Nə yarpaq, nə külək, nə metal, nə quş,
   Səslənmir, oxumur özgə dilində.
   Bəs sənə nə düşüb, ay dili yanmış,
   Yad dildə ötürsən öz mənzilində?!
   
   B.Vahabzadə
   
   Bir milləti digərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri həmin millətin ana dilidir. Hər bir dil gözəldir və özünəməxsus xüsusiyyətlərə malikdir, Azərbaycan dili də həmçinin! Lakin təəssüf ki, bu gün Azərbaycanda öz ana dilində danışmağı "çuşkalıq", rus dilində danışmağı isə "sovrimennilik" hesab edənlər də yox deyil. Bu isə bir çox müsbət keyfiyyətlərə malik olan millətimizin adına bir nankorluq, qədirbilməzlik minisuna gətirib çıxarır. Gəlin baxaq; hər hansı mahnımızı, musiqi alətimizi, tarixi abidəmizi və s. yalnız ermənilər oğurladıqdan sonra, əl-ayağa düşür, onların bizə mənsub olduğunu dünyaya bəyan edirik. Yalnız kimsə əl atandan sonra, "o bizimdir" deyə qışqır-bağır salmağa, arxivlərə girib əşyayi-dəlil axtarmağa başlayırıq. Gərək dilimiz də bir zərər görsün ki, onu heç olmasa ölkə hüdudlarında sevib-qiymətləndirməyə başlayaq?
   Deyirlər, bir baş yaxşı işləyir, iki baş əla. Ona görə də biz məsələni tək yox, şəhərimizin sakinləri ilə birgə aydınlaşdırmağa çalışdıq. Paytaxt sakinləri də, bizə nə qədər doğma olsa belə, ana dilimizi lazımınca qoruya bilmədiyimizi vurğuladılar: "Azərbaycan dili ta qədimdən müasir dövrə qədər çox zərər görmüş, müxtəlif dəyişikliklərə məruz qalmışdır". Onlar bu problemin Azərbaycanın müxtəlif dövrlərdə əsarət altında qalması ilə əlaqələndirdilər: "Bir xalq müəyyən müddət əsarətdə qalarsa, istər-istəməz onun etnik tərkibi, mədəniyyəti ilə yanaşı, dilinə də xələl gelir". Məsələn, bu gün bizim adi danışıq dilimizdə «uje», «voobşe», «toçna», «redkiy» və başqa rus sözlərindən çox istifadə olunur. Hətta sorğuya çəkdiyimiz insanlar arasında özlərinin də bu cür sözlərdən istifadə etdiklərini etiraf edənlər oldu. Bu problem birbaşa Azərbaycanın uzun illər SSRİ-nin tərkibində olması ilə bağlıdır. Lakin həmin dövrdə Azərbaycanda təmiz ana dilində danışan adam tapmağın çətin olduğunu nəzərə alsaq, bu gün vəziyyətin o qədər də bərbad olmadığını görərik.
    Apardığımız sorğulardan belə məlum oldu ki, ana dilini bəyənməyib başqa dilə müraciət edənləri çıxmaq şərtilə, danışığında hərdən 1-2 rus sözündən istifadə edənlərə bir qədər güzəştə getmək olar. Beləliklə, bu problemin yavaş-yavaş öz həllini tapdığını düşünüb sevinməyə başlayırdıq ki, ortaya yeni bir problemin çıxdığını müəyyənləşdirdik. Demə, dilimizdəki "ruslaşma"nı yavaş- yavaş türk ləhcələri əvəz etməyə başlayıb.
   Deyirlər, qulaq nəyi eşidirsə, dil onu səsləndirməyə meyilli olur. Bizim qulaqlarımız da xarici filmlərin Azərbaycan dilində səsləndirilməsi məsələsi ortaya çıxanı, efirdə ancaq türklərin səsini eşitməyə alışıb.
   Həmvətənlərimiz arasında bunu dəstəkləyənlər, "rus dilindənsə, türk dilinə meyil olsa, daha yaxşıdır" deyənlər, ümumən türk millətinin birliyi baxımından bunu müsbət hal kimi qiymətləndirənlər də var.
    Bir cəhəti də mütləq qeyd etmək istərdim. Əgər bizim həmvətənlərimizdən biri hər hansı bir xarici ölkəyə gedirsə, o ölkənin dilində danışır. Bu, normal və qəbulolunandır. Amma bir fakt da var ki, hər hansı bir əcnəbi bizim ölkəyə təşrif buyurursa, o bizim dilimizdə deyil, yenə də biz onun dilində danışırıq. Niyə? Yəni doğrudan da bizim içimizdən olan bəzilərinin ürəyində olan hədsiz qonaqpərvərlik, yavaş-yavaş yaltaqlıq qəlibinə düşür? Elə bil nədənsə, özümüzdən bir az "böyüyünü" görən kimi, ona xoş gəlmək üçün dəridən-qabıqdan çıxmağa , hətta onun dilində danışmağa başlayırıq. Deməli, öz dilimizə qarşı ilk hörmətsizliyi elə özümüz etmiş oluruq. Onda əcnəbidən hansı hörməti gözləyirik?
    Əgər bir insan, başda ana dili olmaqla, bir neçə dil bilirsə, bu həmin insanın savadlı olduğuna işarədir. Hətta düşmənin də dilini bilmək lazımdır. Lakin bu o demək deyil ki, biz öz dilimizi unudub öz vətənimizdə belə kimlərinsə dilində danışmalıyıq.
    Elə isə neyləyək? Təbliğat aparmaq lazımdır. Əksər soydaşlarımızın fikrincə, ana dilimizin bu gün doğrudan da güclü təbliğata ehtiyacı var! 
   
   Könül NƏCƏFOVA