Məlum olduğu kimi, bu il Bakı - İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Bununla əlaqədar, Azərbaycanın digər ölkələrlə, xüsusən də müsəlman ölkələri ilə həm siyasi, həm iqtisadi, həm də dostluq münasibətlərini daha da yaxşılaşdırmaq məqsədilə ölkəmizdə bu il çoxsaylı mədəniyyət günləri təşkil olunur. Bu, qarşılıqlı münasibətləri daha da yaxşılaşdırmaq və mədəniyyətimizi həmin ölkələrdə təbliğ etmək, tanıtmaq istəyindən qaynaqlanır.
   
   Növbəti belə yüksək səviyyəli tədbir iyunun 10-da Mərdəkan Mədəniyyət Mərkəzində keçirildi. Qətər Mədəniyyət Günləri ilə bağlı keçirilən bu tədbirdə Azərbaycan və Qətər dövlətindən olan bir çox nümayəndələr, Qətərin Mədəniyyət, İncəsənət və İrs Milli Şurasının baş katibi və Azərbaycandakı səfiri Mübarək Bin Nasir Əl-Xəlifə, həmçinin hər iki ölkənin mətbuat, mədəniyyət işçiləri, incəsənət adamları iştirak edirdilər.
   Tədbir özündə Qətərin adət-ənənələrini, milli kaloritini, özünəməxsus mental dəyərlərini əks etdirən “Les noces au Qatar” adlı kliplə açıq elan olundu. Klipdə qətərlilərin salamlaşma tərzi, özündən böyüyə hörmət, toy adət- ənənələri, xınaçılıq, ətirlər, gəmiçilik, xalq şirniyyat növləri və başqa bu kimi maraqlı etnoqrafik və müasir həyatını əxs etdirən nümunələr tamaşaçıların ixtiyarına verildi. Bir məqamı xüsusilə vurğulayaq ki, klipdə daha çox diqqət cəlb edən toy adət- ənənələri oldu. İnsana keçmiş mühiti xatırladan və əsl Şərq üslubunda təşkil olunan otaqlarda qəribə bir toy ab-havası hiss olunurdu. Gəlin üçün hazırlanmış otaqlardan birində onun yaxınları, dost- tanışları ətrafına yığışaraq ona təbriklər, xeyir-dualar deyir, anası isə dua oxuya-oxuya qızının əlinə və ayağına xına, gözlərinə sürmə çəkirdi. Rəfiqələrindən biri də gəlinin başına gülab səpələyərək onun saçlarını, əl-qolunu xüsusi buxurun tüstüsü ilə ətirləndirirdi. Qarşı otaqlardan birində də bir qadın toyda iştirak edən başqa qadınlara gəlinin “cehiz”lərini müxtəlif rəngli, bər-bəzəkli, zəngin naxışlarla işlənmiş parçalarını, bəzək əşyalarını, geyim və digər aksessuarlarını göstərirdi. Paralel olaraq, başqa bir otaqda bəyin toya hazırlıq prosesi gedirdi. O, dost və qohumları ilə birgə yerdə oturub milli musiqi alətlərinin sədaları altında dua oxuyurdu. Az sonra bütün otaqdakılar həyətə çıxıb musiqi ritmləri altında əl çalaraq rəqs edir, ata və oğul isə otaqda söhbət edirdilər. Daha sonra qadınlar gəlini bəyin yanına gətirirlər. Bəy namaz qılır, mətbəxdə isə qadınlar səhərə yemək hazırlayırlar.
   Digər bir diqqət çəkən cəhət isə kişilərin yekə bir sini ətrafında toplaşaraq, yeməyi eyni qabdan, həm də əllə yemələri, uşaqların isə qohum-qonşuya yemək paylamaları oldu. Klip bitdikdən sonra Qətərin rəqs ansamblı səhnəyə çıxıb kəndirlə, qılıncla müxtəlif rəqslər ifa etdilər. Rəqs edən qadınlar isə səhnədəki çıxışları zamanı çarşabı atmaqla, bizə “azad qadın”ı xatırlatdılar.
   Beləliklə, tamaşaçılar Qətərin milli mədəni adət-ənənələri haqqında bilgilərini daha da zənginləşdirdilər və hamı zalı xoş təəssüratlarla tərk etdi.
   
   Yeganə,
   Könül