Fransa İncəsənət Akademiyasının katibi Arno d’Oterivin və Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəsi səfir Eleonora Hüseynovanın təşkilatçılığı ilə iyulun 1-də akademiyada görkəmli fırça ustası Tahir Salahova Fransa mədəniyyət və kommunikasiya naziri tərəfindən ölkənin ən nüfuzlu mükafatlarından biri hesab edilən “İncəsənət və ədəbiyyat” ordeninin “Zabit” dərəcəsi təqdim olunub. Mükafatı azərbaycanlı rəssama Arno d’Oteriv təqdim edib.
Azərbaycan və SSRİ-nin xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti Tahir Salahov əməyinə verilən yüksək mükafata görə Fransanın mədəniyyət və kommunikasiya nazirinə öz təşəkkürünü bildirib.
Təqdimetmə mərasimində Azərbaycanın Fransadkı səfiri Tarik Əliyev, tanınmış moda ustası Pyer Karden də iştirak edib.
Pyer Karden Tahir Salahovu uzun müddət tanıdığını, Rusiyada olarkən bir neçə günü birlikdə keçirdiklərini bildirib: «Mən onun istedadının vurğunuyam. Tahir Salahovun yaradıcılığını əlçatmaz bir zirvəyə bənzətmək olar».
T.Salahov öz növbəsində bu mükafatı yüksək qiymətləndirib və onun qəlbini qızdırdığını qeyd edib: «Əgər mükafat ürək qızdırırsa, bu, sənin əməyinə verilən cavabdır. Bu, mənim üçün böyük xoşbəxtlikdir ki, yaradıcılığıma yalnız doğma vətənim Azərbaycanda deyil, eyni zamanda Fransada da xüsusi qiymət verilir. Yüksək mükafata görə Fransaya “sağ ol” deyirəm».