları təşkil edir".
1989-cu ilin Meydan hərəkatının qızğın dövründə xalqımız 150 illik istibdad zəncirini həlqə-həlqə qırıb atmaq əzmi ilə ədalətsiz "Kürəkçay"(14 may 1805-ci il), "Gülüstan" (5 noyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələrinə imza atan yadelli bölgüçülərin və onlara mirzəlik etmiş yerli alçaq məmurların ruhunu silkələdi.
Biz haqq səsimizi qaldırdıq, haray çəkdik, dünyanın müxtəlif guşələrinə səpələnmiş 50 milyonluq soydaşlarımıza müraciət etdik, onları birliyə, həmrəyliyə, milli varlığımızın və sevimli Vətənimizin müdafiəsinə çağırdıq. O gün azərbaycanlılar üçün tarixi bir gün, milli həmrıylik günü oldu.
Həmrəylik - bir millətin ayrı-ayrı qrupları, bölümləri, fərdləri arasında hərəkat birliyi, fikir, məfkurə, məslək, ideya birliyidir. Din və əxlaq birliyidir. Birlik, həmrəylik bir xalqın ümummilli, həyati problemlərinin, varlığı və hürriyyəti məsələlərinin həllinin yeganə vasitəsidir. Millət irticaya, işğala, istibdada, hər cür zülm və ədalətsizliyə qarşı mübarizədə ancaq birlik və həmrəylik şəraitində qalib gələ bilər. Hicrətin ikinci ilində Bədr cihadında 1000 nəfərdən artıq güclü silaha və hərbi təcrübəyə malik Məkkə qoşununa qarşı heç bir müharibə və döyüş səriştəsi olmayan İslam fədailəri çıxmışdı. Nəticədə 300 nəfər fədai 1000 nəfərlik nizami orduya qalib gəldi. Nə üçün? Ona görə ki, o 300 nəfər bir ideya uğrunda və bir bayraq altında vuruşurdu. 1000 nəfər isə hər kəs öz mövqei, canı və malı barədə fikirləşirdi.
Böyük türk ədibi Hüseyn Nihal Adsız (1905-1975) yazır: "Türkçülük bir ideyadır. İdeyalar millətlərin qidasıdır. İdeyasız millətin sonu qürub etməyə, sönük qalmağa məhkumdur. İdeyalar həqiqətlə xəyalın birləşməsindən doğan, dünənə baxaraq sabahı arayan, millətlərə hərəkət verən və böyük diləklərdir". (Əsərləri, 14-cü cild, İstanbul, 1992, səh. 11). Mən Nihal Adsızın "Türkçülük" ideyası da fikrinə ona görə istinad etdim ki, "Azərbaycançılıq" ideyası eynilə türkçülüyün eynidir. Biz azərbaycanlı olmaqla həm də türkük. Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" deyimini yada salın.
Həmrəylik, birlik bizə-azərbaycanlılara daha çox gərəkdir. Ona görə ki, Azərbaycanda bir çox dövlətlərin geosiyasi maraqları toqquşur. Bu da bizdən daha sıx milli birlik, həmrəylik, tələb edir.
Məlumdur ki, dövlət müstəqilliyimizi əldə edənə qədər səsimiz xaricdə yaşayan soydaşlarımız tərəfindən çox zəif eşidilirdi. Sovet imperiyasının xaricdə yaşayan soydaşlarımızla aramıza çəkdiyi dəmir pərdə öz işini görürdü. Lakin dövlət müstəqilliyi qazanandan sonra xalqımızın milli həmrəylik ideyaları dövlət siyasətinə çevrildi. Ulu öndərimizin xarici səfərləri, rəsmi müraciətləri, həyata keçirdiyi tədbirlər az bir müddətdə xaricdəki soydaşlarımızın diqqətini cəlb etdi, onlar dünənki küskün xəyallarından əl çəkməli oldular. Onların illər boyu qəlblərinin gizli bir guşəsində yatıb qalmış arzu və ümidləri cana gəldi. Azərbaycanlıların birlik və həmrəylik ideyası bütün dünyada yaşayan soydaşlarımızın zehninə hakim kəsildi. Hər kəs öz yaşadığı ölkədə öz icmalarını, diasporlarını yaratmaq işinə girişdi. Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və təşkilatçılığı ilə 2001-ci ildə dünya azərbaycanlılarının Bakı şəhərində qurultayı keçirildi. Müxtəlif ölkələrdən çoxsaylı soydaşlarımız öz ana vətənlərində bir məclisə toplaşdı, ömrü boyu Azərbaycanı görməmiş, lakin onun həsrəti ilə yaşamış bu həsrətlilər öz ana dillərində danışdılar, Vətən çörəyini yedilər, Vətən suyunu içdilər, Vətən havası ilə nəfəs aldılar, ata-baba yurdlarını ziyarət etdilər.
2002-ci ildə Azərbaycanda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Komitə xarici ölkələrdə yaşayan soydaşlarımızın diaspor təşkilatlarının yaradılması və bu təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi ilə məşğuldur. İndi xarici olkələrdəki diasporlarımızın təşəbbüsü ilə müxtəlif tədbirlər, konfranslar, simpoziumlar, aksiyalar keçirilir. Bütün bunlar bir tərəfdən xaricdə yaşayan soydaşlarımızın bir ideya ətrafında birləşməsi və təşkilatlanması işini sürətləndirir, digər tərəfdən isə Azərbaycan haqqında real məlumatları dünya birliyinə çatdırmaqla dünya siyasətində mövqelərimizi möhkəmləndirir.
Babaxan Niyazlı,
professor