Bir çox milli adət-ənənələrimizi özündə ehtiva edən ilaxır çərşənbələri məna gözəlliyi, fikir aydınlığı ilə olduqca əsrarəngizdir. Etiqada görə, Novruzaqədərki ilaxır - su, od, külək, torpaq çərşənbələrinin hər birinin özünəməxsus ayin və mərasimləri var. Bütün bunlar əslində Novruz bayramı ilə sıx bağlıdır... Maraqlıdır ki, əski dövrlərdən bu günə qədər ilaxır çərşənbələri xalqımız tərəfindən çox təmtəraqlı şəkildə qeyd edilməkdədir...
  
   Külək çərşənbəsi: Bu çərşənbə xalq arasında «külək oyadan çərşənbə», “külək çərşənbəsi”, «yelli çərşənbə», «küləkli çərşənbə» adları ilə də söylənilir. Əski etiqadlara görə, bu çərşənbədə oyanan Yel və ya Külək hər tərəfi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir və yatmış torpağı qızdırır... Yel çərşənbəsində əsən isti külək yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsini isə Yelin özünün tənzimlənməsi kimi qəbul edilir. Çünki əski etiqada görə «qara nəhrdə» yatmış külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir. Qədim türk mifologiyasında ağ libasda. - Ağ yel, qara libasda - Qara yel, göy libasda - Xəzri, qırmızı libasda - Gilavar kimi təsəvvür edilir.
   Yel çərşənbəsi günü Yel bu dördlüyün məcmusundan ibarət hesab edilir və qısa müddətdə bütün dünyanı dolaşır. Beləliklə, yer üzündəki hava təzələndiyi kimi, Yer özü də antropomorfik obraza çevrilir.
   Daha erkən təsəvvürlərdə isə dilimizdə işlənən küləklə eyni kökdən olan Yel kultu tanrı səviyyəsinə yüksəlir.
   Bir çox xalqların erkən təsəvvürlərində, eləcə də müqəddəs kitablarında Yel dünyanı idarə edən qüdrətli tanrılardan biri hesab olunur. Əski inamlarda Yel ya özü Tanrıdır, ya da vahid Allah tərəfindən göndərilən qüdrətli bir antropomorfdur - insanları əzizləyir, onlara kömək edir, bəzən də qəzəblənir, yeri gələndə isə cəzalandırır.
   Quranda da Yelin Allah tərəfindən göndərildiyi göstərilir.
   Zərdüştilər də küləyi müqəddəs hesab etmiş, ona tanrılıq vermişlər. «Avesta»da deyilir ki, «...Yelin gücü qüdrətli Hörmüzün gücüdür. Yel Hörmüzdən güc alıb dünyaya ayaq açmışdır...»
   İlaxır çərşənbələrin üçüncüsünün Yellə bağlanması onun müqəddəs varlıq kimi tanınmasının çox erkən vaxtdan xalq arasında mövcud olduğunu göstərir. Yelin tanrılığı, müqəddəsliyi ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc və başqa nümunələr yaranmışdır.
  
   Yel haqqında atalar sözləri:
   Yel aparan yerindi, yerdə qalan mənimki.
   Yel əsməyincə yarpaq tərpənməz.
   Yel gətirib, gün qurudub.
   Yelnən gələn, selnən gedər.
   Yelə verdiyin düşmənə qismət olar.
   Yelnən dost olan yellənə-yellənə qalar.
   Yel bağlayanı el açar.
  
   Yer çərşənbəsi: Novruz bayramı ərəfəsindəki çərşənbələrin sonuncusu axır çərşənbədir. Bu çərşənbə xalq arasında «ilaxır çərşənbə», «Yer çərşənbəsi» adları ilə də işlənir. Sonuncu çərşənbə torpağın oyanması ilə əlaqələndirilir. Belə bir əski inam var ki, dörd ünsürün sonuncusunun oyanması ilə yel, sel, atəş fəallaşır. Ərzin donunu dəyişir, adamları yoxluq və qıtlıqdan, çətinlik və məhrumiyyətlərdən qurtarmaq üçün özündə daha böyük qüvvə tapır.
   Qədim bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel, Yel və Atəş Torpaq xatunun yeraltı məbədinə qonaq gedirlər. Yatmış Xatunu oyadıb adamların qıtlıq çəkdiyini söyləyirlər.
   Torpaq xatun: «Adamları fəlakətə salan fəlakətə düşər» - deyə, yerindən ayağa qalxır. Yel, Sel, Atəş və Torpaq əl-ələ verib:
   Atəş gəldi, zəmzəm gəldi, yel gəldi,
   Təzə ömür, təzə məhsul, il gəldi.
   - deyib oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər, üç qardaş, bir bacının işıqlı dünyaya çıxdığı həmin gün elin əziz günü olan axır çərşənbə idi.
   Axır çərşənbə ilaxır çərşənbələrin mərasim, ayin, etiqad, oyun və şənliklərlə ən zəngin olanıdır. Şənliklər sübh tezdən suya tapınma ilə başlanır. Beləliklə, su çərşənbəsində icra olunan ayinlər təkrar olunur.
   Axır çərşənbədə yeni əkiləcək torpaq sahələrində, əkin yerlərində kütləvi şənliklər keçirilir. Bir çox hallarda isə sayaçıların, cütcülərin nəğmələri və mərasimləri icra edilir. Ümumiyyətlə, torpaq çərşənbəsində torpaq əzizlənir, təmizlənir, bostan və dirriklərdə müxtəlif ayinlər keçirilir. Odla bağlı şənliklər əsasən axşam tərəfi, qaş qaralanda başlar və gecə yarıya qədər davam edər.
   Atalar deyib ki, torpaqdan pay olmaz. Torpağa əyilən namərdə əyilməz. Torpağa xor baxarsan, o sənə kor baxar. Torpaq ovuclayan - qızıl ovuclar. Torpağın sirrini əli torpaqda olan bilər.
   Torpaq haqda andlar: Torpağı sanı yaşayasan. Torpağın həmişə gül bitirsin. Torpağınnan qara yellər əsməsin. Torpağına göz dikənin gözü tökülsün.
   İnanclar: Çərşənbə günü təzə evə köçən bəlaya düşər. Axır çərşənbə axşamı küsülülər barışar. Axır çərşənbə təbiətdə nə varsa, hamısı təzələnir. Qaranquşa daş atanın başına bəla gələr. Çərşənbə günü qulağı cingildəyənə müjdə gələr...
   Torpağa tapınmanı bütövlükdə özündə əks etdirən axır çərşənbənin, ümumilikdə isə ilaxır çərşənbələrin İslamdan və Zərdüştlükdən əvvəlki təsəvvürlərlə daha çox bağlı olduğunu əks etdirir...
  
   Savalan Fərəcov