Yer üzündə tarixin olduqca mühüm bir dövrünü yaşayırıq. Bütün yer üzündə sürətli qlobollaşma getdiyi indiki dövrdə biz həm də milli, müstəqil dövlət quruculuğu sahəsində ilk addımlırı atmaqdayıq. Uğurlu dövlət quruculuğumuz, ölkəmizin tərəqqisi, dünyada önəmli bir yer tutmamız üçün xalqımızın mədəniyyəti hökmən sosioloji yöndən də dərindən təhlil olunmalıdır.
   
   Hər bir sosial sistemin varlığı, fəaliyyətdə olması, tərəqqisi üçün ən mühüm olanlardan biri onun mədəniyyətidir. Təəssüf ki, uzun zaman mədəniyyətin əhəmiyyətinə o qədər də diqqət verilməmişdir. İnsan bəzən udduğu havanın, malik olduğu yaşın onun varlığı üçün nə qədər əhəmiyyət daşıdığının fərqinə varmadığı kimi, mədəniyyət amilinə də o qədər əhəmiyyət vermir. Amma əslində mədəniyyət insanın bütün həyatını tənzimləyən bir mexanizmdir. Uzun illər bir çoxları, xüsusi ilə marksizmin təsirində olanlar iqtisadi amilləri cəmiyyətdə həlledici amil kimi qəbul etmişlər. Bunun belə olmadığını bütün dünyada son onilliklərin bir çox elmi araşdırmaları da tamamilə təsdiq edir. Doğrudur, insan üçün iqtisadi amillər olduqca zəruridir. Amma iqtisadi amillər insanın həyatının əsas mənası, məqsədi deyil. İnsan öz mahiyyəti ilə daha ali bir varlıqdır və onun həyatdakı missiyasını, baş tələbatını iqtisadi amillərlə ödəmək mümkün deyil. İqtisadi amillər yalnız və yalnız köməkçi vasitələrdir. Ta qədimdən bu günə qədər müdriklərin insanlığa təlqin etdiyi fikrin mərkəzində elə bu ideyalar dayanır. İstər mifoloji sistem, istər bütün dinlər, böyük ədəbi, sənət əsərləri, ciddi fəlsəfi nəzəriyyələr insanlığı bu ideyalara səsləyir.
   Yüksək mədəniyyətli insanda ahəngi duymaq qabiliyyəti yüksək olur. Ona görə də o öz fəaliyyəti ilə ətrafında ahəng yaradır. Bu ahəng iqtisadiyyatda da, siyasətdə də, başqa yönlərdə də özünü göstərir. Özünün uğuruna kömək etməklə başqasının da uğuruna kömək edir. Amma mədəniyyətdən danışdıqda bir qədər həssas olmaq lazımdır. İndi yer üzü elə bir vəziyyətə düşüb ki, mədəniyyətin nə olduğu, onun mahiyyətinin nədən ibarət olduğu dolaşıq müzakirə mövzusuna çevrilib. Fikrimcə, o ruh, o mənəvi və maddi dəyərlər mədəniyyətə aid edilə bilər ki, onlar bəşəri dəyərlərə zidd olmasın və ahəngə, tərəqqiyə xidmət etsin.
   Azərbaycan mədəniyyətinin mahiyyətini düzgün təsəvvür etmək üçün ona bir neçə yöndən baxmalıyıq. Hər bir mədəniyyətin bir var fəlsəfi, mənəvi bazası bir də var konkret olaraq real həyatda təzahürü. Real həyatdakı təzahür də iki yerə ayrılır: bir var insanların davranışında, xarakterindəki təzahür, bir də var praktik işdə, məişətdə olan təzahür. Azərbaycan mədəniyyətinin fəlsəfi, mənəvi bazası qibtə ediləcək qədər gözəldir. Onun ruhu ulularımızın ruhundan, Azərbaycan torpağında uyuyan müdrik insanların bəsirətindən, Avestadan, Qurandan, Əl Fərabi, İbn Sina, Nizami, Tusi, Sührəverdi, Mövlanə, Yunis İmrə, Füzuli, Şah İsmayıl kimi insanlardan, zirvələrdən gəlir. Bu zirvələrin nuru HƏQİQƏT, HAQQ deyilən ilahilikdən gəlir.
   İnsanın iradəsindən asılı olmayaraq bu dünya, bu kainat vardır və müəyyən, konkret bir qanunauyğunluqla fəaliyyətdədir. HAQQ həmin qanunauyğunluğu yaradan qüdrətdir. HƏQİQƏT həmin qanunauyğunluq barədə doğru bilgidir. Azərbaycan mədəniyyətini formalaşdıran fəlsəfə məhz yer üzündə HƏQİQƏTİ dərk etməyə, HAQQA qovuşmağa yardım edən ahəngi yaratmağa kömək edən fəlsəfədir. Azərbaycan mədəniyyətinin mayası olan fəlsəfə yer üzünə ahəng gətirən, pozitiv, müsbət enerji daşıyan bir fəlsəfədir.
   Mədəniyyətin praktik işdə, məişətdə olan təzahürünə gəlincə deməliyik ki, ümumiyyətlə zəngin keçmişi olan Şərq aləmi indi praktik işdə, məişətdə mədəniyyət səviyyəsi etibarı ilə çox qabağa gedib. Bu yaxınlara qədər dünyanın bütün aparıcı texnikası əsasən Qərbdə ixtira olunub. Qərb öz məişətində, güzəranında Şərqdən çox qabaqdadır. Bu isə bir çox hallarda səhv olaraq insanlar arasında ümumən Qərbin mədəni səviyyəsinin yüksəkliyi barədə təsəvvür yaradır. Təəssüf ki, Qərbin bu məişət, texnika, güzəran, praktik iş baxımdan mədəni olmasının arxasında kifayət qədər qüsurlu mənəvi məsələlər, qüsurlu fəlsəfə dayanır. Məhz, Qərbin fəlsəfəsinin bu qədər qüsurlu olması yer üzərində bu qədər ciddi problemlər yaradır.
   İndiki zamanda Qərb mədəniyyəti ciddi bir girdab içərisindədir. Ona bu girdabdan çıxmaqda yalnız və yalnız Şərq mədəniyyətininin dərindən öyrənilib, praktik istifadə edilməsi yardım edə bilər. Şərq mədəniyyətində isə bu məsələdə konstruktivlik baxımından Azərbaycan mədəniyyəti, onun unikallığı bu məsələdə Qərbə, deməli, bütün yer üzünə əvəzsiz kömək edə bilər. Azərbaycanda uzun əsrlər boyu dünyanın ən aparıcı mədəniyyətlərinin çulğaşması, qovuşması baş verib - olduqca unikal bir mədəniyyət sistemi yaranıb. Yer üzərində çox ərazilərdə mədəniyyətlərin tarix boyu çulğaşması baş verib. Amma hər yanda demək olar ki, ancaq məhəlli mədəniyyətlərin çulğaşması baş verib. Azərbaycanda isə dünyanın aparıcı mədəniyyətləri bir-birinə qovuşub. Burada, mərkəzində türk, İslam, Qafqaz mədəniyyəti olmaq etibarı ilə hind, İran, yəhudi, xristian, slavyan, Şərq, Qərb, sovet və b. mədəniyyətlər çulğaşmış, qovuşmuş, mədəniyyətlərin birgəyaşayış, bir-birini zənginləşdirmə modellərini yaratmışlar. Yer üzərində sürətlə qlobollaşma getdiyi indiki dövrdə Azərbaycan mədəniyyətində ortada olan modellər yer üzünün sonrakı inkişaf strategiyalarının seçilməsi üçün olduqca faydalı ola bilər.
   Mədəniyyət sahəsi eyni zamanda bir strateji sahədir. Bombalarla, uzun illərin müharibələri ilə yıxıla bilməyən bir dövləti, mədəniyyət sisteminə müdaxilə etməklə darmadağın etmək olar. Çünki mədəniyyət istər şəxsin, istərsə də hər hansı bir sosial sistemin, ölkənin ruhudur. Torpaqların zəbt edilməsindən daha qorxulu olan mədəniyyətin işğal edilməsidir.
   İndiki vaxtda Azərbaycan Qarabağ problemini sülh yolu ilə həll etmək istəyirsə, burada ilk növbədə mədəniyyət amilindən güclü şəkildə istifadə etməyə ehtiyac vardır. Strateji cəhətdən mədəniyyət təkcə bir müdafiə sistemi yox, həm də hücum sistemidir. Mədəniyyəti inkişaf edən ölkələrə başqa ölkələr hörmətlə yanaşır. Həm bu ölkənin öz insanlarında ruh yüksəkliyi yaranır, həm də münaqişədə olduğu ölkədə özünə qarşı müəyyən bir aşağılıq kompleksi yaradır. Texniki silah qarşısına texniki silahla çıxmaq o qədər də əlverişli mübarizə üsulu deyil. Çünki bu olduqca böyük maliyyə tələb edir. Ölkənin iqtisadiyyatına ağır zərbə vurur. Amma öz mədəniyyətini gücləndirən ölkə bu yolda heç bir itkiyə yol vermir. Həqiqi, doğru mədəniyyətə çəkilən hər bir xərc, ilk baxışdan gözə görünməyən, dəfələrlə artıq gəlir gətirir. Bu baxımdan Azərbaycan olduqca əlverişli vəziyyətdədir. Çünki onun mədəniyyətinin potensialı çox böyükdür.
   
   Əhməd QƏşƏmoğlu,
   fəlsəfə doktoru, şair, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq
   İnstitutunun aparıcı elmi işçisi







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar