Qədim yaşayış məskəni olan Abşeron yarımadasının tarixi eradan əvvəlki dövrləri əhatə edir. Burada aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş kurqanlar, ocaq izləri və qəbirlər bunu bir daha sübut edir.
   Yarımadanın ən qədim yaşayış məskənlərindən biri bu coğrafi ərazinin şimal-şərqində yerləşən Qala kəndidir.
   
   Qala kəndində və ona bitişik olan ərazidə 215 memarlıq və arxeoloji abidə mövcuddur. Burada e.ə. III minilliyə aid tarixi mühit qorunub saxlanılır. Qala kəndinin ərazisində e.ə. III minillikdən XX əsrə qədər tarixi əhəmiyyət daşıyan memarlıq abidələri - 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, kənd təsərrüfatı təyinatlı binalar, sərdabələr, məqbərələr, kurqanlar, qəsrin qalıqları və s. mövcuddur. Beş minillik tarixə malik Qala kəndində bir neçə məhəllə olub. Bunlardan Tərəkəmə, Balaverdi, Hacı Ramazan, Çənbərəkənd məhəllələri bu günədək öz tarixi adları ilə tanınır.
   2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə Qala Tarixi-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi” yaradılıb. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanıb və bərpa edilib. Bu ərazidə e.ə. III minilliklərə aid kurqanlar, yaşayış və digər memarlıq abidələri ilk görünüşündə olduğu kimi qurulub. 1,2 hektar ərazidə olan muzey kompleksində Azərbaycanın tarixi incilərini seyr etmək üçün gözəl şərait yaradılıb. Bütövlükdə burada 22938 eksponat var.
    Abşeron yarımadasının şərq hissəsində aşkar edilmiş abidələrin geniş öyrənilməsinə XX əsrin 60-cı illərindən başlanıb. Aparılmış elmi tədqiqatlar nəticəsində aşkar edilmiş çoxsaylı pefroqliflər Orta Tunc və Dəmir dövrlərini əhatə edir.
   Abşeron yarımdasında tapılmış, e.ə III-II minilliklərindən başlayaraq eramızın orta əsrlərinə qədərki tarixi əhatə edən qayaüstü rəsmlər öz mövzu və süjetlərinə görə çox rəngarəngdir. Burada ov, müqəddəs nikah və s. səhnələr təsvir olunmuşdur. Yarımadanın şərq hissəsinə aid olan ibadət mərkəzlərindən biri olmuş Bəndüstü abidəsində müqəddəs nikah mərasimi heyvanların qurban kəsilməsi təsvirləri var.
   Arxeoloji araşdırmalar Qala kəndində 5000 il əvvəl Tunc dövrünə aid yaşayış məskəninin olmasını sübut etsə də, onun müasir dövrümüzə gəlib çatmış tarixi məişət və təsərrüfat tikililəri XVI-XIX əsrlərin əvvəllərinə aid edilir.
   Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində mövcud olan tarixi yaşayış binalarının əksəriyyətini dublalı evlər təşkil edir.
   Plan quruluşuna görə, dublalı evlər iki otaqdan ibarətdir. Otağın biri qonaq, digəri isə mətbəx hissə adlanırdı.
   Mətbəx hissədə təndir, yemək və su qızdırmaq üçün ocaq olurdu. Mətbəxin bir küncündə isə “suaxan” yerləşirdi. Suaxandan paltar yumaq və İslam qaydalarına uyğun olaraq namazdan əvvəl qüsl etmək üçün istifadə olunurdu. Qalanın yaşayış evlərində rast gəlinən dekorativ elementlərdən biri də çıraq və Quran qoymaq üçün divarlardakı taxçalardır. Muzey kompleksi ilə tanışlıqdan məlum olur ki, Qala kəndində bir sıra sənədlər də inkişaf etmişdi. Bu sənədlərdən biri də Azərbaycanda ən qədim sənətkarlıq növlərindən sayılan dulusçuluqdur. Müxtəlif mənbələrə görə, Azərbaycanda dulusçuluq sənəti e.ə. II minilliyə təsadüf edir. Qalada arxeoloji qazıntılar zamanı aşkarlanan məmulatlar bədii cəhətdən çox maraqlıdır.
   Bundan başqa, burada ən inkişaf etmiş sənət növlərindən biri olan dəmirçilik sənəti barədə də dolğun məlumat almaq olar.
   Ümumiyyətlə, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində arxeoloji qazıntılar zamanı aşkar olunmuş yaşayış yerləri, qədim və orta əsrlərdən müasir günümüzə qədər bu yerlərdə yaşamış sakinlərin məişəti, təsərrüfatı, sənətkarlıqları haqqında əyani tanış olmaq olur. Yeri gəlmişkən, istər Qala Arxeoloji - Etnoqrafik Muzey Kompleksi ilə, istərsə də kənddə olan memarlıq və arxeoloji abidələrlə tanış olarkən bu yerlərdə İslam dininə, onun adət-ənənələrinə böyük hörmətlə yanaşıldığının şahidi olursan. Yerli əhali indi də orta əsrlərdə tikilmiş məscidlərdə dini ayinlər icra edirlər.
   Diqqətçəkən başqa bir məsələ isə XIV əsrdə inşa edilmiş Qum hamamıdır. Arxeoloji qazıntılar zamanı bu tikilinin planı və təyinatı dəqiq müəyyənləşdirilmişdir.Bu tipli hamamlarda soyunaqdan fərqli olaraq yuyunma zalında hovuz yoxdur.
   Bu da əbəs deyil. Müsəlman adətlərinə görə, başqa bir adamın bədəninə toxunmuş su murdar sayılır. Bu isə şərq hamamlarının xristian yuyulma yerlərindən və müasir saunalardan gigiyenik cəhətdən üstünlüyünü göstərir. Qala hamamının xüsusiyyətlərindən burada namaz qılmaq üçün ayrıca otağın olmasıdır. Bütün bunlar onu deməyə əsas verir ki, müsəlmanlar üçün hamam elə bir yerdir ki, o insanın həyat tələbatını ödəməklə bərabər, eyni zamanda dini xarakter daşıyır. Qala kəndi və buradakı muzey kompleksi ilə tanış olan hər bir şəxs Azərbaycan xalqının nə qədər qədim bir xalq olduğunun şahidi ola bilər.
   
   Fərahim Dünyamalıoğlu







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar