Şəxsi muzey yaratmağın çox çətin, elmə əsaslanan gərgin əmək, dərin bilik, davamlı axtarış, tədqiqat sayəsində mümkün olduğu heç kimə sirr deyil. Malakofauna muzeyi yaratmaqsa qat-qat ağır yükün altına girməklə, illər boyu davam edən, elmi axtarışlara söykənən tədqiqatların nəticəsi kimi meydana çıxır. Bu baxımdan Beynəlxalq reyestrə, «Azərbaycan muzeyləri» adlı kitaba daxil edilmiş «Rinay» malakofauna muzeyini şəxsi vəsaiti hesabına yaradan alim Tofiq Sadıq oğlu Karayevin xidmətlərini ayrıca dəyərləndirməyin yeri var.
   
   Bu muzey profili üzrə dünyada analoqu olmayan yeganə şəxsi muzeydir. Onun kolleksiyasında dünyanın müxtəlif okean, dəniz və ölkələrindən tapılmış 5000-dək mollyusk qabığı nümunəsi təqdim olunur. Fərdi Muzeylər Beynəlxalq Assosiasiya Şurasının üzvü, geologiya-mineralogiya elmləri namizədi, şirin suların malokafaunasının palentologiyası üzrə MDB-nin aparıcı mütəxəssislərindən biri, 1996-cı ildən Belçika Beynəlxalq Təbiətşünasılq Akademiyasının qərarı ilə «Təbiət elmləri professoru» adına layiq görülmüş Tofiq Karayev ömrünün 40 ilini sərf edərək yaratığı bu muzeyi xalqın intellektual səviyyəsinin göstəricisi, milli sərvəti hesab edir. Elmi ezamiyyət və ekspedisiyalardan, respublikamızın bütün bölgələrindən keçən səfərlərdən yadigar qalan eksponatların hər biri elmin inkişafı, geoloji tədqiqatlar baxımından dəyərlidir. Muzeylə tanışlıq adi tamaşaçı üçün zəngin və təkrarsız aləmlə görüş, geoloq alimlər üçün bənzəri olmayan elmi mənbədir.
   «Rinay» muzeyinin ilk eksponatlarının toplanmasına hələ 1932-ci ildə o çağlar SSRİ-nin fəxri neftçisi, şamaxılı Kərim bəyin oğlu Sadıq Karayev başlayıb. Azərbaycanın əməkdar ixtiraçısı olan Sadıq bəy ABŞ-da, İngiltərədə neft üzrə ekspert- mütəxəssis kimi çalışıb, Rokfellerlər ailəsi ilə yaxınlığı olub. O, neft buruqlarının qazıntısı zamanı əldə etdiyi nümunələri bir yerə toplayar, onların üzərində tədqiqat aparar, yerin dərin qatlarından tapılan nümunələrin yaşını təyin edər, kolleksiya toplayardı. «Rinay» muzeyinin unikallığı da elə bundadır. Burada müasir dəniz və yerüstü faunaya aid mollyusklardan savayı, 2-3 milyon il bundan irəli Ağcaqıl və Abşeron paleodənizlərində mövcud olan mollyusk qabıqları toplanıb. Sadıq bəy 37-ci ilin qurbanlarından olub, sonralar onun işini oğlu davam etdirib. Tofiq müəllim xarici ölkələrdə, Azərbaycanın bütün bölgələrində-dağlıq və aran rayonlarında, dağlarında, düzlərində geoloji ekspedisiyalar zamanı əldə etdiyi nadir eksponatları böyük qayğıyla bir yerə toplayıb. Bu muzeyin nadir kolleksiyalarından olan bəzi eksponatlar mübadilə yolu ilə Avstraliya, Kanada, Argentina, İspaniya, Almaniya, Türkiyə, İndoneziya, Rusiya və Ukraynanın milli universitet paleontologiya muzeylərinə verilib. Bəzi mollyusk nümunələri «Qırmızı kitab»a daxil edilib.
   Muzeydə nümayiş olunun eksponatlardan birini-bütün dünyada bənzəri olmayan qeyri-adi mollyusk qabığını Karayev 1995-ci ildə İndoneziyada tapıb. Azərbaycandan ilk geoloq-malakoloq alim kimi bir neçə il ərzində Qara dəniz, Fars korfəzi, Qırımzı dəniz, Hind okeanı boyunca beynəlxalq dəniz ekspedisiyanın tərkibində olarkən təkrarsız nümunələr əldə edə bilib. İndi bu nümunələrin hamısı «Rinay» muzeyini bəzəyir. Yeri gəlmişkən, muzeyin adını Tofiq müəllim övladlarının adından yaradıb, hərfi mənası «Qanuni nailiyyət» deməkdir. Unikal şəxsi muzey haqqında məlumatı olan xarici ölkə vətəndaşları, Azərbaycana yolu düşən elm adamları, kolleksiyaçılar, səyahətçilər, turistlər, jurnalistlər mütləq «Rinay» muzeyinə gəlir, dəniz faunasının incilərinə heyranlıqla tamaşa edirlər. Bura gələn ekoloqlar, paleontoloqlar, paleocoğrafiyaçılar, kolleksiyaçılar nümayiş olunan eksponatlara-mollyusk qabıqlarına, dəniz ulduzlarına, kirpi və tısbağalara ayrıca maraq göstərirlər. Yaradıcısının fikrincə, «Rinay» muzeyi daha çox uşaq və gənclərin intellektual səviyyəsini artırmağa, onlarda kiçik canlıların-mollyuskların həyatına maraq oyatmağa, təbiətin təkrarsız, hətta kökü kəsilmiş varlıqlarına qarşı sevgi aşılamağa, eləcə də Azərbaycanda geologiya elminin inkişafına əvəzsiz xidmət göstərir. «Rinay» muzeyi həm də gözəlliyin xidmətindədir. Bu bəzilərinə anlaşılmaz görünə bilən qeyri-adi gözəllikdir. Əslində, burda gözəllik nisbi anlayışdır; ilk baxışda çox eybəcər görünən hər bir mollyusk qiymətsiz olmaqdan savayı, təkrarsızlığına, «Qırmızı kitab»a düşdüyünə görə gözəldir. «Rinay» muzeyi indiyəcən müxtəlif beynəlxalq sərgilərdə iştirak edib, dəyərinə, mövzu orijinallığına görə şəxsi muzeylər sırasında həmişə birincilik qazanıb, diplomlara, fəxri fərmanlara, mükafatlara layiq görülüb.
   Azərbaycan ictimaiyyəti Tofiq Karayevi alim, dünyada analoqu olmayan şəxsi muzey yaradıcısı, həm də məşhur idmançı, geniş vokal imkanları olan həvəskar müğənni kimi də tanıyır. O, 1949-cu ildə aviamodel idmanı üzrə beynəlxalq yarışların çempionu, dünya rekordçusu, bir neçə idman növü üzrə Azərbaycan çempionu, 1952-ci ildə «Əsrin üzgüçüsü» yarışının mükafatçısı, tələbə və gənclərin VI (Moskva), VII (Berlin) festivallarının diplomantı olub. Ömrünün 80-ci onilliyini xırdalayan bu böyük ürəkli insanın həyat, yaradıcılıq eşqi tükənməyib. Hər dəfə Bakının Bayıl qəsəbəsində yerləşən muzeyə gəlib ordan xoş təəssüratla ayrılan insanları görəndə Tofiq müəllim üçün həyat yenidən başlayır.

    F. Asimqızı







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar