Gəncə əzəldən mədəniyyət beşiyi, mədəni inkişafın örnək nöqtəsidir. Burada keçirilən mədəni tədbirlər özünəməxsusluğu, gözəlliyi və rəngarəngliyi ilə həmişə seçilir, maraq doğurur. Mədəniyyətin inkişaf etdiyi şəhərdə təbii ki, mədəni zövqün, fikrin, fantaziyanın, təfəkkürün formalaşmasında mühüm rol oynayan qədim sənət növü teatra da münasibət bir başqadır. Bu şəhərdə teatrı, bu sənət məbədini bir başqa sevirlər. Bu belə də olmalıdır. Axı Gəncə söz və səhnə ustadlarının yurdu, məskəni, Azərbaycanın nurlu mədəniyyət ocaqlarından biridir. Heç təsadüfi deyil ki, ölkəmizdə ilk dəfə keçiriləcək teatr festivalının məkanı da məhz Gəncədə olacaq. Festival teatrsevərlərin zövqünü oxşayacaq, mənəvi qida kimi onların sənətini işıqlandıracaq. İyunun 23-dən 28-nə kimi davam edəcək festivala respublikanın 14 teatr kollektivi qatılacaq. Teatrsevərlər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Bakı Bələdiyyə Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət «Yuğ» Teatrı, Pantamimo Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Sumqayıt Dövlət Musiqili Dram Teatrı, Gəncə, Qazax, Mingəçevir, Şəki, Lənkəran dövlət dram teatrlarının kollektivlərinin ifasında müxtəlif səhnə əsərlərinə baxa biləcəklər. Gün ərzində Gəncə Dövlət Dram Teatrının səhnəsində bir neçə tamaşa nümayiş etdiriləcək. Festival Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə təşkil olunub.
Günay Asifqızı