Ancaq erməni saxtakarlığı bu həqiqəti anlamır
  
   Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “...Bu, bildiyimiz kimi, həm təbiətin böyük bir abidəsidir, eyni zamanda insan yaradıcılığının abidəsidir. Bu abidə Azərbaycanındır. Azərbaycanın tarixini əks etdirən abidədir”. 

   Azərbaycanın qədim abidələr diyarı olan Naxçıvanın hər bir dağı haqqında nəsillərin yaddaşında yaşamış əfsanələr bəşər tarixinin ilkin təkamül çağlarından xəbər verir. Qədim dünyanın ən müqəddəs yerlərindən biri sayılan Gəmiqaya Ordubad rayonu ərazisində, Tivi və Nəsirvas kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıqda yerləşir.
    Gəmiqaya ulu babalarımızın əsrlər boyu inanc yeri olmuşdur. Burada, dağın zirvəsində qədim türk elləri ilə bağlı iki təbii göl vardı: Göygöl və Qazangöl. Göygöl dəniz səviyyəsindən 3065 m, Qazangöl isə 3150 m hündürlükdə yerləşir. Gəmiqayanın 4 tərəfindəki oba, yaylaq, çay, çeşmə, bulaq və dərə-təpələr qədim türk soylarının adı ilə bağlıdır. Burada qeydə alınan 100-dən artıq toponim Naxçıvan, 70-ə yaxın isə Zəngəzur ərazisindədir. Tədqiqatçıların qənaətinə görə, ermənilər heç vaxt Cənubi Qafqazın yerli sakinləri olmamışlar. Qədim türk mədəniyyəti üçün səciyyəvi olan qayaüstü rəsmləri özündə əks etdirən Gəmiqaya abidələri Azərbaycan xalqının tarixinin, mənəvi mədəniyyətinin öyrənilməsi üçün böyük xəzinədir. Gəmiqaya abidəsi ulu babalarımızın yaratdığı incəsənət əsəridir. Gəmiqaya qayaüstü abidələri 3000-3500 metr yüksəklikdə olan Qaranquş yaylağındadır. Lakin bundan başqa, bu tip təsvirlərə Qapıçay zirvəsindən başlayaraq, Qəmişölən və Nəbiyurdu yaylağınadək geniş bir ərazidə rast gəlmək mümkündür. Təsvirlər içərisində rast gəlinən insan, maral, keçi, öküz, ilan, quş, araba, it, aslan, fantastik heyvan, damğa, ov səhnələri Azərbaycan turkünün qədim mifologiyası ilə bağlıdır.
   Naxçıvanın sərhəd zonalarındakı dağ kəndlərində Havüs, Çaqasir, Yuxarı Yaycı, Şada, Ərəfsə, Keçili, Batabat, Keçəldağ və Gəmiqaya yaylaqlarına erməni quldurlarının aramsız silahlı basqınları nəticəsində, onlarla mədəniyyət abidəsi dağılmış və çox sayda insanlar qətlə yetirilmişdi. Gəmiqayadan Şərur rayonun Teykara adlı ərazisinə qədər yerləşən nadir və zəngin maddi-mədəniyyət abidələrinin müqəddəratı bu gün də böyük təhlükə qarşısındadır. Belə gərgin və təhlükəli şəraitdə son illər Gəmiqayada tədqiqat işləri davam etdirilmiş, Qaranquş yaylağında yüzlərlə yeni qayaüstü təsvirlər qeydə alınmışdır. Gəmiqaya təsvirləri və buradakı yurd yerləri Naxçıvan ərazisində e.