Müharibə illərinin uşaqları qəribə olurlar. Bunu qələm dostlarımdan kiminsə dilindən eşitmişdim. Deyəsən, elə bu sözləri kövrək və qayğılı anlarının birində Şamil Süleymanlının özü demişdi. Doğum tarixi 3 fevral 1939-cu ilə təsadüf edən yazıçı və publisist, pedaqoq Şamil Süleymanlı dünyanın narahat illərinin, aylarının və günlərinin birində doğuldu. Onun əsərlərindəki epizodlardan birinin: “Qoca dünya, sənin bir rahat günün olacaqmı? Olacaqsa, o gününün adını de!” sualı da əslində müəllifin elə özünün sualıdır.
Yer üzündə müharibə kabusu dolaşırdı. Mənəm-mənəmlik, tamah və mənfəət uğrunda döyüşlər gedirdi. Dünya özünün ikinci müharibəsinə doğru irəliləyirdi. Daha doğrusu, onu-ona doğru sürükləyirdilər. Bir yandan da vətənimizdə 37-ci illərin xofu və qorxusu yaşanmaqdaydı.
Bir dəfə Şamil Süleymanlı dedi ki, elə bilirəm mən doğulan günü qulağım güllə səsi eşitdi. O, güllə bizim kimimizə dəydi, onu bilmirəm. Amma onu bilirəm ki, həmin gün, həmin an bizim ən böyük insanlarımızdan biri də getdi... Kimsə bir ər, kimsə bir sevgili, kimsə bir ata, millət bir oğul itirdi. İki yaşında dəhşətli müharibə başlayıb. Yeddi yaşında isə bu müharibə sona yetsə də, dəhşətlər sona yetmədi. “Oyandan da ki qanlı-qadalı, ölüm-dirim müharibəsi başlandı. Başıpapaqlıların hamısı davaya anaların, bacıların ismətini, torpağı el-obanı qorumağa getdi. Onların iş-gücünü nənələr, analar, bacılar, uşaqlar, görürdü. Hamı kimi Tutunun da gecəsi-gündüzü, dincliyi yox idi. Umu-küsü, tənəli baxışlar adamların qızmar günəş altında, aylı-ulduzlu, ya da zülmət gecələrdə əritdiyi zamana qarışıb yaddan çıxdı. Hamı eyniləşdi. Ümumi kədər yerdə qalan xırda, cılız nə vardısa, hamısını yaddan çıxartdı. Balaca Məlik evdəki nənnidən çox xırmanda, fermada mal - qaranın boş qalmış axırında yatardı”. Bu sətirlər yazıçının “Qisas” povestindəndir.
Bəli müharibə illərinin uşaqları anaların gözlərində daldalanıb, itib-batan sevincləri axtara-axtara bir də gördülər ki, ömrün dünənində acı xatirələrdən, göz yaşlarından, ehtiyac dolu illərdən savayı heç nə görünmür. Müharibə onların həyatında bir keçid oldu. Təkcə bir keçidmi? Bunların hamısı tarixi faktlar, bədii həqiqətlər idi. Tarixi faktları isə hadisələrə əsl vətəndaş məntiqi ilə yanaşıb, onu öz təxəyyülündən keçirə bilən insanlar bədii fakta çevirə bilirlər. Bu baxımdan Şamil Süleymanlı öz oxucularına kifayət qədər söz deyə bilibdir. Yazıçının həyatı, keçdiyi yol, qarşılaşdığı insanlar və hadisələr əsərlərinin mövzusu və başlıca xətti olubdur. Əvvəllər ədəbi-bədii tənqidin önə çəkdiyi bir fikrə tez-tez rast gəlinərdi: “Filan yazıçının qəhrəmanları bizim müasirlərimizdirlər”. Açığını söyləyim ki, bir zamanlar bezdirici görünən bu sözlərin indi həsrətini çəkirəm. Biz insanlardan yaxşılıq, xeyirxahlıq, nəciblik, yüksək insani keyfiyyətlər, yeri gələndə qəhrəmanlıq gözləmədikcə elə bil ətrafımızdakılar süstləşdilər, xırdalandılar, kiçildilər. Əvəzində insanların bəzilərində naqislik, qeyri-insani meyillər yarandı.
Ş.Süleymanlının qəhrəmanları bizim müasirlərimizdirlər. Onlar torpaq, vətən, millət və xalq üçün yaşamaqdan savayı özgə heç nə tanımırlar. Bu insanlar arasında prezident də var, hərbi qulluqçu da, ziyalı da, sadə insanlar da. “Cıdır düzü” hekayəsi bizi təkcə bir oxucu kimi düşünməyə yox , buraxdığımız səhvləri, göstərdiyimiz laqeydlikləri düzəltməyə, bir sözlə döyüşə çağırır. Düzdür burada şeypurlar səslənmir, toplar guruldamır, silahlar dinmir. Lakin kövrək, həzin hisslərin bir tufanı dolaşmaqdadır. “Yol boyu Xan qızı Natəvanın yaşıllığın qoynunda ağ bulud kimi səma ilə qovuşan imarətinə, yeni, yaraşıqlı tikililərə, qədim məhəllələrdəki Hacıquluların, Zöhabbəyovun imarətlərinə, Gövhər ağa məscidinə, Üzeyir bəyin, Bülbülün ev-müzeylərinə baxdım.
Yadımdadır, uşaq vaxtı bənna Rüstəm babadan soruşdum:
- Baba, bu hördüyün bina neçə ildən sonra uça bilər?
- Bala, sənətkar daşı-daşın üstünə qoyanda onu ömürlük qoyur. Binalar uçub dağılmaq üçün yox, həmişəlik dayanmaq üçün tikilir”.
Söhbət Şuşadan gedir. Milli iftixarımız, qürurumuz və ağrımız olan Şuşadan. Bu balaca səhnə düşünmək və nəticə çıxartmaq istəyən oxucunu istər-istəməz xəyallara daldırır. Bənna Rüstəm və onun kimi neçə-neçə memarlar, ustalar, bizim babalarımız daşı-daş üstünə qoyub Şuşa kimi milli və mənəvi bir qala yapdılar. Onun bugünkü aqibətini yuxularına belə gətirmədilər. Yaratdıqlarının əbədi, qurduqlarının ölməməzliyi barədə düşündülər. Xırdaca epizodik surət olan bənna Rüstəmi unutmaq olmur. Bu zəhmətkeş insanın qollarının ağrısı, biləklərinin sızıltısı, əllərinin qabarı elə bil adama indi-indi gəlib çatır. Halal zəhmətimizlə qurulub - yapılanlar haramzadələrə əsir düşdü.
Yazıçı üçün zəngin həyat təcrübəsinin verdiklərini bəzən qalın-qalın kitablar verə bilmir. Bu baxımdan Şamil Süleymanlı mövzu kasadlığı duymayan yazıçıdır. Ağır uşaqlıq illəri keçirib. Fəhləlikdən tutmuş, Gəncə şəhər partiya komitəsinin ikinci katibi vəzifəsinədək yüksəlibdir. Qeyd edim ki, ötən əsrin yetmişinci illərində Həsən Həsənovla birgə onların Gəncə şəhərinə rəhbərlik etmələri xüsusi, geniş bir mövzunun söhbətidir. Sonralar Şamil Süleymanlı Azərbaycan Dəmir Yolu İdarəsinin Tədris Müəssisələri Şöbəsinə rəhbərlik etdi. “Yazıçı” nəşriyyatında direktor, ölkənin Nazirlər Kabinetində məsul işdə çalışdı. Bundan əvvəl isə o, bir çox rayonların və şəhərlərin rəhbərliyində təmsil olunaraq Azərbaycan Ali Sovetinin deputatı seçilmişdi.
Keçməkeşli həyat yolu, vəzifə pillələri, yüksək etimadlar Şamil Süleymanlıya əbədi bir həyat materialı, bitib - tükənməyən mövzular, müxtəlif xarakterli insanlar qalereyası bağışladı. Yazıçı özü isə xaraktercə dəyişməz qaldı, bütövləşdi, kamilləşdi. Vətəndaş mövqeyindən, torpağa, vətənə bağlılıqdan bir an uzaq düşmədi. Onun kitablarının, əsərlərinin adına nəzər yetirmək kifayət edir. “Hünər meydanı”, “Nəğməli ürək”, “Qürbətdən gələn səda”, “Qan izləri”, “Böyük yolun davamı”, “İnsanın yaxşı adı”, “Qibləsiz məzar”, “Kəsilmiş çinarın kölgəsi”, “Zülmət və nur”... Bunlar bir ömrün zamana uzanan rişələri, uzaqlara və yaxınlara üz tutan kökləri, budaqlarıdırlar. Yazıçının istər publisistik əsərləri, istərsə də hekayə və digər yazıları, povest və romanları maraqlı, mən deyərdim ki, həm də yaralı yerlərimizdən xəbər verən problem və mövzuların toplumudur. Xırdasından və irisindən asılı olmayaraq bu əsərlərin qəhrəmanları, oradakı hadisə və əhvalatlar insanı düşünməyə, oxucunu nəticə çıxartmağa, təzələnməyə çağırır.
Hərdən deyirlər ki, filankəs yorulmadan çalışır. İnsan olan kəs yaşın bütün çağlarında və zamanlarında yorula bilir. İnanıram ki, südəmər uşaq da hərdən yorulur. Bəzən lap heydən də düşür. Sadəcə insanı yorulmağa qoymayan müqəddəs hisslər, düşüncələr olur. Şamil Süleymanlı ötən il oxuculara yeni bir kitab təqdim elədi: - “Azərbaycan ədəbiyyatı ensiklopediyası”. Bu kitabın üzərində onun işləməsindən xəbərim var idi. Qələm dostum böyük bir işin altına girmişdi. Sonda məqsədini uğurla başa çatdırdı. Ədəbiyyatımızın ta qədim zamanlarından, erkən dövründən XX əsrədək böyük bir mərhələni əhatə edən bu ensiklopedik məlumat kitabını ədəbiyyatşünaslığımıza və ədəbiyyatımıza olan böyük töhfə də adlandırmaq olar. Böyüklük bir də ondadır ki, bu kitab kollektiv əməyin yox, məhz Şamil Süleymanlının təkbaşına axtarışlarının, zəhmətinin və əməyinin bəhrəsidi. Fikirləşirəm, əgər hər birimiz ədəbiyyat tariximizə bu dərəcədə üz çevirib, hansısa qaranlıq məqamların işıqlanmasında müəyyən xidmət göstərmiş olsaydıq, indi bizim keçmişimiz nur dənizində çimərdi. Hələlik kitabın I cildi işıq üzü görüb. Yazıçı kitabın növbəti cildi üzərində işləyir, axtarışlarını davam etdirir. Deyim ki, yorulmur, əlbəttə, yorulur. Amma ədəbiyyata və sənətə xidmət edəndə, yazıb yaradanda, millətinə qulluq göstərəndə, bir sözlə, insan öz əməyindən ləzzət alanda heç vaxt yoruldum demir.
Arxada ömrün uzaq və yaxın illəri, qaynar çağlar, qarşıda isə zirvə... Amma o zirvəyə hələ çox var. Əlbəttə, mən yaşın və ömrün zirvəsini nəzərdə tuturam. İrəliyə doğru, görünən ən yüksək uğurlara sarı Şamil Süleymanlı! Yetmiş yaşında yetərincə yazmaq, yaratmaq, yaşamaq üçün qarşıda hələ nə qədər fürsət var. Ömrün və zamanın sözü qurtaran, tükənən deyil. Amma onu da hamı deyə bilmir.
Taleh HƏMİD