Məmməd Səid Ordubadinin xatirə muzeyi əsaslı təmir edilib
Azərbaycan ədəbiyyatında böyük iz qoyan yazıçı-dramaturq Məmməd Səid Ordubadinin xatirə muzeyi Bakı Şəhər Mədəniyyət və Turizim İdarəsi tərəfindən əsaslı təmir olunub. İndi isə ekspozisiyanın qurulması işi aparılır. Bu barədə “Mədəniyyət” qəzetinə muzeyin direktoru Lalə Abbaszadə məlumat verdi. O bildirdi ki, ədibin əlyazmaları Əlyazmalar İnstitutundan, Salman Mümtaz adına Dövlət Arxivindən və digər təşkilatlardan toplanır. “Qılınc və qələm”, “Dumanlı Təbriz”, “Koroğlu”, “Nərgiz”, “Ürək çalanlar”, “Beş manatlıq gəlin” və digər dərin məzmunlu əsərlərin müəllifi olan M.S.Ordubadinin xatirə muzeyi 1979-cu il noyabrın 1-də yaradılıb. Muzey iki otaqdan və bir dəhlizdən ibarətdir. Burada 1300-dən artıq ekspozisiya qorunub saxlanılır. Köməkçi fonduna aid olan qiymətli əşyaların sayı isə 1000-dən artıqdır.
Birinci memorial otaqda Ordubadiyə məxsus olan yazı masası, stol, stullar, kitab rəfi və yumşaq mebeller yerləşdirilib. Onun qələmi və armudu stəkanı yazıçının öz səliqəsi ilə saxlanılır. Lalə xanımın sözlərinə görə, gərgin iş saatlarından sonra ədib armudu stəkanda çay içməkdən böyük zövq alarmış. Burada yazıçının telefon aparatı, divar saatı və T6 adlı radiosu nümayiş olunur. Deyilənə görə, Ordubadi radioda xəbərləri dinləməyi çox sevərmiş. Lalə xanım ötən əsrin görkəmli şəxsiyyətinin xatirələrini özündə yaşadan bu mənzilin başqa bir tarixçəsindən də söhbət açdı: “Onu da qeyd edim ki, memorial otaq kabinet, qonaq otağı və dəhlizdən ibarətdir. Burada da görkəmli yazıçı-dramaturqa məxsus olan ev əşyaları: qab-qacaq, mebel, əlyazmaları və digər ekspozisiya qorunub saxlanılır. Yazı masasının arxasında qoyulan kitab rəfində isə Ordubadinin sevərək oxuduğu kitablar düzülüb. Muzeyin sifarişi ilə xalq rəssamı Altay Hacıyev tərəfindən çəkilən rəsm əsəri bu otaqda yerləşdirilib. Yuxarıdan asılan divar saatı və gümüş qablar yerləşdirilən bufet də yazıçının ev əşyalarındandır. Stol və stulların qoyulduğu otaq isə qonaq otağıdır. Yeri gəlmişkən, onu da qeyd edim ki, yazıçı-nasir dahi Bülbül, Mirzə İbrahimov, Süleyman Rüstəmlə qonşu olub. Ədib, qonşusu Bülbül və dünyaşöhrətli bəstəkar Üzeyir bəy üçlüyü bir tarixi əsərə də şöhrət qazandırıb. Bu, “Koroğlu” operasıdır. Deyilənə görə, yaradıcı insanların işbirliyi o qədər də asan olmayıb. Gərgin iş günləri öz parlaq nəticəsini göstərir və nəticədə “Koroğlu” operası dünyada məşhurlaşır. Bu evə tez-tez qonaq gələn Fikrət Əmirovla Ordubadinin birgə işlədiyi “Ürək çalanlar” musiqili komediyasının librettosunun yaranma tarixi də bu məkana aiddir”.
Lalə xanım onu da qeyd etdi ki, “Dumanlı Təbriz” əsərinin orijinal əlyazmaları və fotoları da muzeydə nümayiş olunur. Onun müxtəlif qəzet və jurnallarda çap olunan məqalələri də burada saxlanılır. Ordubadinin istər ədəbi yaradıcılığında, istərsə də mühərrirlik fəaliyyətində “Molla Nəsrəddin” jurnalının müsbət rolu olduğu hamıya yaxşı məlumdur. Onun bu jurnalla əməkdaşlığı 25 ili əhatə edir. Məhsuldar işləyən müəllif şeir, felyeton, publisistik məqalələr yazmış, tərcüməçiliklə məşğul olmuş, şeir kitabları çap etdirmişdir. Onun haqqında yazılan məqalələr və əsərlərinin çap olunduğu dərgilərdən nümunələr də bu muzeydə nümayiş olunur.
Köməkçi fonda aid olan nümunələr isə Dövlət Arxivindən toplanılıb. Bu isə onun Azərbaycan Dövlət Akademik Milli Teatrında “Qılınc və qələm”, “Dumanlı Təbriz”, Azərbaycan Dövlət Opera və Balet Teatrında “Koroğlu”, “Nərgiz” operasının nümayişi zamanı çəkilən xatirə şəkilləridir. Musiqili Komediya Teatrında qoyulan operettalarından “Beş manatlıq gəlin”, “Ürək çalanlar”ların səhnə şəkilləri də kiçik fondun ekspozisiyalarındandır.