ə VII-I minilliklərdə yaşayan qədim əhalinin həyat tərzini və mədəniyyətini öyrənməyə əsas verir. Naxçıvan ərazisində 50-60 min il bundan əvvəllər təsviri incəsənətin geniş və yüksək inkişaf tapdığını Gəmiqaya petroqlifləri daha parlaq şəkildə əks etdirir. Buradakı qəbirüstü abidələr antik və orta əsr dövrlərini öyrənmək üçün ən dəyərli mənbədir. Təkcə bunu qeyd etmək kifayətdir ki, Gəmiqayada xalqımızın etnogenezi ilə bağlı mövcud olan müxtəlif işarələr və tayfa damğaları özünün tədqiqini gözləyir. Gəmiqaya qayaüstü təsvirlərinin, eləcə də Naxçıvanın digər abidələrinin Azərbaycanın mədəniyyət tarixinin öyrənilməsində böyük elmi əhəmiyyət kəsb etdiyini yaxşı anlayan şovinist erməni “tədqiqatçıları” son illər nəşr etdikləri bir sıra məqalə və kitablarda saxtakarlıqlara yol vermiş və verirlər. Bədnam A.Ayvazyan Ermənistan EA xəbərlərində ( 1982, № 2) nəşr etdirdiyi “Naxçıvanın qaya təsvirləri” adlı məqaləsində Gəmiqayanı erməni abidəsi kimi qələmə almışdır. Məqalədə Gəmiqaya toponimi Navazor, Tapanazor kimi saxta adlarla əvəz olunmuşdu. Onun fikrincə, biz guya dağın əsl adını dəyişdirib, Gəmiqaya adı vermişik. Məlumdur ki, Gəmiqaya toponimi şumer mənşəli mifologiya ilə bağlıdır. Göründüyü kimi, min illər boyu xalq arasında tanınan Gəmiqaya tarixi toponiminin adının dəyişdirməyə heç bir əsas və ehtiyac yoxdur. Gəmiqaya və onun ətraf ərazilərinin əsassız şəkildə “Qoktila Mespon”, “Mastosla” bağlamaqla bu başı bəlalı “müəllif” açıq-aşkar şovinist mövqe tutmuş və Naxçıvanı Ermənistan ərazisi kimi göstərmişdir. Naxçıvanın qədim tarixi abidələrini ermənilərə aid etmək hərisliyi zaman-zaman davam etmişdir. Erməni millətçilərinin təşəbbüsü ilə Naxçıvanın bir sıra abidələri oğurlanmış və məhv edilmişdir. Eyni zamanda bəzi tədqiqatçılar ağlasığmaz saxtakarlıqlara yol vermişdilər. A.Ayvazyan və B.Mkrtıyan orta əsr Azərbaycan Eldəgizlər dövlətində zərb olunmuş mis pulları (sikkələri) e. əvvəl XIX əsrə aid hay sikkələri kimi qələmə vermişdilər. Həmin pullar Ermənistan Tarix Muzeyinin Numizmatika şöbəsində tədqiq edildikdən sonra ifşa olunmuşlar. Sübut olundu ki, bu sikkələr XIX əsrə aid deyil, 1136-1225-ci illərdə hökmranlıq etmiş Eldəgizlər sülaləsindən olan Atabəylərə məxsusdur. Şərqşünas-alim B.B.Piroqrovski Ermənistan EA-nın “Tarix-filologiya» jurnalında (1971-ci il № 3) erməni saxtakarlığını tənqid etmişdir. A.Ayvaziyan “Naxçıvanın memorial abidələri və relyefləri” (1987) kitabında Naxçıvanın e.ə. VI-I minilliklərə, antik dövrə, orta əsrlərə, xüsusilə Atabəylər, Ağqoyunlu və Qaraqoyunlu dövlətləri dövrünə aid tarixi abidələrini erməni abidələri kimi qələmə vermişdir. Burada da Gəmiqaya toponimi Navazor və Tapanazor adlandırılmış, qayaüstü rəsmləri isə erməni abidələri kimi qeyd olunmuşdu. Gəmiqayaya gizli yolla, bədnam niyyətlərlə gələnlər bu qədim Azərbaycan abidəsini erməniləşdirmək məqsədi ilə bəzi qayalar üzərində müəmmalı işarələr cızmışlar.
   Gəmiqaya abidələri Azərbaycanın mədəniyyət tarixinin incisidir. Bu abidələr Azərbaycan xalqının mədəniyyətinin bir çox məsələlərini öyrənilməsi üçün nadir xəzinədir.
  
   Hüseyn ƏLİYEV,
   Naxçıvan