Fevralın 2-də Muzey Mərkəzində “Azərbaycan aşıq musiqisi antologiyası” diskinin təqdimat mərasimi keçirildi.
  
   Azərbaycan aşıqlarının yaradıcılıq nümunələrinin cəmləndiyi disk Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın “Maison des Cultures du Monde” (Dünya Mədəniyyət Evi) Assosiasiyası arasında imzalanan müqavilə əsasında “İNEDİT” səsyazma şirkətində istehsal edilib. 2 hissədən ibarət diskdə Azərbaycan aşıq məktəbinin 18 ən görkəmli nümayəndəsinin ifasında 31 saz havası toplanıb.
   Təqdimat mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aşıq sənətinin YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına salınması ilə əlaqədar müvafiq fayl hazırlanaraq təşkilata təqdim olunduğunu bildirdi: «Bu gün aşıq musiqisinin də muğamımız kimi dünya səviyyəsində təbliği və milli-mənəvi incilər siyahısına salınması istiqamətində nəzərdə tutulan bütün işlər görülür. Bu qəbildən olan tədbirlərdən biri də yaz aylarında Fransanın məşhur Luvr muzeyində olacaq. Belə ki, burada aşıq musiqisinin səsləndirilməsi nəzərdə tutulur». Fransanın Azərbaycandakı səfiri Qabriel Keller və “Maison des Cultures du Monde” Assosiasiyası “İNEDİT” şirkətinin direktoru Pyer Bua Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin yüksək səviyyədə olmasından söhbət açdılar.
   P.Bua Azərbaycan muğamlarının YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısının şedevr nümunəsi adlandırıldığını bildirmiş, təqdimat üzrə aşıq sənətimizin də qeyri-maddi mədəni irs siyahısına daxil ediləcəyini söylədi.
   Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub, diskin tərtibatçısı, YUNESKO-nun Azərbaycanda qeyri-maddi irs üzrə eksperti, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun böyük elmi işçisi, sənətşünaslıq namizədi Sənubər Bağırova diskdə Azərbaycan aşıqlarının az bir qisminin təmsil olunduğunu və bu xeyirxah işin davam etdiriləcəyini bildirdi. Sonda aşıqların ifasında müxtəlif el havaları dinlənildi.
   Həmidə






Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar