Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndi ərazisində yerləşən qədim yaşayış yerində arxeoloji qazıntılara başlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Naxçıvandakı tarixi ərazilərin tədqiqatının aparılması ilə bağlı göstərişinə əsasən, bu bölgədə də arxeoloji qazıntılar genişləndirilib.
Qeyd edək ki, hazırda muxtar respublikanın bir çox bölgəsində bu cür arxeoloji tədqiqatlar davam etdirilir. Sevindirici haldır ki, arxeoloji ekspedisiyaların cəlb olunduğu ərazilərdən olan Oğlanqala yaşayış yerində çox mühüm tapıntılar aşkara çıxarılıb. Azərbaycan və ABŞ arxeoloqlarının cəlb olunduğu qədim yaşayış yerində qazıntı işləri apararkən saray aşkarlanıb.
Ekspedisiyaya rəhbərlik edən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin verdiyi məlumata görə, ekspedisiya qrupu qazantılar zamanı Dəmir dövrünə aid sarayın planını müəyyənləşdirmiş, həmin ərazidə yerləşən Narınqalanın strukturu ilə bağlı yeni binalar ortaya çıxarmış, qalanın planının müəyyənləşdirilməsi ilə bağlı ciddi nəticələr əldə etmişlər. Məlumatda o da vurğulanıb ki, aşkar olunan yeni binaların tarixi e.ə. VIII-VII əsrlərə aid olunur.
Məlumat üçün onu da bildirək ki, Azərbaycan-ABŞ arxeoloqlarından ibarət ekspedisiya qrupu hazırda Oğlanqala yaşayış yerində aparılan qazıntılarla yanaşı Arpaçay vadisindəki abidələrin də topoqrafiq planını və xəritəsini hazırlayır. Vəli Baxşəliyevin dediyinə görə bu, gələcəkdə abidələrimizin elmi şəkildə daha ətraflı öyrənilməsi üçün vacib amildir.
Onu da qeyd edək ki, tədqiqatlar zamanı bölgədən xeyli sayda keramika nümunələri, ocaq yerləri, kömür və duls kürəsinin qalıqlarını, insanların Dəmir dövrünə aid yaşayışını əks etdirən digər maddi-mədəniyyət nümunələri aşkara çıxarmışlar.
Qazıntılar qarşıdakı bir ay müddətində davam etdiriləcək, eləcə də digər kəşfiyyat xarakterli tədqiqatlar da aparacaqlar.
Elxan Yurdoğlu,
Naxçıvan