Tatarıstanın Kazan şəhərində Azərbaycan Mədəniyyət Günləri keçirilib. Tədbirin rəsmi açılış mərasimində Tatarıstan Dövlət Şurasının sədrinin müavini Rimma Ratnikova çıxış edib. O, Azərbaycan və tatar xalqları arasında tarixi bağların olduğunu bildirib və Tatarıstanda verilən “Qızıl minbər” mükafatının ilk qalibinin Azərbaycan kinematoqrafı olduğunu xatırladıb.
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib. Mədəniyyət günləri çərçivəsində rəssam-fotoqraf Fərid Xayrullinin “Mənim Azəbaycanım” adlı sərgisi keçirilib. Sərginin ekspozisiyasına idmana, dinə, sənayeyə, ekologiyaya, paytaxt həyatına həsr olunan 50-ə yaxın rəngkarlıq işi daxil edilib.
Sonra isə Azərbaycan simfonik orkestri S. Saydaşen adına Dövlət konsert zalında musiqi proqramı ilə çıxış edib. Konsertdə dünya klassikləri - Motsart, Ştraus, Brams və Azərbaycan bəstəkarlarının əsərlərindən və xalq mahnılarından nümunələr səsləndirilib. Nazir Əbülfəs Qarayev bildirib ki, Azərbaycan nümayəndə heyəti Tatarıstanın Tarix Muzeyində və digər mədəni mərkəzlərdə olub.
Məlumat üçün bildirək ki, Tatarıstan Respublikası Rusiya Federasiyasının subyektlərindən biridir. Tatarıstanda böyük əksəriyyəti tatarlar və ruslar olan 70-ə yaxın millət yaşayır. Paytaxtı Kazan şəhəridir. Sovet İttifaqı zamanı Rusiya Federasiyası tərkibində muxtar respublika olan Tatarıstan 1990-cı il avqustun 30-da dövlət suverenliyi haqda bəyannamə ilə Tatarıstan Respublikası adlandırılıb. Xatırladaq ki, Azərbaycanda Tatarıstan Mədəniyyət Günləri keçən ilin oktyabr ayında keçirilib.