Müasir dövrdə ən gözəl memarlıq elementi, Azərbaycan memarlığının ayrılmaz tərkib hissəsi olan, ta qədim zamanlardan başlayaraq, bu günümüzə qədər gəlib çatmış Ş Ə B Ə K Ə lərdən istifadəyə böyük maraq var. Şəbəkə bitkin bir sənət əsəri olaraq, bütün zamanların memarlığında ən çətin və yüksək zövq tələb edən elementlərdən sayılıb. Hazırda Azərbaycanda bu işlə davamlı məşğul olan, onun inkişafına və yayılmasına xidmət edən, adla tanınan şəbəkə ustaları, memarlar var. Şəbəkəni yaşadan məhz onlardır.
   
   «Azərbaycan dilinin izahlı lüğəti»ndə şəbəkə sözü bir neçə anlamda təqdim olunsa da, əsas olaraq ağacdan, daşdan, metaldan düzəldilmiş hörgü, barmaqlıq, ornament kimi izah olunur.
   Tarix boyu şəbəkələrdən tək Azərbaycanda yox, qədim Uyğurustandandan başlamış Balkan yarımadasına qədər bütün türk dünyasında geniş istifadə olunub. Təqribən VI əsrə aid olan ən qədim şəbəkə Özbəkistanla Türkmənistan respublikaları arasında, Xarəzmdə Torpaqqala deyilən bir yerdə qazıntı işləri aparılarkən tapılıb. İlk şəbəkələr müstəvi şəklində deyil, cam formasında olub. Belə bir lap qədim şəbəkə Orta Asiyada qorunub saxlanılır. Bəllidir ki, qədim zamanlarda indiki kimi böyük şüşələr istehsal edilmirdi. Uzağı 10-15 sm-lik şüşələr hazırlanırdı. O çağlar bu şüşələri bir yerə toplamaq, yapışdırmaq üçün gəcdən istifadə edirdilər. Öncə xaotik düzülüşdən yararlansalar da, sonralar bu iş bir qədər mükəmməlləşdi: xaos həndəsəyə çevrildi. Gözəllik və həndəsi tənasüblük birlikdə baxımlı sənət əsərləri yaratdı. Getgikcə şəbəkələrdən dekorativ element kimi istifadə olunmaqla, naxışlandırmaya də önəm verdilər.
   Dünyada, eləcə də Azərbaycanda şəbəkənin iki növü var- Ş Ə M S İ və C Ə F Ə R İ. «Şəms» ərəb dilində günəş deməkdir- bu şəbəkələr günəşə bənzəyən radial bir kompozisiya olduğundan elə bil ki, şüalanma verir. Şəbəkənin adı burdan yaranıb. Şəmsilərdə rənglər bu ardıcıllıqla düzülür: lap mərkəzdə sarı rəng, sonra narıncı, qırmızı, göy, yaşıl və ya bənövşəyi. Burda spektr elə götürülür ki, şəmsin ən isti yeri sarı olur, sonra qızarır və bənövşəyiyə qədər yayıla bilir. Şəmsi şəbəkələr mütləq xırda elementlərdən yığılır və çox zaman mismarsız, yapışqansız bir-birinə geydirilir. Şəbəkənin hər xırda elementinin adı A L Ə Tdir. Alətlər qəliz quruluşda olub, ucluqları bir-birinə geydirilir. Bu birləşmə riyaziyyatdakı «Qovşaqlar nəzəriyyəsi»nə («Teoriya uzlov») əsaslanır. Elə şəbəkələr var ki, bir nöqtədə 32 element birləşə bilir. 32 aləti bir yerdə birləşdirmək, çox çətindir, fövqəladə bir şeydir. Adətən, 6 x 8 x 12 alət bir yerə yığılır ki, bu da asan başa gəlmir. 32 alət yüksək sənətkarlıq nümunəsidir. Orta Asiyada, İranda - Təbrizdə, Ərdəbildə, Azərbaycanda - Şəkidə, Ordubadda, Şuşada, Gəncədə şəmsilər daha çoxdur.
   Şəmsinin əsas materialı çox nazik qalınlıqlı-2mm-lik şüşədir. Ancaq bu gün belə kiçik ölçülü şüşələr tapmaq çətin olduğundan, adətən, şəmsilər 4 mm-lik şüşədən hazırlanır. Şəmsini şüşəsiz, boşluqlarla hazırlamaq da olur. Şüşə şəmsini möhkəmlədən alətlərdən biridir. Şəmsilər yalnız taxtadan işlənir. Əsasən onlar möhkəm ağaclardan- fısdıqdan, qozdan, palıddan, bəzən Rusiyanın qara şamından hazırlanır. Şəbəkəni düzəltməmişdən öncə taxtanı çubuq (reyka) şəklində doğrayır, onu əlif yağında bişirir, qaynadırlar. Lap bu yaxınlara qədər şəbəkə ustaları bu texnologiyaya dəqiqliklə əməl edirdilər. Ancaq indi tələbat artıb, «bazar» sürətlənib deyə, çoxları taxta çubuqlardan «alət» hazırlamaqla kifayətlənir. Belə olan halda ağac tezliklə keyfiyyətini itirir, müxtəlif ağac qurdu və göbələkləri onu çürüdür, məhv edir.
   Cəfəri şəbəkələrsə, adətən, monument halında olur. Bütöv bir müstəvi götürülüb müxtəlif üsullarla orda deşik açılır. Məsələn, Şirvanşahlar sarayındakı daş pəncərələr cəfəri şəbəkənin gözəl nümunəsidir. Cəfərilər daşdan, metaldan, gəcdən, taxtadan hazırlanır. Türkiyə məscidlərindəki minbərlər, kürsülərdə cəfəri şəbəkələr çoxluq təşkil edir.
   Azərbaycanda daş şəbəkələrin- cəfərilərin tarixi XII əsrə gedib çıxır. Qusar rayonunda Şeyx Cüneydin türbəsində XVI əsrə aid şəmsi şəbəkəli sənduqə var. Şəkidə, Ordubadda XVIII, Gəncədə, Şuşada XIX əsrə aid şəbəkələr bu günümüzə qədər gəlib çatıb. Ancaq bu tarix bir qədər də əvvələ gedir. Azərbaycanda miniatür sənəti XIII əsrdən bəllidir. «Kəlilə və Dimnə»yə, Firdovsinin «Şahnamə»sinə, Rəşid-əd-Dinin «Cam-ət-Təbarrüq» kitabına çəkilmiş çox zərif illüstrasiyalar var. Azərbaycan rəssamlarının çəkdiyi bu illüstrasiyalarda gözəl şəbəkə kompozisiyaları yer alıb. XIII əsr miniatürlərində Monqol xaqanlarının, Elxanilərin taxt-xacında, onların əyləşdiyi binanın pəncərə və qapılarında şəbəkələr olduğunu görürük. Aydındır ki, çox qədim şəbəkəni bu gün tapmaq mümkün deyil. Şəbəkə taxtadandır deyə, çürüyür, yanğından, müharibələrdən dağılıb məhv olur. Təəssüf ki, biz yalnız son 30-40 ildə abidələrimizi abidə kimi dəyərləndirməyə, memarlıq elementlərini qorumağa başlamışıq. Bu səbəbdən qabaqlar gözəl şəbəkəli evləri söküb yerində təzəsini tikəndə, ona sənət əsəri kimi baxılmayıb. Beləcə, şəbəkələr qorunmayıb.
   Gəncədə, Bakıda Təzəpir məscidinin minbəri şəbəkəlidir. Orbubadda, Şəkidə, Bakıda-Hacı Zeynalabdin Tağıyevin sarayında (indiki Tarix Muzeyi), Nizami muzeyinin bədii-tərtibatında şəbəkələrdən gen-bol istifadə olunub. Son illər İçərişəhərdə Cümə məscidinin bərpasında, İçərişəhərdə «Lukoyl» neft şirkəti prezidentinin iqamətgahında müasirləşmiş daş şəbəkələr işlənib. Şəbəkələr, adətən pəncərəyə qoyulsa da, burada şəbəkə divarda işlənib. Bakıda, Sumqayıtda bir çox şadlıq evlərinin fasadlarında, şəxsi evlərdə, villalarda şəbəkədən istifadə edilir. Dövlət qurumlarından - Heydər Əliyev Fondunun binasının fasadında çox böyük şəbəkə işlənib. Azərbaycanda, bəlkə də dünyada ən böyük şəbəkə odur. Təzəpir məscidində tikilən yeni mədrəsədə və şeyxin iqamətgahında da şəbəkələr var. Bakıda, Şəkidə, Naxçıvanda şəbəkə işləmək ailə ənənəsi sayılır. Yeni şəbəkə qurmaq çox çətin işdir. Ciddi hesablama və dəqiqlik tələb edir. Azərbaycanda ən çox tanınan, işi yüksək dəyərləndirilən, az qala məktəb yaratmış şəbəkə ustası- şəkili usta Əşrəf idi. Dünyasını dəyişib. Onun sənətini oğlu davam etdirir. Bakıda usta Rövşən, şuşalı usta Rafiq mükəmməl el sənətkarlarıdır.
  
   Fimar Asimqızı