Müstəqillik yoluna qədəm qoyduqdan sonra xalqımız Azərbaycanı dünyanın sivil ölkələri sırasına çıxarmağa, doğma torpağımızın hər qarışını, tarixini araşdırmağa, onun inkişaf mərhələlərini dərindən öyrənməyə çalışır. Ölkəmizin hər guşəsində qədim dövrlərimizi əks etdirən memarlıq abidəsi var. Bunlar Vətənimizin qədim və şərəfli tarixə malik olması ilə bərabər, şəhərsalma mədəniyyətinin, incəsənətimizin bir qolu olan memarlığın inkişaf mərhələlərini də əks etdirir.Təsadüfi deyildir ki, dünyada ilk insan yaşayış məskənlərindən sayılan Azıx mağarası məhz Azərbaycandadır. Təbrizdəki Ərk qalası, Naxçıvandakı Əlincə qalası, Dəvəçidəki Çıraqqala, Dəmirqapı Dərbənd qalası, Bakıdakı İçərişəhər, Qarabağdakı Şuşa və Əsgəran qalaları neçə-neçə minilliklərin qovğalarından keçərək günümüzə kimi gəlib çatmışdır.
İslam dinini qəbul etdikdən sonra xalqımız İslam dəyərlərinə hörmət əlaməti olaraq hər bir müsəlman yaşayış məskənində müqəddəs şəxslərin qəbirləri üzərində türbələr və məscidlər tikməyə başladı. İnsanlar bu məscidlərdə ibadət edər, qurbanlar kəsər, digər dini mərasimləri icra edərdilər. Təəssüflər olsun ki, bir çox tarixi abidələrimiz, eyni zamanda məscidlər düşmən hücumlarına məruz qalaraq uçulub dağıdılmış, bir çoxu günümüzə gəlib çatmamışdır. Hazırda Azərbaycan ərazisindəki ən qədim məscid 12-ci əsrdə inşa edilmiş Naxçıvan Cümə məscididir.
Məscidlərin tikilməsi yerləşdiyi ərazinin memarlıq üslubunda işlənərək çoxsaylı memarların yetişməsində əhəmiyyətli rol oynamışdır.
Haqqında söhbət açmaq istədiymiz Xırdalan şəhər məscidi də belə abidələrdəndir.
Abşeron memarlıq məktəbinin tipik nümunəsi olan Xırdalan məscidi 1884-cü ildə inşa olunmuş və bu günümüzə kimi öz əzəmətini qoruyub saxlamışdır. Bu məscid vaxtilə həmin ərazidə yerləşmiş kiçik köhnə məscidin yerində Axund Hacı Molla Qafur Ələsgər oğlunun təşəbbüsü və kəndin imkanlı şəxslərinin vəsaiti hesabına tikilmişdir. Tikintidə istifadə olunan daşlar at-araba ilə Alatava və Güzdəkdən daşınıb gətirilmişdir.
Şirvan-Abşeron məscidlərinə xas asimmetrik tək minarəsi olan Xırdalan məscidinin əsas binası daxili ölçüləri 12-16 metr olan böyük ibadət zalından və 2 yan otaqdan ibarətdir.
Yan otaqların birindən məscidin arxasındakı həyətə çıxış var. Xırdalan məscidi iki mərtəbəlidir, yəni yan otaqların üstündə həyətdən ayrıca girişi olmaqla 4-12 metr ölçüdə qadınlar üçün ibadətxana da vardır ki, bura xüsusi dəmir şəbəkə ilə əhatə olunmuşdur. Dini mərasimlər zamanı kişilər aşağıda, qadınlar isə yuxarı mərtəbədə ibadətlə məşğul olurlar.
Böyük ibadət zalının ortasında ornamentlə və yazılarla bəzədilmiş günbəz vardır. Məscidin tavanı isə interyerə xüsusi yaraşıq verən 6 ədəd sütun üzərində dayanır. Sütunların tikilməsində inşaat materialı kimi bütün kənd əhalisindən yığılmış yumurtaların sarısından istifadə edilmişdir. Məscidin cənub şərq divarının mərkəzində müqəddəs Kəbənin istiqamətini bildirən mehrab var. Mehrabın ətrafında oxvari ornament işlənmişdir.
Məscidin minbəri 1899-cu ildə Hacı Hümbətəli adlı kənd sakini tərəfindən məscidə hədiyyə edilmişdir.
Məscidin həyətindəki minarə 1937-ci il repressiyasının qurbanı olmuş və onun daşları sökülərək Xırdalan kənd məktəbinin tikintisində istifadə olunmuşdur. Hazırkı minarə isə 1999-cu ildə tikilmişdir. Keçmiş SSRİ dövründə kolxozun taxıl anbarına çevrilmiş məscidin qapısına vurulmuş qıfıl keçən əsrin 90-ci illərində sındırılmış və Allahın evi yenidən dindarların öhdəsinə verilmişdir. Hazırda məscidin nəzdində mədrəsə də fəaliyyət göstərir. Burada ərəb dilini və Quranı öyrənmək istəyənlərlə dini təhsil almış müəllimlər məşğul olur.
Qaim CƏfƏrov