Təbiətin qədim Azərbaycan torpağına bəxş etdiyi daha bir möcüzə - Yanardağ.
   
   
   Ona baxdıqca, seyr etdikcə, doymursan. Qədim dövrlərdən səyyahları heyrətləndirən, onları dərindən düşünməyə vadar edən bu möcüzə Abşeronun Məhəmmədi kəndinin qərbində yerləşir.
   Orta əsr mənbələrində Bakı od, alov püskürən şəhər kimi təsvir olunur. Qədim zamanlardan etibarən Bakının rəmzi hesab olunan üç yanar alov dili və dəniz simvolu da Yanardağın mövcudluğuna istinadən qəbul edilib.
   İslam dinindən əvvəl Yanardağ atəşpərəstlərin dini inanc, sitayiş yeri olub. Bu abidə ilə bağlı çoxlu əfsanə, rəvayət mövcuddur.
   Dağın arxa tərəfində başqa bir aləm var. Dağdan bir az aralıda, yəni 200 metr cənubda yerin altından zəif vulkan püskürür və ətrafa lillə qarışıq su səpələyir. Həmin vulkan suyu ilə bərabər yerdən çıxan kükürdlü qaza alışqan yaxınlaşdıranda, ani olaraq alovun yanmasını müşahidə etmək olar. Yerli sakinlər deyirlər ki, həmin vulkan suyu müalicəvi əhəmiyyət daşıyır, dəri xəstəliklərini müalicə etmək üçün ondan istifadə olunur.
   Digər möcüzə Yanardağın ən yüksək zirvəsində yerləşən «Qurd qapısı» adlı mağaradır. Deyilənlərə görə, vaxtilə burda canavarlar məskən saldığına görə, mağaranı belə adlandırıblar. Diqqətçəkən məqam mağaranın divarlarında qədim sənətkarlar tərəfindən yaradılan naxışlardır. Bu izlər sübut edir ki, vaxtilə mağara həm də qədim insanların yaşayış məskəni olub.
   Yanardağın yuxarı ərazisinin hündürlüyü 116 metrə çatdığına görə Abşeronda ən hündür yer hesab olunur. Bura Xəzər dənizi səviyyəsindən 86 metr yüksəklikdədir. Yanardağ Qafqaz sıra dağlarının son zirvələrindən biridir.
   Abidənin ətrafında yanan alov əvvəlki illərdən fəqli olaraq sanki azacıq səmtini dəyişib. Alov 10-15 metr hündürlüyədək qalxır. Qış fəslində alovun şöləsi daha aydın görünür.
   Hazırda Yanardağ ərazisi qorunan tarixi abidələrimiz sırasına daxil edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında 2 may 2007-ci ildə sərəncam imzalayıb. Sərəncama müvafiq olaraq, Yanardağ tarixi abidəsinin qorunması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub.
   Abidə milli qoruq elan edildikdən sonra Hindistan, Pakistan, Almaniya, İngiltərə, Yaponiya, Koreya, Norveç, İsveç və başqa ölkələrdən gələn turistlərin böyük marağına səbəb olur və dövlətin göstərdiyi diqqətin nəticəsi olaraq turistlərin sayı getdikcə artır.







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar