Gəncə Arxeoloji Ekspertiza İdarəsi hər ilin yay mövsumundə olduğu kimi, bu il də ölkəmizin müxtəlif bölgələrində qazıntılar aparır. Arxeoloji tədqiqatlar əsasən orta əsrə aid Gəncə qalasında, Goranboy və digər ərazilərdə aparılır. Hazırda mütəxəssislər tərəfindən Goranboyun Şutur qalası ərazisində arxeoloji tədqiqatlara başlanılıb. Tədqiqatların aparılmasında «İRƏLİ» İctimai Birliyi yaxından köməklik göstərir. Azərbaycan Milli Elmlər Akademiyasnın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Arif Məmmədovun bildirdiyinə görə, Şutur qalasının öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Adıçəkilən ərazi Bərdə, Gəncə, Tiflis şəhərlərinin ticarət yolunun üstündə yerləşdiyinə görə, qalanın öyrənilməsi maraq çəkir. Şutur, Şatar, el arasında isə Sirli qala kimi tanınan bu qalada arxeoloqların apardıqları ilkin tədqiqatlar nəticəsində sənətkarlar məhəlləsi və emalatxana sexi, sənətkarların hazırladıqları küpələr aşkar edilib. Bununla yanaşı buradan 5 və 9-cu əsrə aid xeyli maddi nümunələr, o cümlədən Atabəylər, Hülakilər və başqa dövrə aid sikkələr tapılıb. Maraqlısı odur ki, o zaman sənətkarlar tərəfindən düzəldilən qabların üzərində ustanın adı və bərəkət duası yazılırmış. Mütəxəssis Arif Məmmədov onu da bildirir ki, Goranboy ərazisində 13-cü əsrə aid monqol hərbi düşərgəsi də aşkar edilib. Torpaq qatının kül rəngində olması onu göstərir ki, monqollar Şutur şəhərini işğal etdikdən sonra tamamilə yandırıb. Hətta monqolllar bu ərazidə Çin səddinə oxşar daş hasar da tikiblər. Onların bu ərazilərdə məskunlaşması isə azərbaycanlıların hərbi sənətkarlığına da müsbət təsir göstərib. Belə ki, araşdırmalar göstərir ki, sənətkar emalatxanalarında silahlar da hazırlanırmış. Onu da bildirək ki, Goranboy ərazisində işlər yekunlaşdıqdan sonra Naxçıvan və Ağcabədidə arxeoloji tədqiqatların aparılmasına başlanılacaq.
   
   Günay Asifqızı







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar