Şərq dünyasının özünəməxsus və möhtəşəm abidələrindən biri Bakıda yerləşən, Azərbaycanın simvolu olan Qız Qalasıdır.
   
   Memarlıq üslubuna görə analoqu olmayan abidə qeyri-adiliyi və orijinallığı ilə tək Azərbaycan yox, həmçinin bütün dünya alimləri üçün hər zaman maraq doğurub. Əzəmətli Qız Qalası bu gün də hər şeydən çox öz bənzərsiz forması ilə diqqət çəkir.
   Qalaya daxil olan hər kəs sanki nağıl aləminə düşür. Əsrlərin qaraltdığı daş divar və iti pilləkənlər, mərtəbələrdəki eksponatlar, eləcə də çöldən görüntü insanda dərin təəssürat oyadır.
   Alimlər ölkəmizin tarix və memarlığının unikal nümunəsi olan Qız Qalasını təkcə dini, elmi (astronomik) və ya müdafiə istehkamı olması mənalarında deyil, həm də ezoterik baxımdan çox əhəmiyyətli hesab edirlər. Elə buna görə də folklorumuzda həm Qız Qalasının özü, həm də onun adı haqqında çoxlu rəvayətlər mövcuddur. Onlardan birində deyilir: Şahın xanımı vəfat etdikdən sonra qızı xeyli mütəəssir olur. Onda şah, qızının könlünü almaq, dərdini yüngülləşdirmək üçün ona dəniz kənarında bir qala ucaldır. Şahzadə hər gün qalaya qalxır, şəhəri seyr edirmiş. Şah qızına vurulan bir oğlan da hər gün gəlib qalanın yanında dayanar və qızı seyr edərmiş. Beləcə, hər iki gənc bir-birlərinə aşiq olurlar. Lakin bir gün dənizdə baş verən fırtına nəticəsində oğlan dənizdə batır. Buna dözməyən şahzadə qalaya qalxaraq özünü dənizə atır və həlak olur. O vaxtdan da qala Qız Qalası adlanır.
   Hündürlüyü 28 metr olan tikiliyə baxdıqca, adama elə gəlir ki, Azərbaycan insanının qüdrəti, hünəri, böyük amallar uğrunda mübarizəsi daşlaşaraq əlçatmaz, alınmaz qalaya dönüb. 8 mərtəbəli, silindr formalı görünüşə malik olan bu müdafiə qurğusunun divarları aşağı mərtəbələrdə 5, yuxarı mərtəbələrdə isə 4 metr qalınlığındadır. Belə ehtimal olunur ki, hərbi əməliyyatlar zamanı Qız Qalasında 250 adam yerləşə bilirmiş.
   Tikilinin tarixi və təyinatı ətrafında çoxsaylı mübahisələr getməkdədir. Əsasən onu VI-XII əsrlərə aid edirlər. Qalanın çölündə yerləşən yazılı daşın tarixi də bu dövrlərə gedib çıxır. Bir sıra arxeoloqların qənaətincə, Qız Qalasının aşağı hissəsinin 2600 il yaşı var. Belə ki, abidənin aşağı hissəsi yuxarıya nisbətən köhnədir.
   Qalanın funksiyası barədə də bir çox fərziyyələr mövcuddur. Birinci versiyanın tərəfdarları onu feodal dövrünün müdafiə qalası hesab edirlər. Digər fərziyyəyə görə, Qız Qalası atəşpərəst məbədi olub. Abidənin rəsədxana olduğunu bildirənlər də var.
   Qala dəfələrlə - orta əsrlərdə, XIX əsrin ortalarında, sonuncu dəfə isə 1960-cı illərdə bərpa olunub. Təəssüf ki, bərpa zamanı tikilinin bəzi elementləri və onun ilkin görünüşü müəyyən qədər dəyişdirilib. Qız Qalası 1965-ci ildən Şirvanşahlar Saray Kompleksi Dövlət Tarix-Memarlıq Qoruq-Muzeyinin filialı kimi fəaliyyət göstərməyə başlayıb.
   2000-ci ildə abidə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun tərkibində YUNESKO-nun Dünya İrsi siyahısına salınıb. 2003-cü ildə təhlükədə olan abidələr siyahısına düşən Qız Qalası bugünlərdə YUNESKO-nun Dünya İrsi Komitəsinin qərarı ilə həmin siyahıdan çıxarılıb. Deməli, bundan sonra Qız Qalası öz kiçik qapılarını geniş şəkildə istər yerli, istərsə də əcnəbi ziyarətçilərin üzünə daha əminliklə açacaq.