Tarixi əsrarəngizlik, muğam və milli mətbəx buranın atributlarıdır 
      
   Qədim Şərq qonaqpərvərliyinin ünvanı, Bakı karvansaralarının bütün özəlliyini və gözəlliyini qoruyub saxlayan ekzotik məkan...
   Bura daxil olan hər kəs özünü orta əsrlərə məxsus əsrarəngiz və heyrətamiz bir yerdə hiss edir. Klassik musiqimiz olan muğamın və müxtəlif xalq musiqilərimizin çal-çağırınıa bürünmüş bu məkan öz ecazkarlığı ilə nəinki bizləri, hətta əcnəbiləri də özünə valeh edir. Bəli, söhbət Qız Qalasının yaxınlığında yerləşən və hazırda daxilində Muğam Teatrının fəaliyyət göstərdiyi qədim karvansaradan gedir.
   Karvansaranın ümumi görünüşü, xüsusilə də qoşa taxta qapıları qarşısında sanki karvan yolu keçirmiş kimi sıraya düzülmüş dəvə fiqurları İçərişəhərimizin görkəminə ayrı bir rəng qatır. İçəri daxil olarkən hər bir adamı diqqət kəsilməyə məcbur edən tikili daha sonra sanki bizi nağıllardan real aləmə qaytarır və öz-özümüzə «deməli, əsl karvansara belə olub» deyirik.
   Tarixi tikilinin görünüşü, bütün əşyaları, yerdə və divarlardakı qədim xalça və kilimlər, qədim mis qablar, divar boyu asılmış çıraqlar, hətta divarlarda vurulmuş şəkillər belə onun V-VI əsrlərə aid olması fikrini yaradır. Budaqları həyət boyu şaxələnmiş əncir ağacları və onun altındakı kiçik hovuz isə əsl Şərq ekzotikası təsəvvürü doğurur.
   Karvansaranın iki giriş qapısı maraq doğuran detallardandır. Belə ki, Azərbaycanın orta əsr peşəkar memarlığının nümunəsi olan bu tikili elə formada inşa olunub ki, dəniz tərəfdən olan əsas giriş qapısı aşağıda, digər sol tərəfdəki qapı isə yuxarıda yerləşir. Tacir öz heyvanlarını yalnız dənizə tərəf açılan qapıdan zirzəmiyə daxil edə bilərdi. Bunun özü də səbəbsiz deyil. Belə ki, dəniz tərəfdən İçərişəhərə daxil olanda yol yuxarı qalxdığından, karvansaranın digər qapısından yalnız tacirlər pilləkənlə yuxarı, yəni qonaq otaqlarına qalxa bilərmişlər.
   Dairəvi formada tikilmiş 40 otaqdan ibarət ikimərtəbəli abidə orta əsr karvansaralarına xas olan bütün xüsusiyyətləri özündə cəmləşdirir. Bəzi əşyaları çıxmaq şərti ilə hücrələr öz qədimliyini olduğu kimi qoruyub saxlayıb. Demək olar ki, otaqların quruluşu və içərisində olan əşyalar da eynidir. Məsələn, otağın qarşısında olan kiçik dəhlizin yuxarısında şəbəkə formasında kiçik daş pəncərə bütün otaqlarda mövcuddur. Bu pəncərə ilin bütün fəsillərində açıq olur və hücrələrdə təmiz hava olmasını tənzimləyir.
   Karvansaranın daxilində olan iki daş pilləkən isə ikinci mərtəbəyə aparır. Tikilinin bu hissəsindəki bəzi otaqlar hazırda qədim əşyaların satış mərkəzi kimi fəaliyyət göstərir.
   Karvansara 1960-cı ilə qədər yaşayış evi kimi istifadə edilib. 1964-cü ildə isə bərpa edilərək müəyyən qədər əvvəlki görkəminə qaytarılıb. Tikilidə müxtəlif muzey idarələri, habelə «İrs» ansamblı fəaliyyət göstərib. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Bakı Şəhər İcra Hakimiyyəti 1988-ci ildə karvansaranın Muğam Teatrının kollektivinə verilməsi haqda sərəncam imzalayıb. Bərbad vəziyyətdə olan tarixi abidə teatrın rəhbəri Arif Qazıyevin təşəbbüsü ilə əsaslı təmir olunaraq indiki formasını alıb. Abidə Nazirlər Kabineti yanında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinə daxildir. Dövlət başçısı İlham Əliyevin göstərişi ilə bu yaxınlarda karvansaranın üzərindəki süni örtüklər daha müasir formalı, yüngül açılıb-örtülən avtomat örtüklə əvəz olunacaq.
   Əsrlərin yaşıdı olan qədim karvansara bu gün Azərbaycanın şeir, sənət, muğam mərkəzinə çevrilib. Qeyd edək ki, respublika prezidenti İlham Əliyevin təşəbbüsü ilə 1994-cü ildə teatrın daxilində Muğam Klubu yaradılıb. Burada qonaqlara həm də milli mətbəximizin nümunələri - düşbərə, yarpaq dolması, qutab, müxtəlif plovlar, kabablar təqdim edilir. Bu təşəbbüs əcnəbilərin tarixi məkana axınını daha da sürətləndirib.
   Hər bir daşı, hər santimetri tarix olan bu məkanda əcnəbilərə milli musiqimizi, yeməklərimizi - bir sözlə, mədəniyyətimizi yüksək səviyyədə təqdim və təbliğ etmək fürsətindən gözəl nə ola bilər? Bütün bunların ərsəyə gəlməsində isə tanınmış rejissor Arif Qazıyevin rolu əvəzsizdir.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar