Aşıq şeirində İslam
Azərbaycan aşıq sənətinin incisi olan Tikmədaşlı Xəstə Qasımın aşıqların dilindən düşməyən, quzeyli, güneyli Azərbaycanı ev-ev, ocaq-ocaq dolaşan məşhur “Dünya” rədifli gəraylısının ikinci bəndi bu misralarla başlayır:
De görüm nəyə talibsən,
Dərsini kimdən alıbsan?!.
Gəlin, bu üç-dörd kəlmənin baş vurduğu məna dərinliyinə səfər edək, görək ustad aşıq dünyaya xitabən söylədiyi bu misralarla nə demək istəyir.
Nəyə talibsən, ey dünya?! İstəyin, arzun nədir? Bu boyda səltənət, ulduzlar, planetlər, fəsillər, təbiət, sonsuz kəhkəşanlar... bütün bunlar nə üçündür, nə məqsəd daşıyır? Bu qurğu, bu nizam, bu yaradılış, bu əvvəl, bu axır hardandır, kimdəndir? Sən bu mükəmməl varlığınla, mizanlı və daimi hərəkətinlə kimdən aldın dərsini?
Məşhur rəvayətdə belə nəql olunur:
Mələklərdən biri Allah-Təaladan soruşur ki, insanı nə üçün yaratdın? Allah-Təala buyurur: “Gizli xəzinə idim, bilinmək istədim”.
İslam fəlsəfəsinə görə, Ulu Yaradan özündən kənarda bir şüur, bir düşüncə yaratdı ki, onu sevsin, ona səcdə etsin, həmd-səna qılsın. Yerdə qalan bütün varlıqlar isə yaradılışın əşrəfi olan insana xidmət etmək üçündür. Adi həşəratlardan tutmuş ozon qatına, kainatın gözlə görünməyən makro və mikroaləminə qədər hər şey dolayısı ilə və ya birbaşa insana xidmət edir.
Bütün bu mürəkkəb, anlaşılması o qədər də asan olmayan məsələlər barədə ustad aşıq cəmi 6 söz işlədib.
Dərsini kimdən alıbsan? Sual Yaradanı nişan verir, insanları düşünərək, Onu tanımağa, Ona şərik qoşmamağa, Onun qüdrətini anlamağa çağırır.
Məhəmməd Füzulinin yazdıqlarından anlaşılır ki, onun əsas amalı heç də gözəl şeir yazmaq olmayıb. Əksinə, Füzuli sözün gücündən, qüdrətindən, insanları təsirləndirmək imkanlarından istifadə edib oxucunu İslama doğru aparır.
Füzulini dərindən oxumaq niyyətində olan istənilən gənc oxucu bir zaman hökmən başa düşəcək ki, onu anlamır, yazdıqlarının əsl mahiyyətinə vara bilmir. Əgər həmin gənc bu ilkin maneəni dəf edib, inad göstərməkdə davam etsə, ondan sanki kimsə soruşacaq: “Quranı oxumusan?”.
Füzuli onu təzəcə oxumağa başlayan insanla öz arasında keçilməz bir çənbər yaradır. Bu çənbəri keçmək üçün ən vacib şərt Quranı oxumaqdır. Oxucu Füzulini oxuya-oxuya İslama gəldiyinin fərqinə varmır və bir də onda ayılır ki, artıq həmin çənbərin içindədir.
Füzuli Bağdad kimi şəhərdə, İslamın kifayət qədər inkişaf etdiyi bir mühitdə yetişmişdi. Bəs ondan 400 il sonra Göyçə dağlarının qoynunda yetişən Dədə Ələsgər haradan əxz eləmişdi bu möhtəşəmliyi?!
Tanrı insanın fitrətindədir - deyirlər. Ən vəhşi qəbilələr arasında belə uşağa sevgi, qocalara hörmət hissi olur. Ancaq bu, dini-mənəvi dünyagörüşünün formalaşması üçün yetərli deyil.
Azərbaycanda hələ İslama qədər el-elat mədəniyyəti olub. Bu mədəniyyət, folklorumuzdan anlaşıldığı kimi, sevgiyə sədaqət, dosta səmimiyyət, düşmənə amansızlıq, böyüyə hörmət, uşağa sevgi, ata-silaha hörmət və s. kimi yüksək əxlaqi dəyərləri ilə xarakterizə olunur. Hansı ki, İslam bu dəyərli keyfiyyətlərin heç birini inkar etmədi. Ancaq bütün müsbət hisslərin, insani duyğuların vahid bir mərkəzini, şüurumuzun, düşüncəmizin, mənəviyyatımızın həm mənbəyini, həm mənsəbini, eyni zamanda istinad nöqtəsini göstərdi. Bu zamana qədər yazılan və ya deyilən şeirlərdə pərakəndəlik mövcuddur. İslamdan sonra fikirlər cəmlənib sanki... Dünya, yer planeti, yaradılış, ölüm haqqında bilgilər mükəmməlləşib. Ancaq bu o demək deyil ki, Azərbaycanın klassik şeiri şəriət şeiridir. Bizim ədəbiyyatımızda, eləcə də aşıq yaradıcılığında şəriət şeirləri vardır. Şəriət şeirləri ayrıca bir janr kimi formalaşıb hətta. Lakin böyük ustadlar bununla kifayətlənməyib, İslam düşüncəsini, Quranın məalını şeirin təkcə mövzusuna deyil, onun ruhuna, intonasiyasına hopdurublar. İrfan şeirləri bu cür yaranıb. İrfan elə bir mədəniyyətdir ki, ona yiyələndinsə, səni sonacan tərk eləmir, qıza-qadına, hətta elə-elata, dağa-meşəyə, çaya yazdığın şeirlərdə belə özünü büruzə verir.
Aşıq Ələsgər adi bir qadının gözəlliyini təsvir etdiyi “Güləndam” şeirində görün nə deyir:
Tovuz kimi şux bəzənib durubsan,
Ala gözə siyah sürmə vurubsan.
Sağ ol səni, yaxşı dövran qurubsan -
Bu dünyanın sonu puçdu, Güləndam.
Və ya məşhur “Sarıköynək”ində böyük şövq və istedadla uzun-uzadı təsvir etdiyi xanıma möhürbənddə belə müraciət edir:
Tuti dilli, sərv boylu salatın,
Yoxdu mərhəməti bu səltənətin...
Göndər gəlsin Ələsgərin xələtin,
Eyləmə əməyin zay, Sarıköynək.
Bayaqdan təsvir etdiyim gözəllik səltənətinin mərhəməti yoxdur. Bir gün səni tərk edib gedəcək. Qalan bircə bu şeir olacaq, ona görə göndər xələtimi gəlsin...
Və doğrudan da qalan bu şeir oldu.
Aşıq Ələsgər klassik aşıq şeirinin son və ən nəhəng siması olduğu üçün, eyni zamanda özündən əvvəlki bütün ustadların ən dəyərli keyfiyyətlərini öz yaradıcılığında inkişaf etdirdiyi üçün fikirlərimizi onun şeirləri üzərində davam etdirək.
Əvvəlcə aşıqların dilindən düşməyən bir divaninin ilk misrasına nəzər salaq:
Ələstüdə bəli dedim, nə xoş kamaldı yüküm!
İrfan fəlsəfəsinə görə, hər kəs dünyaya gəlməmiş Allahın hüzurunda ruh şəklində mövcud olub, həmin vaxt hər kəsdən öz Rəbbini tanıması və bu təqdirdə Rəbbin buyruqlarına tabe olması haqqında sual edilib; bütün ruhların buna razılıq edərək «bəli» cavabını iqrar etmişlər. Məhz bu «bəli»nin əsasında Allahla hər kəs arasında əhd-peyman bağlanılıb. Belə ki, biz insanlar könüllü şəkildə Rəbbimizin əmrindən çıxmamağa əhd-peyman bağlamışıq. Ona görə də bu dünyada Rəbbimizə asi olarkən biz öz əhd-peymanımızı pozmuş oluruq.
Aşıq Ələsgər öz əhdinə sədaqətlidir və bütün çətinliklərə rəğmən, yaşadığı həyat üçün Tanrıya şükür edir.
Təcnislərindən bir bəndə baxaq.
Səba dost zülfünə şanə çəkəndə
Yayılar gərdənə ha bular, bular.
Hər kim ki, sidq ilə dilək diləsə
Əlbəttə, mətləbin ha bular, bular...
Əcəba, klassik divan şeirinin - Füzulinin nəhəng bir gəmiyə (əruz intonasiyası, izafətlər, çoxsaylı ərəb-fars istilahları, simvollar, rəmzlər və s.) yükləyib türk dilinin limanlarına gətirdiyi bu möhtəşəm düşüncəni aşıqlar kiçik bir qayıqla (anamızın danışdığı tərtəmiz dil və heca şeiri) necə daşıya biliblər?
İlahi məntiq imanla şərtlənir. Burada çox bilməkdən əfzəl - çox inanmaqdır, bəsirətli olmaqdır. Bundan sonra sadəliyin qədər gözəl olursan.
Nütfəsindən əyri olan tez göstərər isbatın,
Ot kökünün üstə bitər, hər meyvə gözlər zatın.
Hərcayı hədyana sayar, naşı bilməz qiymatın
Əhli-ürfan məclisində gövhər misaldı yüküm.
Həqiqətən də çox zaman, Aşıq Ələsgərin işlətdiyi “gözəl”, “yar”, “dost”, “mey” və s. kimi simvolik ifadələri hərfi mənada başa düşürlər. Halbuki, aşıq özü onu başa düşmək üçün oxucularına açıq konturlar ötürür: “Həqiqətdə iki gözəl sevmişəm, birisi Məhəmməd, birisi Əli...”
Bəli, Aşıq Ələsgəri düzgün anlamırlar və nəhayətdə onun haqqında yalnız qadınları və təbiəti təsvir edən aşıq təsəvvürü yaradırlar. Bu, sovetlər dönəmində məxsusi olaraq aparılan təbliğat idi. Baxmayaraq ki, aşığın dinimizin sarı siminə toxunan bir çox şeirlərini çap etmişdilər, ancaq bu şeirləri, başa düşən insanlar yox dərəcəsində idi. Aşıq Ələsgərin, ümumən aşıqların yazdığı irfan şeirlərinin oxucularını 30-cu illərdə məhv etmişdilər. Təsadüfi deyil ki, Aşıq Ələsgər barəsində indinin özündə belə çəkinmədən “o savadsız idi” söyləyənlər və yaradıcılığını bütünlüklə folklora aid edənlər var. Halbuki, onun ciddi, hətta böyük şair olduğunu görmək üçün divanilərini oxumaq yetərlidir. Həmin divanilərdən bir örnək təqdim etmək istərdik. Bu həm də mövzumuzla səsləşən nümunədir.
Ələstüdə bəli deyən, sübhana baş endirər,
Məhəmmədə nazil olan Qurana baş endirər.
Özü birdi, adı minbir, vəhdəhüəl-la-şərik
Əhli-mömin görə bilməz, pünhana baş endirər.
Ölməyincə bu sevdadan çətin dönəm usanam,
Həqiqətdə dərs almışam, təriqətdə söz qanam.
Şahi-mərdan sayəsində elm içində ümmanam,
Dəryaların qaydasıdır ümmana baş endirər.
Biçarə aşıq Ələsgər, olma elmə nabələd,
Danışanda doğru danış, sözün çıxmasın qələt.
Çox qazandın, az qazandın, beş arşın ağdı xələt,
Var-dövlətə baş endirən, əfsanə baş endirər.
Məncə, şərhə heç bir ehtiyac yoxdur.
Ustadın “Aşıq olub diyar-diyar gəzənin” misrası ilə başlanan “Gərəkdir” rədifli ustadnaməsi isə İslamın hədəflərini bütün aydınlığı ilə göz önünə sərir. Yeri gəlmişkən qeyd edək ki, ustadnamələr oxucu sayına görə irfan şeirlərini üstələsə də, mövzu qapsamına və məna dərinliyinə görə bu şeirlərə “uduzur”. Ustadnamə yer şeiridir, metafizik qatı yoxdur, daha çox didaktikdir. Dədə Ələsgərin sözügedən şeirində ustadnamə ilə irfan şeirinin xüsusiyyyətləri ustadcasına ümumiləşdirilmişdir. Odur ki, bu şeir çox məşhur və anlaşıqlıdır. Ustada görə əsl aşıq (aşiq) “şeytanı öldürüb, nəfsini yandırmalıdır”. Hansı ki, peyğəmbərimiz bunu cihadi-kəbir (böyük cihad) adlandırırdı.
Qurbaninin, Xəstə Qasımın, Sarı Aşığın, Nəbatinin, Vidadinin, Vaqifin, Ağ Aşığın, Aşıq Alının, Bozalqanlı Hüseynin, Təhləli Novruzun şeirlərindən dinimizin ən dərin qatlarına baş vuran, yüzlərlə, minlərlə misal çəkmək olar. Bu irfani məqamları saz havacatları mükəmməlcəsinə tamamlayır. Möhtəşəm saz havalarından biri olan “Ruhani”ni “Ürfani” adlandıranlar da vardır. Üstəlik, sazın beş əsas kökündən biri “Ürfani” köküdür.
Ancaq bəzən aşıqlar söhbət əsnasında “saz şeytan əməlidir” kimi qəribə ifadə işlədirlər. Həm də çəkinmədən! Çünki bu ifadənin altında duran əhvalatı gözəl bilirlər. Əhvalat belədir:
«Şeytan insanları Allahın yolundan yayındırmaq üçün onların ağlına müxtəlif şeylər salır. Bir gün isə adamları tovlayır ki, tut ağacından çanaq, qoz ağacından qol və aşıq düzəldin, polad simləri qoşub ifa edin. İnsanlar deyiləni edir və qeyri-adi bir melodiya alınır. İnsanlar ibadətdən yayınıb bu səsin sehrinə düşürlər. Ancaq az keçməmiş bu adamların içindən bir ağıllısı çıxır və həmin alətin çəkici melodiyaları üstündə Ulu Yaradanı mədh edən nəğmələr oxumağa başlayır». Beləliklə, məlun şeytan yenə peşman olur.
Peşmançılıq həmişə şeytanın olsun...
Şərif A.