Muzey direktoru deyir ki, bu gün də toplama işləri davam etdirilir: “Ekspozisiya üçün toplama işi aparılmaqdadır. Üzeyir Hacıbəyovun ev-muzeyində toplanılan fotolar, operaların proqramları, afişalar yaxın zamanda nümayiş olunacaq. Sonra Dövlət Teatr Muzeyində, Səsyazmalar Fondu və Dövlət Arxivinin İncəsənət və Ədəbiyyat Şöbəsində toplama işi davam etdiriləcək. Nümayiş olunan ekspozisiyalar məktəb, lisey şagirdləri, universitet tələbələri və əcnəbi qonaqlar tərəfindən maraqla izlənilir. Qeyd edim ki, əcnəbi qonaqlar arasında ədibin kitabları və fotoları da daxil olmaqla, əlyazmalarının orijinal nüsxələri daha çox heyranlıqla izlənilir. Ümumiyyətlə, tarixdə iz qoyan insanlar haqqında öyrənmək, bilmək hamı üçün maraqlıdır. Ordubadi də belə şəxsiyyətlərdəndir. Yeri gəlmişkən, onu da vurğulayım ki, yazıçının həyat və yaradıcılığını izləyən məktəblilər onun ilk müəllimi Məmməd Tağı Sidqiyə yazdığı şeirinə böyük maraq göstərirlər. Ordubadinin ilk müəllimi M.T. Sidqiyə həsr etdiyi “Təbriz” adlı şeiri 1903-cü ildə “Şərqi-Rus” qəzetində çap olunub. Bu şeirin fotosu muzeyin dəhlizində nümayiş olunur. Dəhlizdə həmçinin xalq rəssamı Arif Hüseynovun Ordubad şəhərinin ümumi görünüşünü əks etdirən rəsm əsəri də yer alıb. Ağ mərmərdən hazırlanmış büst isə xalq rəssamı Xanlar Əhmədova məxsusdur. Stendlər, əlyazmalar, Arif Hüseynov tərəfindən “Gizli Bakı” trilogiyasına həsr olunmuş qrafik illüstrasiyalar da burada yerləşdirilib. Bundan başqa, muzeydə onun haqqında müxtəlif tədqiqatçılar, şairlər və sənətşünasların xatirə sözlərindən ibarət stendlər hazırlanıb. Qeyd edim ki, ikinci otaqda “Koroğlu” operasının afişası, yazıçının müxtəlif dillərdə çap olunan əsərləri, “Dumanlı Təbriz” trilogiyası, əlyazmalar, fotolar və onun “Bekker” adlı pioninosu, telefonu da qorunur”.
Lalə xanımın sözlərinə görə, 2007-ci il mart ayının 24-də Ordubadinin 135 illk yubileyi ilə əlaqədar olaraq Misirin Azərbaycandakı səfiri Yusif əl-Şərkavi və Əhməd Şövqinin iştirakı ilə böyük bir tədbir keçirilib. Tədbirdə Lalə Abbaszadə iştirakçıların diqqətinə onu da çatdırıb ki, Ordubadinin 1938-ci ildən 1950-ci ilədək ömrünün sonuna qədər yaşadığı evi indi xatirə muzeyidir və burada ədibə aid olan qiymətli əşyalar saxlanılır. Böyük məzmun kəsb edən yaradıcılıq aləmi ilə tanışlıq da bu tədbirdə mühüm yer tutub.
Bakı Şəhər Mədəniyyət və Turizim İdarəsi tərəfindən əsaslı təmir olunan muzeydə bərpa işləri davam etdirilir. Bu barədə Lalə xanımın dedikləri: “Təmirdən sonra Mədəniyyət və Turizim Nazirliyi tərəfindən ekspozisiyanın qurulması işi aparılır. Bundan əlavə, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən bərpaya ehtiyacı olan eksponatlarımızın yenilənməsi işi də başa çatıb. Mebellər, xalça və qablar bərpa olunub. Iki il ərzində aparılan təmirdən sonra indi tamamlama işləri aparılır. Qeyd edim ki, bu ilin noyabr ayında muzeyin 30 illiyi qeyd olunacaq. Bununla əlaqədar bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Mart ayının 24-də ədibin doğum günü, mayın 1-də isə anım günüdür. Bununla bağlı Fəxri Xiyabanda və muzeydə tədbir keçiriləcək. Ümumiyyətlə, muzeydə tarixi və əlamətdar günlər daxil olmaqla, mayın 10-u ümummilli liderimiz Heydər Əliyevin doğum və dekabrın 12-də isə anım günü məktəblilərin iştirakı ilə qeyd olunur. Muzeyimizdə həmçinin Heydər Əliyev guşəsi də yaradılıb».
ŞƏMSİYYƏ