Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixi Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.
   
   Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət Siyasəti Şöbəsinin Muzey işi sektorunun müdiri Azadə Hüseynovanın sözlərinə görə, hazırda Azərbaycanda 201 muzey fəaliyyət göstərir: «Bunlardan 14-ü incəsənət, 7-si ədəbiyyat, 12-si tarix, 68-i tarix-diyarşünaslıq, 5-i döyüş şöhrəti, 43-ü ev, 52-si Heydər Əliyev muzeyləridir. Eyni zamanda Milli Elmlər Akademiyası sistemində, digər nazirlik və təşkilatların nəzdində müxtəlif profilli və şəxsi muzeylər fəaliyyət göstərir. Həmin muzeylər sırasında Azərbaycan Dövlət İncəsənət Muzeyini, Azərbaycan Milli Tarix Muzeyini, Nizami Gəncəvi adına Azərbaycan Milli Ədəbiyyat Muzeyini, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyini, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyini, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyini və Azərbaycan İstiqlal Muzeyini misal göstərmək olar».
   Hamıya məlumdur ki, 1988-ci ildən başlayaraq erməni təcavüzü nəticəsində 100 mindən artıq əşyanın toplandığı 22 muzey işğal olunmuş ərazidə qalıb. Qarət edilmiş muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünyaşöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları və digər eksponatlar toplanıb. Azadə xanım bildirir ki, orada qorunub saxlanılan eksponatlar ermənilər tərəfindən ərazidən çıxarılıb: «Təkcə elə Şuşa şəhərində 8 muzey fəaliyyət göstərirdi. Dövlət Qarabağ Tarixi Muzeyi, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun ev-muzeyi, vokal sənətimizin əsasını qoyan Bülbülün memorial muzeyi, görkəmli musiqiçi və rəssam Mir Mövsün Nəvvabın xatirə muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin Şuşa filialı, Ağdam Tarix-Diyarşünaslıq Muzeyi, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyi, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyi, görkəmli musiqiçi Qurban Primovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi şəhərin bombalanması zamanı tamamilə yerlə-yeksan olub».
   Bütün bunlara baxmayaraq, son illər respublikamızda bütün sahələrdə böyük inkişaf nəzərə çarpdığı kimi, muzey işi sahəsində də böyük irəliləyiş var. Muzeylərin sayının intensiv surətdə artdığını deyən sektor müdiri, son üç ildə Azərbaycanda müxtəlif profilli 44 yeni muzey açıldığını diqqətə çəkdi: «Muzeylər cəmiyyətdə baş vermiş sosial-siyasi hadisələri özündə əyani şəkildə əks etdirir və bu səbəbdən onların ekspozisiyalarının müasir tələblər baxımından təkmilləşdirilməsi, yenidən qurulması və zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Dövlət tərəfindən, şəxsən ölkə prezidenti İlham Əliyev tərəfindən bu sahəyə böyük qayğı göstərilir. 2006-2007-ci illərdə muzey işinin inkişafına dair 6 sərəncam imzalanıb. «Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında» 6 mart 2007-ci il tarixli sərəncamda Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının tikilməsi, Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmiri, yeni avadanlıq və zəruri eksponatlarla təchizatı, Muzey Mərkəzinin təmiri və yenidən qurulması, Azərbaycan Dövlət İncəsənət Muzeyinin əsaslı təmirdən sonra yeni ekspozisiyaların yaradılması, Azərbaycan muzeylərinin fəaliyyətinin müasir prinsiplər əsasında, dünya standartlarına müvafiq yenidən qurulması və ekspozisiyaların azərbaycançılıq məfkurəsinə uyğunlaşdırılması nəzərdə tutulub.
   Sərəncama uyğun olaraq, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının tikinti işlərinə başlanılıb, Dövlət İncəsənət Muzeyinin bir binasının əsaslı təmir işləri başa çatıb və yeni ekspozisiyaların qurulması istiqamətində iş aparılır».
   Qeyd edək ki, hazırda ölkə muzeylərinin beynəlxalq muzeylərlə də əlaqələri genişləndirilir, muzey işi sahəsində müxtəlif beynəlxalq müqavilələr imzalanır. Azərbaycan Dövlət İncəsənət Muzeyi və Belarus Milli İncəsənət Muzeyi, Norveçin Stavanger Şəhər Arxeologiya Muzeyi və Muzey Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi ilə Fransanın Luvr Muzeyi arasında əməkdaşlıq müqavilələri bağlanılıb. A.Hüseynova qeyd etdi ki, hazırda Azərbaycanın muzey mütəxəssisləri bir çox beynəlxalq konfranslar, simpoziumlar, seminar-treninqlərdə iştirak edirlər: «Biz muzey vasitəsilə Azərbaycan mədəniyyətini, tarixini digər ölkələrdə təbliğ edirik. Bu baxımdan Mədəniyyət və Turizim Nazirliyi çox böyük işlər görür. Artıq dünyanın aparıcı muzeylərində, Pakistanın İslamabad şəhərinin Etnoqrafiya Muzeyi, Qazaxıstanın Arxitektura-Landşaft Muzeyi, Çinin Folklor, Qadın və Uşaq Muzeyində Azərbaycan bölmələri guşələri yaradılıb. Ötən ay İKOM-un dəstəyi və Müstəqil Dövlətlər Birliyinin Humanitar Fondunun yardımı ilə Azərbaycanda milli seminar-treninqlər keçirilib. Burada 33 tarix-diyarşünaslıq muzeyinin direktoru iştirak edib.
   
   ZÜMRÜD







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar