Azərbaycan və ABŞ arxeoloqları Naxçıvan MR-in Şərur rayonu ərazisindəki Oğlanqala qədim yaşayış yerində birgə tədqiqat işləri aparırlar. Qazıntılar zamanı aşkarlanan tapıntılar Oğlanqalanın paytaxt şəhəri olduğunu söyləməyə əsas verir. Tədqiqatlardan məlum olur ki, burada eramızın birinci minilliyinin əvvəllərində yaşayış olub. Bu ərazidən tapılan mixi yazılar e.ə. VIII-VII əsrlərə aid edilir və tikilinin tarixini dəqiqləşdirməyə imkan verir.
Tədqiqatçılar hesab edirlər ki, Oğlanqala dünya əhəmiyyətli mühüm arxeoloji abidədir və Azərbaycan, Qafqaz, habelə Orta Şərq tarixinin öyrənilməsi baxımından geniş imkanlar açır. Aşkarlanan tapıntılar Oğlanqalanın vaxtilə müstəqil dövlətin paytaxtı olduğunu göstərir. Arxeoloqlar onun qonşu dövlətlərlə əlaqələrini, ətrafında hansı yaşayış məskənlərinin olduğunu da araşdırmaq niyyətindədirlər.
Tədqiqat işləri avqustun sonunadək davam edəcək.